Həsən Kərimov: «Biz bundan sonra da aksiyalarımızı təyin etdiyimiz məkanlarda keçirəcəyik»
Gülağa Aslanlı: «Bu cəmiyyəti qarşıdurmaya sürükləyir və vətəndaşlar külli miqdarda cərimə ödəməkdənsə həbsə düşməyi üstün tutacaqlar»
Milli Məclisin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna ciddi dəyişikliklər edərək bu qanunu daha da sərtləşdirəcəyi gözlənilir. Belə ki, “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna ediləcək dəyişikliklərdə narahatlıq doğuran əsasən icazəsiz aksiyalarda iştirak edənlərə tətbiq olunan maddi cərimənin miqdarının qaldırılmasından ibarətdir. Qanun qüvvəyə minərsə, ölkədə icazəsiz keçirilən mitinq və aksiya iştirakçıları külli miqdarda cərimələnəcəklər.
Ekspertlərin fikrincə, prezident seçkisi ərəfəsində belə bir addımın atılması təsadüfi deyil və bu, aksiyalarda iştirak edən vətəndaşları bu addımdan çəkindirməyə xidmət edir. Belə ki, aksiyalarda iştirak edənlərin əksəriyyəti ciddi sosial problemlərlə üz-üzə olan vətəndaşlarımızdır.
Bəs belə bir qadağanın tətbiq olunması müxalifət partiyalarını sərbəst toplaşmaq hüququndan yararlanmaqdan çəkindirə bilərmi?
AXCP Ali Məclisinin sədri Həsən Kərimovun sözlərinə görə, hakimiyyətin niyyəti Konstitusiyaya zidd bir addımdır. Hakimiyyətin sərbəst toplaşmaq azadlığı haqqında qanunu daha mürtəceləşdirməklə ölkədə zora söykənən sabitliyi saxlamağa çalışdığını deyən H.Kərimov vurğuladı ki, əslində iqtidar aksiyaların keçirilməsi üçün icazə alınması terminini siyasi leksikona gətirməklə ali qanunu pozur. Çünki Konstitusiyada aksiyanın keçirilməsi ilə bağlı müvafiq orqanlara sadəcə xəbərdarlıq edilməsi gərəkdir: “Hakimiyyətin bu cür addımları əhalinin gözünü qorxuda bilməz. Hakimiyyət cəmiyyətdə dayaqlarını çoxdan itirib. Ona görə öz müdafiəsi üçün müəyyən profilaktik tədbirlər görür. Hakimiyyət gözəl bilir ki, prezident seçkiləri ərəfəsində Azərbaycanda kütləvi siyasi aksiyalar başlayacaq. Bizi bu cür qadağalar qorxutmur. Biz təyin etdiyimiz məkanlarda qanunun bizə imkan verdiyi formada aksiyalarımızı keçirəcəyik”.
Müsavat başqanının müavini Gülağa Aslanlı bildirdi ki, hakimiyyət bu niyyətini ortaya qoymaqla bir daha avtoritar xarakterli olduğunu nümayiş etdirir. Bir müddət əvvəl oxşar düzəlişin Rusiyada qəbul olunduğunu deyən G.Aslanlı vurğuladı ki, hakimiyyət Rusiya modelini seçməklə qarşıdan gələn seçkiləri hansı atmosferdə keçirmək niyyətini ortaya qoyur: “Hakimiyyət bu addımı ilə müxalifətçiləri qorxutmağa çalışır. Amma bu cəmiyyəti daha çox qarşıdurmaya sürükləyir. Çünki artıq vətəndaşlar külli miqdarda cərimə ödəməkdənsə, həbsə düşməyi üstün tutacaqlar”.
Xəyal