Xalqla toqquşmadan heç bir rejim qalib çıxmayıb

Rafiq Manaflı

Konsensus və konflikt kommunikasiyanın iki formasıdır ki, siyasi proseslər bu formalar çərçivəsində cərəyan edir. İstənilən cəmiyyətdə siyasi konfliktdən qaçmaq mümkün deyil. Amma əgər konsensus yoxdursa konfliktlərin artan xəttlə davam etməsi, bütün sahələri öz orbitinə cəlb edərək genişlənməsi qaçılmazdır.
Azərbaycanda düşüncəyə yerləşməyən səriştəsiz, namərd, nadürüst idarəçilik ölkəni qaynar qazana döndərib. Bir tərəfdən sosial sahədə işsizlik, pensiyaların nəinki aşağı olması, hətta insanların pensiya hüququna qanuni səddlər çəkilməsi, səhiyyənin millətimizə qənim kəsilməsi, gənclərin təhsil, iş problemləri, uşaqlarımızın uşaq pulundan məhrum edilməsi, digər tərəfdən siyasi sahədə seçim, azadlıq, yaşam hüququnun məhv edilməsi, Nardaran, Gəncə, Tərtər vəhşilikləri Azərbaycanda yaşayan hər bir adama toxunub.
Ölkədə maraqları, hüquqları və azadlıqları tapdanmayan bir qrup, sinif, zümrə qalmayıb. Bütün sahələri əhatə edən bu narazılıqlar üst-üstə toplanaraq ümumi, inteqral bir narazılıq yaradıb ki, bunun da adı Xalqın narazılığıdır. Bu gün Azərbaycanda baş alıb gedən siyasi konfliktin iştirakçıları bir tərəfdən ölkəni idarə edən quldur rejim, digər tərəfdən xalqdır. Və ölkədə bir məmur, bir məmurcuq yoxdur ki, bu alova bir ovuc su atsın.
Məsələn, Əli Əhmədov müxalifətin xeyriyyə marafonundan sonra silahlı qüvvələrə yardım fonduna kömək marafonu təklif edir. Sözüm onda deyil ki, bu kompaniya geniş vüsat alacaqsa onsuz da həmin vəsaitlərin böyük hissəsi offşorlara axacaq və təşəbbüskar kimi Əli Əhmədova 800 min avroluq olmasa da bir 400 min avroluq diş düzəltdirəcəklər. Sözüm ondadır ki, niyyət xoş deyil. Həmin fond 20 ildir durmuşdu orda, Əli Əhmədovun heç yadına da düşmürdü. Məhz bizim xeyriyyə marafonundan sonra yardıma start verilməsi qarşıdurma niyyətlidir.
Və yaxud, qoluna 2 milyonluq saat taxıb çimməyə gedən məmur oğluna “bəsdirin” deməyə duxu çatmayan Aydın Girzəzadənin “Əli Kərimlini durdurmaq lazımdır” deməsi oda benzin tökməkdir. Əli Kərimli kütləvi narazılığın ifadəçisidir, onu durdurmaqla xalqla konfliktimi durduracaqsan?
Bu gün Milli Şura ölkədə gərginliyin sivil yolla, islahatlarla boşalması uğrunda mübarizə aparan yeganə qurumdur. Özünə müxalifətçi deyib susanlar ya ölkədəki ziddiyyətlərin mahiyyətini anlamırlar, ya da suların bulanmasını gözləyən, bulanıq suda simalarının görünməyəcəyinə ümid edənlərdir. İlham Əliyev və onun rejimi Milli Şuranı sıradan çıxarmaqla gərginliyin boşalacağına ümid edirlərsə, ciddi səhvə yol verirlər. Çünki bu gərginliyin mənbəyi Milli Şura deyil, rejim özüdür.
İstər Milli Şura ilə, istər Milli Şurasız xalqla bütün səviyyələrdə geniş miqyaslı konflikt yerindədir. Əgər konsensus yoxdursa belə konfliktlərin həlli onun dərinləşməsindən, böhran həddinə çatmasından keçir. Və bu böhran yalnız qarşılıqlı toqquşmalarla boşalır.
Xalqla toqquşmadan isə hələ heç bir rejim qalib çıxmayıb.