Mərdanov Neft Məktəbindəki görüşə niyə dəvət almayıb?

Yeni fəaliyyətə başlamış Bakı Ali Neft Məktəbində (BANM) tanışlıq məqsədilə oktyabrın 24-də görüş keçirilib. Bu barədə Lent.az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, ombudsman Elmira Süleymanova və başqa rəsmi şəxslər iştirak edib. Əldə etdiyimiz məlumata görə, təhsil naziri Misir Mərdanov bu görüşə dəvət olunmayıb. Ümumiyyətlə, təhsil nazirinin rəsmi məktəb və bağça açılışlarına dəvət olunmaması artıq “ənənə” halını alıb. Dərs ili öncəsi yeni istifadəyə verilən təhsil ocaqlarının açılışında, başqa nazirlərin iştirak etməsinə baxmayaraq, təhsil naziri Misir Mərdanovun görünməməsi ictimaiyyət arasında müxtəlif söz-söhbətlərə səbəb olub. Bu məsələ ilə bağlı müraciət etdiyimiz ekspert yarıciddi, yarızarafat belə dedi: “Uzun illərin müşahidəsi nəticəsində yəqin, yuxarılarda belə bir fikir formalaşıb ki, Misir müəllimin ayağı dəyən yerdə təhsil olmur. Elə buna görə də onu yeni təhsil müəssisələrinin açılışına dəvət etmirlər”.
Informasiya şöbəsi