Şekspirə aid ən məşhur sitatlar hansılardır?

Dörd yüz il əvvəl yazılsalar da, Uilyam Şekspirin əsərləri zamana baş əymir. Avon Şairinin (“Bard of Avon” – Stratford-upon-Avon şəhərində doğulduğuna görə, Şekspiri bəzən belə adlandırırdılar) hər zaman aktual, hər şeyi əhatələyən mövzular vasitəsilə universal insan duyğularını poetik ifadə bacarığı sayəsində, bu gün də çoxları onun əsərlərini çağdaş hesab edir.

Faktiki olaraq, insanlar bunun fərqində olsalar da, olmasalar da, Şekspirin misraları məktəblərin ingilis dili tədris edilən otaqlarından çox uzaqda yaşayır. Onun tərəfindən yaradılmış və ya, ən azından, məşhurlaşdırılmış saysız-hesabsız cümlələr, ifadələr var. Bu ifadələr insanların gündəlik leksikonunda elə kök salıb ki, əksəriyyət bunların əslinin haradan gəldiyindən xəbərsizdir. Sadəcə, bir neçə nümunə: “sevginin gözləri kordur” (“love is blind” – “Venesiya taciri” ), “aradakı buzu qırmaq” (“brake the ice” – “Höcət qızın ram edilməsi”), “əvvəldən sonuna qədər hər şey” (“Be-all and end-all”: mütləq əhəmiyyət, bir nəsnənin əvvəlindən sonuna qədər önəmli olan xüsusiyyət, bir işi əvvəlindən sonuna qədər davam etmək – “Makbet”), “vəhşi qaz ovu” (“wild-goose chase”: əlçatmaz bir şeyi ümidsizcəsinə təqib etmək – “Romeo və Culyetta”).

Şekspirin uzun ifadə və sitatları onun faciə və komediyalarının səhifələrindən kənarda yaşamağa davam edir. Pop-kulturada geniş istinad olunur, posterlərdə şüar kimi yazılır, hətta tattularda istifadə edilir. (Aktrisa Meqan Foksun çiynində “Kral Lir”-dən bir cümlə yazılıb: “We will all laugh at gilded butterflies” (“Biz hamımız qızıla bürünmüş kəpənəklərə güləcəyik” – Kəpənəklər qızıla bürünsələr, daha gözəl görünərlər, lakin kəpənək çox yüngül olduğuna görə qızıl onu uçmağa qoymaz, məhv edər. Anlamı: qızıla bürünməyən insanlar qızıla bürünüb məhv olanlara baxaraq güləcək.)

Aşağıda Şekspirin əsərlərindən on ən məşhur sitat təqdim olunur:

1. Olmaq, ya da olmamaq: budur bütün məsələ.

Zehində dözməkmi gözəldir

Zalım taleyin oxlarına və kəməndlərinə,

Yoxsa, əzablar dənizinə qarşı gələrək,

Və savaşaraq onları bitirməkmi daha gözəl?

Ölmək: Yatmaq sadəcə…”

“Hamlet”, III pərdə, I səhnə

Şahzadə Hamletin bu monoloquna, xüsusilə də, birinci misraya müasir pop-kulturada çox geniş istinad edilib. “Məsələ” (“the question”) sözü müxtəlif situasiyalara müxtəlif formalarda tətbiq edilə bilər, lakin başlanğıc anlamı ilə bu nitq insan varlığının lehinə və əleyhinə olan düşüncələr haqqında dərin daxili fəlsəfi debatın bir parçasıdır.

2. “Ən önəmlisi özünə qarşı dürüst olmaqdır

Və o zaman gecənin gündüzü izlədiyi kimi,

Riyakar ola bilməzsən kimsəyə qarşı.”

“Hamlet”, I pərdə, III səhnə.

“Hamlet” əsərində Polonius tərəfindən cürətləndirmək məqsədilə söylənilən bu misralar, bir insanın dilemma ilə üzləşdiyi zaman öz dəyərlərinə sadiq olması kimi universal bir mövzu olduğuna görə, nəsillər boyunca aktual olaraq qalmışdır.

3. “Qorxaqlar ölümdən öncə,

ölürlər dəfələrlə;

Cəsurlar ölərlər yalnız bir dəfə”

“Yuli Sezar”, II pərdə, II səhnə.

Ölüm metaforasını istifadə etməklə, Roma imperatoru özünün tezliklə ölə biləcəyinə dair arvadı Kalpurniyanın qorxularını azaltmağa çalışır. Bu, “daxildə ölmək”, qaçılmaz sonla bağlı qorxularla həyatı hədər etmək əvəzinə cəsarətə çağırışdır.

4. “İnsan ağasıdır bəzən öz taleyinin,

Günah, əziz Brut, ulduzlarımızda deyil,

Öz içimizdədir, və biz zəif varlıqlarıq.”

“Yuli Sezar”, I pərdə, II səhnə.

Kasius bu nitqi Brutu dostu Sezara qarşı hazırlanan sui-qəsdə qoşulması üçün dilə tutarkən söyləyir. O bu sözlərlə, insanların öz talelərini idarə edə biləcəyini və insan taleyinin öncədən hansısa ilahi qüvvə tərəfindən müəyyən edilmədiyini söyləmək istəyir. “Et tu, Brute?”, latınca “Sən də, Brut?” anlamını verən bu ifadə də insanın sevdiyi birisi tərəfindən gözlənilmədən xəyanətə uğramasını bildirir.

5. “Ad nədir ki? Qızılgül dediyimiz nəsnə,

Başqa sözlə adlansaydı, şirin qoxardı yenə.”

“Romeo və Cülyetta”, II pərdə, II səhnə.

Şekspirin “ulduzları kəsişmiş sevgililər” haqqında faciəsində Cülyettanın dilindən deyilən bu sözlər, Romeo və Cülyettanın düşmən ailələrinin və soyadlarının (Montekki və Kapuletti) onların kimliklərini müəyyən etmədiyini və sevgilərinin inkar edilməsi üçün səbəb olmadığını ifadə edir. Cülyetta nəsnələrə verilən adların sadəcə hərf yığını olduğunu və bir nəsnənin adının dəyişməsinin onun mahiyyətini dəyişmədiyini söyləyir.

6.“Gecən xeyrə, gecən xeyrə!

Ayrılıq necə də şirin bir kədər,

Sənlə vidalaşardım səhərə qədər.”

“Romeo və Cülyetta”, II pərdə, II səhnə

“Romeo və Cülyetta”nın məşhur eyvan səhnəsində Cülyetta bu sözləri Romeo ilə xudahafizləşərkən deyir. Bir insanın sevdiyi insana “Xudahafiz” söyləməsinin kədərini, həm də növbəti dəfə bir-birilərini görmək düşüncəsinin “şirin” həyəcanını göstərir.

7. Bütün dünya bir səhnədir,

Kişilər və qadınlar da, oyunçudur sadəcə,

Hər kəsin öz çıxışı var, girişi var səhnəyə

Bir insan öz zamanında, oynayır çox hissəni.

“Siz necə istəyirsinizsə”, II pərdə, VII səhnə

Bu on yeddinci əsr komediyasında Jak tərəfindən deyilən və tez-tez sitat gətirilən yuxarıdakı parçanın anlamı odur ki, həyat, bir teatr tamaşası kimi, ssenariyə, pyesə uyğun yaşanır və müxtəlif səhnələrdə insanlar öz rollarını oynayırlar.

8. “Soyğuna uğrayan gülürsə əgər,

Bir şey oğurlayır oğrudan, demək. “

“Otello”, I pərdə, III səhnə.

“Əzaba sinə gərmək” ifadəsi kimi (ing: “grin and bear it”), Venesiya hersoqunun dilindən deyilən bu ifadələr də, bir insanın, ona edilən yanlışlara qarşı riayət etməli olduğu tövsiyə kimi səslənir. Anlamı budur ki, insan dilxor olduğunu, kədərli olduğunu biruzə vermədiyi zaman, qarşısında dayanan günahkarın məmnunluq duyğusunu əlindən alır.

9. “Çətindir daşımaq tac geymiş başı”.

“Kral IV Henri”, III pərdə, I səhnə.

Bəzən “Tac geymiş baş ağırdır” kimi yazılan Kral IV Henrinin bu dialoqu, böyük məsuliyyəti və çətin qərarlar öhdəliyi olan liderlərin böyük çətinliklər yaşadığını ifadə edir.

10. “Hər parıldayan qızıl deyil”“Venesiya taciri”, II pərdə, VII səhnə

.On altıncı əsr pyesindən götürülmüş bu sitat görüntünün bəzən aldadıcı olması haqqındadır. Şekspir orijinal variantda “parıldayan” anlamına gələn “glitter” sözünün antik sinonimi olan “glister” sözünü istifadə edib.

Bilge.az