Müsavat başqanı Isa Qəmbərə qarşı kimlərsə danışmaq xəyalına düşsə, yəqin ki, artıq uzun müddətdir arqument kimi istifadə etdikləri “cəsarətsizlik” ittihamlarını səsləndirməkdən, ən azı, bir addım geri duracaqlar: oğlu Turqut bəyin nümunəsinə görə.
Əlbəttə, Turqut bəy Əbülfəz Qurbanlıdan, Tural Abbaslıdan, Təzəxan Mirələmlidən, Əhəd Məmmədlidən… – inzibati həbs cəzası alan “13-lər”in və ümumiyyətlə, haqsızlıqla, ədalətsizliklə barışmayan ləyaqətli insanların heç birindən – artıq deyil, amma əskik olmadığını da təkcə oktyabrın 20-də keçirilən aksiyada yox, həm də daha əvvəllər dəfələrlə sübut edib.
Turqut – hakimiyyətin hədələrinə və “qeyri-qanuni aksiyaya” görə həbs təhdidlərinə əhəmiyyət verməyib, azadlıq uğrunda meydana çıxan həmyaşıdlarından bu mitinqdə yalnız bir məqama görə fərqləndi: Anasının ad günündə iştirak etməməyi göz altına almaqla.
Ana müqəddəsdir, – birmənalı! Turqut isə Azadlığın ad gününə Ananın ad günündən daha artıq önəm verməklə həm Anasının, həm də Haqqın qarşısında borcunu ödəməkdədir.
Vicdanlı hərəkətdir, öyünüləsi nümunədir.
Isa bəyin canı və qanı ilə ölkənin demokratikləşməsinə çalışdığına, mübarizəsinin səmimiyyətinə kimsə şübhə etməz daha: bir ailə başçısı kimi verdiyi tərbiyə, əqidə, əxlaq göz önündədir; səhhətinin imkan verməməsinə baxmayaraq, övladı əsgərliyə aparılanda da hay-küy salmadı, geri qayıdanda da bunu sıradan bir hadisə kimi qarşıladı – “xalxın balası necə, mənimki də elə” misalı!..
Amma belə olmamalıydı, mübarizə məsuliyyəti atalardan oğullara keçməməliydi: Turqut (Əbülfəz, Tural, Əhəd, Ülvi, Rüfət…) öz gənclik illərini tiraniya ilə mübarizəyə, azad cəmiyyət uğrunda fədakarlığa, mafiozlarla savaşa həsr etməməliydi; aşıb-daşan enerjisini repressiya maşınının sındırılmasına yönəltməməliydi; illəri – yalnız azadlıq istədiyinə görə – rejimin sərt məngənəsində göyə sovrulmamalı, günləri (ayları) həbsxana divarlarına yazılmamalıydı.
Oğru həyətə girər, evə girər, “maddi zir-zibildən” nələrisə götürüb, çıxıb gedər. Amma Azərbaycana hakim kəsilən oğrular təkcə ölkənin yeraltı-yerüstü sərvətlərini talamırlar, körpünü, asfaltı, dəmiri, çınqılı gəmirmirlər, millətin qanını Bakı-Ceyhana doldurub satmırlar, torpağını torba-torba daşımırlar, həm də dünənimizi qapazlayırlar, bugünümüzü əlimizdən alırlar, ömrümüzün, həyatımızın ən gözəl illərini oğurlayırlar.
Hamıya, hər birimizə aid olsa da, bu məqamda konkretləşdirək: illərdir Isa Qəmbərin həyətinə yox, həyatına girən oğru onun ömrünü çırpışdırandan sonra indi də balalarına keçib; onların ömrünü saat-saat, gün-gün, həftə-həftə, il-il və ilmə-ilmə sökməklə, dağıtmaqla məşğuldur.
Kim çıxarmalıdır onları həyatımızdan? Kim bu oğruları dayandırmalıdır? Ümumiyyətlə, kim onları buraxıb ömrümüzə?
Oğruları Turqutların ömrünə, həyatına daraşdıranlar – sənsən, mənəm və… Isa bəydir! Amma…
Bu gün Qurban bayramıdır: atası Ibrahimin Haqqa verdiyi vədi yerinə yetirməsi və tərəddüd günahından qurtulması üçün boynunu bıçağın altına qoyan Ismayılın şərəfinədir bu gün.
Deyəsən, övladını Haqq və Ədalətə verənlərin bu bayrama daha çox haqqı çatır, axı!..
Bizim günahımızı çiyinlərinə alan və bircə dəfə də olsun, üzümüzə vurmayan, kimsəni təqsirkar görməyən, yaşadıqlarını tale sınağı və alın yazısı kimi qəbul edən, heç bir təmənna güdməyən, səmimi şəkildə haqq savaşına qalxan və bu müqəddəs günlərdə Haqqın yanında olduqlarına görə doğmalarının yanında ola bilməyənlərin hər birinin… və belə övladlar yetişdirən ailələrin Qurban Bayramını təbrik edirəm.

İsa Qəmbərin «günahı»
•