Mingəçevirdə intihara cəhd edən aprel döyüşçü öldü(yeniləndi)

Onun şəhərin icra başçısıyla qohum olduğu iddia edilir

Aprel döyüşçüsü İmamverdi İsmayılov bu gün günorta saatlarında xəstəxanada dünyasını dəyişib.

Ötən gecə orta yaşlı bir kişinin Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində üzərinə benzin tökərək özünü yandırması barədə xəbər vermişdik. Şahidlərin azadliq.info-ya bildirdiyinə görə, epilepsiya (qıcolma) xəstəsi olan övladını xəstəxanaya gətirən orta yaşlı atanın özünü yandırmasına Elxan adlı həkimlə və xəstəxananın mühafizəçiləri ilə dartışması səbəb olub. İlkin iddialara görə, ata uşağının durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. Belə ki, o, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Azadliq.info-ya baş vermiş hadisənin bəzi təfərrüatları məlum olub. Belə ki, özünü yandıran şəxs şəhər sakini, aprel döyüşlərinin iştirakçısı olmuş İmamverdi İsmayılovdur. İ.İsmayılov 4 yaşlı övladı Səxavət İsmayılovu keçirdiyi epilepsiya səbəbindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının “Acil” şöbəsinə gətirib. Lakin burada tibbi personalın saymazyana və etinasız münasibətiylə qarşılaşıb. Buna etiraz edən İ.İsmayılovla xəstəxananın Elxan adlı həkimi arasında mübahisə yaranıb. İddialara görə, bundan sonra xəstəxananın mühafizəçiləri ona zor tətbiq ediblər. Qarşılaşdığı durumdan ağır psixoloji sarsıntı keçirən İmamverdi İsmaylılov üzərinə benzin tökərək özünə qəsd edib. Bu zaman onu söndürməyə çalışan atası Səxavət İsmayılov da müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hazırda reanimasiya şöbəsində olan İ.İsmayılovun vəziyyətinin ağır olduğu, bədəninin 60 faizinin yandığı bildirirlir.

Yaxınlarının sözlərinə görə, özünə qəsd etmiş İmamverdi İsmayılov övladının xəstəliyi ilə əlaqədar dəfələrlə Mingəçevir xəstəxanasına müraciət etsə də, heç bir nəticəyə nail ola bilməyib.

Maraqlıdır ki, İ.İsmayılov hadisədən bir necə saat öncə özünün facebook səhifəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərovun əməllərindən bezdiyini ifadə edən bir status paylaşıb.

Əldə etdiyimiz, lakin dəqiqləşdirilməmiş digər bir məlumata görə, intihara cəhd etmiş İmamverdi İsmayılov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun qohumudur.

Baş vermiş hadisəylə bağlı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından mövqe öyrənmək cəhdlərimiz baş tutmayıb.

Azər