Azərbaycan məmurları dəbdəbəli avtmobilləri ilə hamını geridə qoyub
Azərbaycanda məmurlar üzərlərinə düşən öhdəlikdən çox öz rifahları barədə düşünürlər. Hakimiyyət də ilk növbədə onların rahatlığını təmin edəcək addımlar atır. Bu günlərdə parlamentin komitə sədrlərinə 100 minlik “Mercedes E-Class” markalı maşınların paylanması da bu qəbildən olan addımdı. Qeyd edək ki, parlamentdə 11 komitə sədri var. Onların əvvəlki xidməti avtomobilləri “Nissan Maxima” olub. Həmin avtomobillər 7 il əvvəl alınıb və artıq istifadə müddəti başa çatıb.
Ümumilikdə ölkədə xidməti avtomobillərin alınmasına külli miqdarda pul xərcləndiyi məlumdur. Komitə sədrlərinin maşınlarından əlavə son 5 ildə xidməti avtomobillərin alınmasına 400 mln manatdan artıq vəsait xərclənib. Məmurların avtomobillərinin qiyməti 80 mindən 200 min avroyadək dəyişir. Hətta araşdırmalar göstərir ki, avtomobillərə xərclənən vəsaitlər bir çox digər vacib sahələrə ayrılan vəsaitdən çoxdur. Təkcə 2011-ci ildə büdcə təşkitlatlarının nəqliyyat vasitələrinin alınması üçün 34,3 mln manat xərclənib. Müqayisə üçün deyək ki, həmin il tələbələrin təqaüdlərinin verilməsinə 22,8 mln manat ayrılıb. 2012-ci ildə avtomobillər üçün 28,5 mln manat ayrıldığı halda, təqaüdlərə cəmi 25,3 mln manat xərclənib. 2007-ci ildə büdcədən dərman vasitələrinin alınmasına, xəstəxanaların dərmanla təminatına 59,5 mln manat, nəqliyyat vasitələrinin alınmasına isə 86,4 mln manat sərf olunub.
Estoniya məmurları avtomobilləri icarəyə götürür
Azərbaycandan fərqli olaraq başqa ölkələrdə xidməti avtomobillərin alınmasına böyük vəsait xərclənmir və qanunvericilikdə onların istismar müddəti göstərilir. Məsələn, Türkiyədə hər il büdcə müzakirə olunanda nazirliklər üçün alınan maşınlar və onların ehtimal olunan qiyməti müzakirə olunur. Estoniya təcrübəsində məmurlar maşını 5 ildən artıq minmir. Çünki 5 ildən artıq maşın beynəlxalq təcrübədə köhnə sayılır. Köhnə maşın isə təhlükəsizlik baxımından məmurların minməsi üçün yararlı deyil. Tez-tez maşın almaq təcrübəsi artıq xərc yaratdığından Estoniyada kirayə maşınlardan istifadə edirlər. Ildə 5-6 min dollar xərc çəkib hər hansı şirkətdən sürücü ilə birlikdə maşın icarəyə götürülür. Estoniyada 10 ildə bu məqsəd üçün ən çoxu 50-60 min dollar xərclənir. Azərbaycanda isə 5 ildən bir maşın dəyişəndə 10 ilə bir məmura 200 min avrodan çox xərclənir.
Apardığımız araşdırma başqa ölkələrdə də bu sahədə vəziyyətin fərqli olduğunu ortaya çıxarır. Iqtisadi inkişaf baxımından Azərbaycandan xeyli güclü olan dövlətlər avtomobillərə ölkəmizdən az vəsait xərcləyir.
Gürcü məmurlar 15 min avroluq maşın sürür
Məsələn, Gürcüstanda heç bir məmur 15 min avro dəyərindən yuxarı xidməti avtomobilə minə bilməz. Iki il əvvəl isə Tbilisi meriyasının sərəncamında olan avtmobillərin əksəriyyəti hərracda satıldı və əldə edilən vəsait şəhərin büdcəsinə daxil oldu.
Son illər Rusiyada da məmurların xidməti avtomobillərinin qiymətinə məhdudiyyət qoyulub. Bu ölkədə hər hansı məmur 2 mln rub, yəni 68 min dollardan bahalı avtomobildən istifadə edə bilməz. Əgər hansısa məmura daha bahalı avtomobil lazım olsa, bunun üçün Federal hökumətin sərəncamı olmalıdır.
Qırğızıstanda məmurlara 16 min dollardan bahalı avtomobillərdən istifadə etmək qadağandır. Istisna yalnız baş nazirə edilə bilər.
ABŞ və Çin məmurları 20 min dollardan baha maşın sürə bilməz
Eyni qayda Çində də mövcuddur. Bu ölkədə məmurlar 20 min avrodan bahalı avtomobil istifadə edə bilməz. Avtomobilin mühərrikinin həcmi də 1,8 litrdən artıq ola bilməz. Həmçinin bu ölkədə məmurlar yalnız yerli istehsal olan avtomobillərdən istifadə etməlidir.
Italiyada da məmurlar yalnız yerli istehsal olan avtomobillərdən istifadə edir. Fransada da vəziyyət eynidir. Ölkə başçısı daxil olmaqla bütün məmurlar yerli istehsaldan olan avtomobillərdən istifadə etməlidir.
Dünyanın ən qüdrətli ölkəsi olan ABŞ-da da məmurlara mühərrikin həcmi böyük olan avtomobillərdən istifadə qadağan edilib. Bu ölkədə məmurlar kompakt qənaətcil avtmobillərdən istifadə edir. Həmçinin avtomobillərin qiymətilə bağlı da məhdudiyyət var. Belə ki, prezident istisna olmaqla başqa məmurların istifadəsində olan avtomobilin qiyməti 20 min dolları ötməməlidir. Həmçinin heç bir məmur istirahət günlərində xidməti avtmobillərdən istifadə edə bilməz. Əgər belə etsələr, bunu öz ciblərindən ödəmələi olacaqlar. Bu ölkədə də əsas üstünlük yerli avtomobillərə verilir. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi ABŞ-da senator və konqresmenlərin xidməti avtomobilləri yoxdur.
Almaniyada da məmurlar yalnız yerli istehsal olan avtomobillərdən istifadə edə bilər. Bu ölkədə hətta federal kansler xidməti avtomobildən yalnız iş vaxtı yararlana bilər. O bu maşınla hətta evdən işə, işdən evə gedə bilməz. Əgər belə etsə, bunun üçün cibindən əlavə vəsait ödəməli olacaq. Almaniyada xidməti avtomobilin hərəkət qrafiki ilə bağlı da hökumətin xüsusi qərarı var. Əgər avtomobildən istifadə zamanı vaxt və pula qənaət edilmirsə, bu zaman məmur digər vasitədən istifadə etməlidir.
Danimarka və Yaponiya məmurları işə velosipedlə gedir
Danimarkada isə parlamentin spikeri başda olmaqla bütün deputatlar işə velosipedlə gəlir. Vleosipeddən istifadə edənlər arasında yapon məmurları da var. Yaponiyada isə, ümumiyyətlə, məmurlar xidməti maşınlardan istifadə etmir. Burda əsas məqsəd isə təbiətin mühafizəsidir.
Velosipedlə işə gedənlər arasında London meri də var. Nyu-York şəhərinin meri isə işə gedəndə ictimai nəqliyyatdan, daha doğrusu metrodan istifadə edir.
Yeri gəlmişkən, xatırladaq ki, bir neçə ay əvvəl Bakı meri Hacıbala Abutalıbovun xidməti avtomobilini dəyişməsi ilə bağlı məlumat yayıldı. Məlum oldu ki, onun istifadəsinə qiyməti 160 min avro olan son model 7-ci seriya BMW markalı avtomobil verilib.
Diqqət çəkən başqa bir məqam Azərbaycanda məmurların müxtəlif model avtomobillərdən istifadə etməsidir. Digər ölkələrdən fərqli olaraq bizdə məmurlar istədikləri avtomobil markasından istifadə edə bilər.
Fizzə