Sabiq deputatı himayə edənlər hakim partiyanı yerində oturtdu
YAP-çı deputat Siyavuş Novruzov artıq keçmiş həmkarı Gülər Əhmədova barədə danışmaq istəmədiklərini bildirib. O, “Gündəlik Teleqraf” qəzetinə müsahibəsində bu barədə bildirib. Siyavuş Novruzov Gülər Əhmədova barədə suala cavabında “o məsələ bitib. Bu barədə daha danışmaq istəmirik” deyib.
“Gülər Əhmədova olayı”nın ilk günlərində sabiq deputatı daha çox asıb-kəsənlərdən biri də Siyavuş Novruzov idi. O, hətta Gülər Əhmədova “ağzımı açdırmasınlar” hədəsinə də əhəmiyyət verməmişdi. Gülər Əhmədovanın nəsə danışmaq iqtidarında olmadığını aşağılayıcı tərzdə bildirmişdi. Bəs indi nə baş verdi?
Görünür, Gülər Əhmədovanı himayə edən qüvvələr Siyavuş Novruzovu və digər YAP-çıları yerində oturda bilib. Bu baxımdan onlar artıq bu məsələni bitmiş hesab edirlər. Əslində isə “Gülər Əhmədova olayı” onlar üçün bitməli deyil. Çünki dələduz adlandırdıqları, ünvanına hər cür təhqir səsləndirdikləri şəxs hələ YAP-da təmsil olunur.