Biz onun simasında Zərdabini ikinci dəfə itirdik

Milli Şuranın sədri Cəmil Həsənli 

Milləti diri saxlayan kişilərdən biri də bu dünyadan köçdü. Biz ondan yüz gözləyirdik, o, 95 yaşında bizdən ayrıldı. Amma canından əziz bildiyi, bütün varlığı ilə sevdiyi Cümhuriyyətin 100 illiyini gördü. Bəlkə də həyatda Şirməmməd müəllimin ən böyük arzusu da elə bu idi. Biz onun simasında Həsən bəy Zərdabini ikinci dəfə itirdik. Mənim üçün Şirməmməd müəllim böyük alim, böyük müəllim və böyük vətəndaş idi. Həmişə ustadi-əzəm deyə müraciət edirdim. Rəsuzadə irsinin millətin ruhuna hopmasında müstəsna xidməti oldu ustadı-əzəmin. Allah ona uzun ömür verdi və hələ heç kim Allahın verdiyi uzun ömürdən Şirməmməd müəllim kimi millət üçün, xalq üçün, milli yaddaş üçün belə səmərəli istifadə etməmişdi. İşıq axtarışında idi. Axtardığı işığı Rəsulzadədə tapmışdı. Məmməd Emin sevdalısı idi. Zərrə-zərrə böyük qurucunun irsini toplamaqla özü də millətin zərrəsinə çevrildi. Rəsulzadənin seçilmiş əsərlərinin İlk cildini 1992-ci ildə 5-ci cildi isə 2018-ci ildə nəşr etdi. Bu cildlərlə Rəsulzadəyə ilk qalıcı abidəni Şirməmməd Hüseynov qoydu. 15 il əvvəl “Milli haqq və ədalət axtarışında” kitabını nəşrə hazırlyanda ona ön söz yazmağı məndən rica etdi. “Mənəviyyat adamı” adlı qısa bir ön söz yazdım. Onun foto surətini aşağıda Sizlərə də təqdim edirəm.
Şirməmməd müəllim mübarizə adamı idi. Mən post-Stalin dövrü Azərbaycanında milli məsələni araşdıran zaman maraqlı bir məqam diqqətimi cəlb etdi. 1958-ci ildə Azərbaycan alimlərinin müəllifliyi ilə “Azərbaycan Kommunist Partiyasının tarixi” adlı kitab nəşr olunmuşdu. Moskva kitaba millətçilik damğası vurdu. Həmin ilin noyabrında Nikita Xruşşov Mərkəzi Komitənin ideologiya şöbəsinin müdiri Snastin başda olmaqla geniş bir heyəti Bakıya göndərdi ki, bu kitabın külünü göyə sovursunlar. Bakıdan Ali Partiya Məktəbinin professoru Pyotr Valuyev də onlara qoşuldu. Həmin araşdırmada Şirməmməd müəllimlə bağlı hissəni bu vida sözündə bir də xaırlatmaq istəyirəm. Orada deyilir: “Sonra söz Azərbaycan Dövlət Universitetinin gənc müəllimi, Moskva Dövlət Universitetində aspiranturanı bitirdikdən sonra Azərbaycan mətbuatı tarixi üzrə uğurla namizədlik dissertasiyası müdafiə edib Bakıya qayıtmış Şirməmməd Hüseynova verildi. O dedi: “Pyotr Valuyevin indiki çıxışından sonra partiya tarixi institutu tərəfindən yazılmış “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabına, onu hazırlayan kollektivə mənim hörmətim və məhəbbətim daha da artdı. Ona görə ki, uzun zaman Azərbaycan Kommunist Partiyasının tarixini yazmaq elə bir əllərə, elə adamlara tapşırılırdı ki, onlar Azərbaycanı tanımırdılar… Onlar Azərbaycan dilində olan ədəbiyyatı, materialları yaxşı oxumağı bacarmadıqları üçün Azərbaycanın özünəməxsus xüsusiyyətləri ilə əlaqədar olan bir sıra məsələləri də həll edə bilmirdilər… Kitabın ən yaxşı məziyyətlərindən biri də odur ki, burada “Hümmət” təşkilatının rolu doğrudan da əməlli-başlı geniş surətdə əks edilmişdir.” Şirməmməd Hüseynovun fikrincə, kitabın digər mühüm cəhəti Azərbaycanda bolşevik hərəkatı ilə yanaşı, inqilabi demokratik hərəkatı da əhatə etməsində idi. O deyirdi: “Məlumdur ki, Azərbaycanın mütərəqqi yazı¬çıları, inqilabçı demokratları Azərbaycanın müstəqilliyi uğrunda… mübarizə aparırdılar.” Kitabın girişində Azərbaycanın Rusiyaya birləşdirilməsinin mütərəqqi hadisə kimi dəyərləndirilməsinə toxunan Şirməmməd Hüseynov bildirdi: “Lakin biz bununla yanaşı Azərbaycan xalqının bu birləşmədən sonra öz milli istiqlaliyyəti uğrunda mübarizədən əl çəkdiyini söyləyə bilmərik. Kitabda Azərbaycanın ya Rusiya, ya da İranla birləşdirilməsi məsələsi qoyulur. Bununla əlaqədar belə bir sual meydana çıxır ki, məgər 6-7 milyonluq bir xalqın, onun qabaqcıl adamlarının Azərbaycanın milli istiqlaliyyətini bərpa etmək fikri olmamışdırmı?” Nəhayət, Şirməmməd Hüseynov öz çıxışında daha ciddi bir məsələyə toxundu. Bu, Azərbaycanın birləşdirilməsi məsələsi idi. O deyirdi: “Kitabda Cənubi Azərbaycanla Şimali Azərbaycan arasındakı inqilabi əlaqələrdən danışılmışdır. Ancaq bu məsələnin əsas məğzi – Azərbaycanın birləşdirilməsi uğrundakı mübarizə məsələsi məncə kölgədə buraxılmışdır. Bu məsələni ciddi qoymaq lazımdır.
Şirməmməd Hüseynovun bu məzmunda çıxışı Moskvadan gələnləri əməlli-başlı narahat etdi. Onun çıxışı haqqında dərhal Moskvaya məlumat göndərdilər. Sov.İKP MK-da Bakıda keçirilən müşavirənin stenoqramı ilə tanışlıqdan sonra təbliğat və təşviqat şöbəsinin müdiri V.Snastin bildirirdi: “Azərbaycan Dövlət Universitetinin müəllimi Şirməmməd Hüseynov deyir ki, kitabda Azərbaycanın ya Rusiyaya, ya da İrana birləşdirilməsi məsələsi qoyulur. Bəyəm Azərbaycanın öz müstəqil inkişaf yolu ola bilməzdi? Məsələni belə formada qoymaq nə dərəcədə doğrudur? Bəyəm fəhlə sinfi məsələləri belə həll edir, bəyəm bolşeviklər bu məsələləri belə həll edirdilər? Yoldaş Hüseynov isə məsələni fəhlə sinfinə, bolşeviklərə yaraşmyan formada qoyur.” (Bax: Jamil Hasan Khrushchev’s Thaw and National Identity in Soviet Azerbaijan, 1954-1959. The Harvard Cold War Studies Book Series. Lexington Books, Lanham, Boulder, New York, London, 2014, P.348)
Hər ziyanlı işdə də bir xeyir var. Biz Şirməmməd müəllimin bəzi xeyirli əməllərini vaxtı ilə onun haqqında yazılmış donoslardan öyrənirik. 52 il əvvəl, 1967-ci ilin sentyabr ayının 9-da Universitetin “alimlər qrupu” filologiya fakültəsinin dosenti Şirməmməd Hüseynovdan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə geniş bir anonim məktub yazmışdılar. Orada deyilirdi ki, o, Mərkəzi Komitənin və Nazirlər Sovetinin nüfuzunu tanımır, yoldaş Yelistratovun (həmin dövrdə Azərbaycan KP MK-nın ikinci katibi) göstərişlərini lağa qoyur.” Sonrakı məsələlər Sizlərə aydındır.
Bax belə bir yol keçib Şirməmməd müəllim. Mən onu əbədi bilirdim, heç vaxt onun haqqında vida sözü yazacağımı düşünmürdüm. Əslində, ölən cismidir, ruhu diridir və bu ruh millətin diriliyi üçün hələ çox “dirilərdən” daha çox diri olacaq. 1907-ci ildə Zərdabini dəfn edəndə Əhməd Ağaoğu əlini onun nəşinə uzadaraq belə müraciət etdi: Ey müqəddəs ruh! Əhməd bəyin həmin müraciəti bu gün dünyasın dəyişən Şirməmməd müəllimə də aiddir. Ruhun şad olsun ustadı-əzəm!