İntihara cəhd edən şikayətçidən qan donduran məktub

“Cənab prezident! Çox istərdim ki, dövlət məmurları mənə insani münasibət bəsləsin”

Xətai rayonu, Əhmədli qəs, Aşıq Ələsgər küç, ev.4, mən.20-də yaşayan Rəfiqə  Zeynalabdin qızı Adgözəlova prezident İlham Əliyevə yolladığı növbəti məktubun bir surətini də redaksiyamıza göndərib. O, müxtəlif dövlət qurumlarına yolladığı saysız şikayətlərin də bir hissəsini məktubuna əlavə edib. Şikayətçi yazır:Cənab prezident! Mən, dəfələrlə Sizə, baş mühasib işlədiyim Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin rəisi Cabbarov Canpolat Əli oğlunun 2.000.000 ( iki milyon) manatdan artıq pulu tikinti-təmir işləri adı ilə mənimsədiyini və Respublika Baş Prokurorluğunun bu cinayəti müxtəlif vasitələrlə ört-basdır etməsi barədə məlumat vermişdim.

Təəssüflər olsun ki, bütün ərizə-şikayətlərim prokurorluga göndərilir və onlar da heç bir araşdırma aparmadan mənə, məni təhqir edən cavablar verilir. Onlar 30-cu illərin SSRİ prokuroru Vışinskinin nəzəriyyəsini müstəqıl Azərbaycanda yeni məzmunda tətbiq edərək bildirirlər: “Oğru deyir ki, oğurladığını o oğurlamayıb”.

Rəfiqə Adıgözəlovanın əri təqaüddə olan polis zabiti Arif Adıgözəlovdur. O da, demək olar, eyni məzmunlu şikayət məktublarını dövlət qurumlarına yollayır. Onun bir neçə gün qabaq vəzifəsindən azad edilən keçmiş daxili işlər naziri Ramil Usubova yazdığı məktubdan bir parça: “Cənab Nazir, mən, Sizə 9 ildən artıq müddətdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində baş verən cinayətlər barədə və bu cinayətləri ört-basdır etmək məqsədilə həyat yoldaşım, həmin idarədə Baş mühasib vəzifəsində işləyən Adıgözəlova Rəfiqə Zeynalabdin qızını özünü öldürmə həddinə çatdırması və 04 aprel 2017 ci il tarixində onu, “20 yanvar” metrostansiyasında, özünü qatarın altına atmasına səbəb olan, göstərilən Mühafzəsi üzrə Polis İdarəsinin məsul vəzifəli şəxsləri barədə məlumat vermək istəyirəm.

Xoşbəxtlikdən, son anda, Adıgözəlova Rəfiqə, qatar relslərinin üzərinə tullanan anda, qatar onu perronda vurmuş və o sağ qalsa da, ağıır kəllə-beyin travması almışdir.

Uzun müddət xəstəxanada müalicə olunan Rəfiqə əvvəllər danışa bilməsə də, sonradan  hadisənin başvermə səbəbini izah etmişdir. İstər xəstəxanada müalicə olunarkən, istərsə də indi onun yanına işlədiyi idarədən bir nəfər də olsa vəzifəli şəxs gəlmədi, onun müalicəsi üçün əməli bir iş görmədi. Ölüm-dirimlə bu gün də mübarızə aparan həyat yoldaşımın bütün müalicə məsrəflərini mən çəkirəm.

Rəfiqə Adıgözəlova danışmağa başladıqdan sonra 9 ildən artıq müddətdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində davam edən cinayət əməllərinin bütün təfsilatını mənə anlatdı.

Cabbarov Canpolat Əli oğlu göstərilən idarəyə rəis təyin olunduqdan sonra, hər yarım illikdə, neft kəmərlərinin mühafizəsi ilə bağlı, tikinti-təmir işləri adı ilə tikinti şirkətləri ilə 120.000 manat məbləğində müqavilələr bağlamışdır. Heç bir tikinti-təmir işi aparılmadan həmin pullar götürülərək mənimsənilmişdir.

Tikinti-təmir işlərinin qanuniliyini göstərmək və ildə 240.000 manat pulu mənimsəmək məqsədilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində  komissiya yaradılmışdır. Komissiya qüsur aktları tərtib etmiş və bu aktları müvafiq təşkilatlara  göndərərək  razılıq alınmış, müvafiq qanunların prosedur qaydalarına  əməl olunmuşdur. Sonunda isə heç bir tikinti-təmir işi görülmədən ayrılmış pullar mənimsənilmişdir. Cəzasızlığını görən Cabbarov Canpolat 2017-ci ilin mart ayında 100.000 manatlıq tikinti-təmir işi aparılması məqsədilə tikinti şirkəti lə müqavilə bağlamışdır.

100.000 manatlıq pulun tikinti şirkətinə köçürməsi ilə əlaqədar vergi məmurları  Adıgözəlova Rəfiqəni  vergi idarəsinə dəvət edirlər. Məsələnin belə olduğunu görən Rəfiqə, bu qanunsuz pulköçürmə əməliyatından xəbəri olan Baş Mühafizə Polis İdarəsinin Maliyyə plan şöbəsinin rəisi Knyaz Məhərrəmova zəng vurur və vəziyyəti ona izah edir. Knyaz Məhərrəmov ona, vergilər idarəsində  heç kimin adını çəkməməyi, bütün qanunsuz işləri özünün elədiyini deməsini tapşırır.

Eyni zamanda məsələni o, idarə rəisi Cabbarov Canpolata bildirir. Rəis vəziyyəti nəzarətdə saxlamaq məqsədilə, vergi idarəsinə  onunla birlikdə idarənin şəxsi heyət üzrə müavini Nəcəfov Rəşidi də göndərir. Vergidə  onlara 100.000 manat pul köçürdikləri tikinti şirkəti və bağlanmış tikinti-təmir müqaviləsinin düzgün bağlanmaması barədə irad tutulur. Bildiriblər ki, onların müqavilə bağladıqları tikinti şirkətinin işci qüvvəsi yoxdur. Ayrılmış pulları təcili polis idarəsinin hesabına qaytarılmalıdır. Lakin Cabbarov Canpolat  bunun əksini edir. Pulları nağdlaşdıraraq mənimsəyir.

Baş mühasib Rəfiqə Adıgözəlova bunu bildikdən sonra, yenidən, təkrarən Knyaz Məhərrəmov və Canpolat Cabbarovla əlaqə saxlayır. Onlar Rəfiqəyə qorxmamağı, hər şeyi qısa müddətdə həll edəcəklərini bildirərək onu aldatmağa və sakitləşdirməyə çalışlrlar. Hər iki şəxsin də Rəfiqəyə tövsiyəsi bu olur ki, məsələ böyüsə o heç kimi satmasın, cinayəti boynuna götürsün. Qadın olduğu üçün ona az cəza verərlər. Bütün bunlardan sonra qorxu və stress vəziyyətinə düşən Rəfiqə özünün və ailəsinin adına ləkə gəlməsin deyə özünü öldürmək qərarına gəlir. Sonrakı hadisələrdəndə görünür ki, Canpolat Cabbarovun cinayətkar dəstəsinə Baş mühasibin ölməsi sərfəli imiş. Rəfiqənin ağır vəziyyətdə olduğunu və danışmaq qabilliyətinin olmamasını yəqin etdikləri andan onlar xəstə ilə bir daha maraqlanmadılar.

Bu barədə mənim Sizə etdiyim şikayətlərə isə Azərbaycan Respblikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyev imzaladığı 17.07.2017 ci il tarixli məktubda ilkin materialların düzgün tərtib olunması göstərilsə də 9 il ərzində tikinti şirkətlərinə köçürülmiş 2.000.000 ( iki milyon) manatdan çox pulun müqabilində hansı işlərin görülməsi barədə bircə kəlmə də yoxdur. Yəni  cənab Daşqın Mehdiyev Canpolat Cabbarovun və dəstəsinin küllü miqdarda pulu mənimsəməsini inkar etmir, əksinə, susması ilə bir daha təsdiqləyir.

Cənab nazir, inanıram ki, Azərbaycan Respblikası CM-si ilə nəzərdə tutulan Canpolat Cabbarov və onun cinayətkar dəstəsinin üzvləri törətdikləri ağır cinayət əməllərinə görə layiqli cəzalarrını alacaqlar”.

Ancaq bu məktuba da reaksiya olmur. Bundan başqa, Bakı Şəhər Prokurorluğuna, Yasamal Rayon Prokurorluğuna, Baş Prokurorluğa, Prezidentə, Azərbaycanda fəaliyyət göstərən səfirliklərdən bir neçəsinə (ABŞ, Türkiyə, Almaniya, Böyük Britaniya, Fransa) müraciət olunsa da, onlardan da cavab gəlmir.

Şikayətçi daha sonra yazır: “Cənab prezident, mənim məktublarım Sizə məruzə olunmadan prokurorluğa ğöndərilir. Baş Prokurorluq sifarişlə, ya da cox güman ki, şəxsi maraqlarına uyğun olaraq ədalətsiz qərar verir.

Cənab prezident! Çox istərdim ki, dövlət məmurları mənə insani münasibət bəsləsin. Sizdən isə xahiş edirəm ki, mənim şikayətimin ədalətli araşdırılması üçün müvafiq qrumlara göstəriş verəsiniz”.

Məktublar şöbəsi

Redaksiyadan: Şikayətdə adı çəkilən şəxsləri də dinləməyə hazırıq.