Dəyişikliklər hansı yolla gercəkləşməlidir?

( Yalnız seçki deyənlərin menyüsünə)

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı

Qapalı siyasi sistemlərdə islahatlar mümkün olmur. Çünki islahatın ilk şərti, qapalı sistemin demontaj olunması, cəmiyyətin tələblərinə açılmaqdır. Digər işlər bundan sonra gəlir.
Ona görədə İlham Əliyevdən islahat istəmək, əslində ondan başında durduğu hakimiyyəti təhvil verməsini istəmək kimi bir şeydir.
Qapalı siyasi sistemlər əsasən davamlı dinc kütləvi etiraz aksiyaları ilə dəyişdirilə bilirlər. Bu cür etiraz aksiyalarının səbəbləri sosial problemlər, hər hansı hadisənin cəmiyyətdə doğurduğu emosinal hiddət, müxalifətin çağırışları, seçki saxtakarlığı ilə barışmamaq və s. ola bilər. Seçkilər burada yalnız motivlərdən biridir. Və bir çox hallarda cəmiyyətin siyasi şüur səvyəsinə uyğun olaraq, sosial problemlər seçki saxtakarlığından daha çox narazılıq doğura bilirlər.
Ona görədə demokratik dəyişiklik uğrunda mübarizəyə bir proses kimi baxmaq lazımdır və bu prosesi yalnız seçki gününə bağlamaq strateji səhvdir. Bu cür yanaşma tərəfdarları cəmiyyətdəki sosial problemləri bir kənara qoyub, demokratik dəyişikliklər şansını 5 – 7 ildə bir olan seçkiyə bağlamaqla, əslində dəyişiklik şansını azaldırlar.
Halbuki, seçki prosesində insanların iştirakı və onların nəticələrə necə reaksiya verəcəyi də, seçkiyə qədər müxalifətin cəmiyyəti narahat edən sosial məsələləri gündəmə gətirərək ictimai rəyi etirazlara köklənməsidən, mitinqlər yolu ilə xalqı daha kütləvi və davamlı demokratik mübarizəyə hazırlanmasından çox aslıdır. “Biz seçkini gözləyirik” deyib, mitinqlərə ironiya etmək xalqın başının altına yastıq qoymaqdır və sonda da siyasi məsuliyyətdən yayınmaq üçün bəhanə tapmaq çətin olmayacaq. Məsələn deyilə bilər ki, “biz xalqı meydana çağırdıq ancaq çıxmadı”.
Bu üzdən də müxalifət platforması ideolojisindən və sosial təmsilçiliyidən aslı olmayaraq rejimə qarşı davamlı mübarizə prinsipi üzərində qurulmalıdır və hər bir imkandan istifadə edib dinc demokratik dəyişikliklərin qalıb gəlməsinə çalışılmalıdır. Müxalifətin vəzifəsi isə istər seçki olsun, istərsə də seçkiyə qədərki dövr, fərq etməz şəraiti dəyərləndirib xalqı səfərbər etməklə demokratik dəyişikliklər imkanı yaratmaqdır.