Əmək haqqı artımı hakimiyyətə münasibəti dəyişəcəkmi?

Fuad Qəhrəmanlı

İlham Əliyevin minimum əmək haqlarını və bəzi büdcə təşkilatlarında çalışanların əmək haqlarını artırması cəmiyyətdə hakimiyyətə münasibəti dəyisəcəkmi?
Büdcənin indikindən 2 dəfə çox, neft gəlirlərinin daha yüksək, bazarda qiymətlərin aşağı olduğu dönəmlərdə cəmiyyətin gözləntilərinə rəğmən, heç vaxt indiki kimi əmək haqqı artımına gedilməməsi bu addımı xalqın nəzərində gecikmiş qərara çevirir. Adamlar uzun illər ərzində hökumət milyardları mənasız korrupsiya layihələrinə xərcləyərək xalqı nəzərə almadığı halda, indi nədən əmək haqlarında artım qərarı verdiyini sormaqda haqlıdırlar.
Belə çıxır ki, hakimiyyət cəmiyyətdə artan aqressiv narazılığın qorxusundan, xalqı sakitləşdirmək üçün bu addımı atmağa məcbur olub. Çünki payızda müxalifətin hakimiyyətin razılıq verib verməsindən asılı olmayaraq kütləvi aksiyalara başlama ehtimalı 19 yanvar xofunu unuda bilməyən rejimi ciddi narahat edir.
Digər tərəfdən isə ehtimal etmək olar ki, növbədənkənar parlament seçkiləri keçirmək istəyən hakimiyyət,siyasi gərginliyi yatırmaq və seçkiləri saxtalaşdırmaq üçün güc strukturlarını və müəllimləri razı salmağa çalışır.
Bu ehtimallardan aslı olmayaraq bir şey aydındır ki, onsuzda ölkədə qiymətlərin indiki bahalaşması şəraitində, bu artım əhalinin güzəranında hiss olunacaq dəyişikliyə səbəb olmayacaq. Büdcə gəlirlərinin artmadığı bir şəraitdə büdcə təşkilatlarında çalışanların bir hissəsinin əmək haqqının artması, aydındır ki, özəl sektorda çalışanların gəlirlərində hər hansı artımla müşaiyət olunmayacaq. Bu səraitdə dövrüyyədə olan pul kütləsini artması, infilyasiyanı daha da gücləndirərərək bazarda qiymətlərin bahalaşmasına təsir göstərəcək və nəticədə artım prosesindən kənarda qalan əksəriyyətin narazılıqlarının kəskinləşməsinə yol açacaq. Bu sadəcə iddia deyil, iqtisadi geriləmənin yaratdığı reallıqdır. Faktlara nəzər salsaq görərik ki, son 4 il ərzində qtisadiyyatda xarici sərmayənin payı 2 dəfədən də çox azalaraq 68%- dən 31% düsüb. İxracatda isə son 4 il ərzində qeyri neft sektorunun payı 14%- dən 8%-ə düşub. Acınacaqlı haldır ki, idxal olunan malların ümumi daxili tələbatın ödənilməsində payı yüksələrək 68 %-ə çatıb. Bu onu göstərir ki, belə bir iqtisadi tənəzzül şəraitində özəl sektordakı gəlirlərin qiymət artımına uyğun indeksasiyası da mümkün deyil. Bununla yanaşı artan işsizliyi də nəzərə alsaq yaxın perspektivdə hökumətin ölkədə sosial narazılıqları zəiflətməsi nəinki real görünmür, hətta bu narazılıqların kəskinləşməsinin qarşısını alması mümkün olmayacaq.
Ona görə də indiki şəraitdə hakimiyyət gecikmiş və yarımçıq addımlarla cəmiyyətdəki sosial narazılıqları siyasi etirazlara çevrilməsinin qarşısını ala bilmayəcək.