“Məni bu işə Gülər Əhmədova qatıb”
Keçmiş deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Dünənki məhkəmə iclası başlar-başlamaz Əvəz Zeynallı prosesə sədrlik edən hakim Ramella Allahverdiyevadan şahidlərdən kimlərin gəldiyini soruşdu.
Əvəz Zeynallı:
– Şahidlərdən gələn var?
Hakim:
– Qoy katib gəlsin, görək nə deyir?
– Deputat gəlib…
– Hansı deputat?
– Üzr istəyirəm, keçmiş deputat…
Hakim gülür.
Əvəz Zeynallı:
– Görün necə gülməlidirsə, hətta siz də gülürsünüz…
Bu anda məhkəmə zalına iş üzrə şahid qismində tanınan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı daxil olur. O, ifadə vermək üçün tribunaya keçərkən üzünü Əvəz Zeynallıya tutur:
– Çox darıxmışdın mənim üçün, gəldim.
Hakim Tənzilə Rüstəmxanlıya ifadə verməyi təklif edir, amma Əvəz Zeynallı etiraz edir:
– Tənzilə xanım Gülər Əhmədovanın şahididir. Hesab edirəm ki, Gülər Əhmədova bura gəlib mənim suallarımı cavablandırmayana qədər onun şahidləri dindirilə bilməz.
Hakim isə Əvəz Zeynallının etirazlarına məhəl qoymayaraq, Tənzilə Rüstəmxanlıya göstəriş verir ki, ifadə verməyə başlasın.
Tənzilə Rüstəmxanlı ifadəsində bildirdi ki, Gülər Əhmədova ona zəng vuraraq, Əvəz Zeynallı tərəfindən şantaj olunduğunu deyib. O da öz növbəsində Gülər Əhmədovaya məsləhət görüb ki, hüquq-mühafizə orqanlarına müraciət etsin:
– Mənim bu məsələ ilə əlaqəm bura qədərdir. Mənlik başqa bir şey yoxdur. Çox təəssüf edirəm ki, Gülər Əhmədova məni belə işlərə qatıb. Mən heç vaxt çirkab içində olmamışam.
Əvəz Zeynallı:
– Siz Gülər Əhmədova ilə rəfiqə olmusunuz?
Tənzilə Rüstəmxanlı:
– Yox, rəfiqə olmamışam, sadəcə, ikimiz də ictimai adamlarıq.
– Ancaq ibtidai istintaqa verdiyiniz ifadədə yazmısınız ki, rəfiqəsiniz…
– Yazmışam da. Burda nə var ki? Ancaq rəfiqəm olmayıb.
– Mənim həbsə düşməyimin səbəblərindən biri də sizsiniz. Ibtidai istintaqda əleyhimə “döşəmisiz”, indi isə gəlib burda deyirsiniz ki, mənlik bir iş yoxdur, nahaq yerə məni bu işlərə qatıblar. Bunu elə ibtidai istintaqda deyəydiniz də…
– Telefonda bir kəlmə Gülərə demişəm ki, narahat edirsə, get, şikayət elə. Vəssalam. Mən nə biləydim ki, Gülər gedib prokurorluqda şikayət yazıb qoyanda mənim də adımı ora salacaq. Bir də zəng vurdular ki, gəl istintaqa. Gülər nahaq yerə məni belə işlərə qatıb. Sən də bilirsən ki, mən sözümün ağasıyam və heç vaxt şantaja boyun əyməmişəm. Məni də şantaj eləmək istəyən bir jurnalist var idi. Şikayət elədim, həbs elədilər. Mən buna göz yuma bilmərəm. Nə olubsa, istintaq zamanı onu demişəm. Mənə prokurorluqdan zəng edib ifadə verməyə dəvət edəndə çox təəccübləndim. Mən qadın təşkilatının sədriyəm. Hər kəs zəng edib məndən məsləhət ala bilər. Ancaq sonradan gedib istintaq zamanı bir telefon danışığını demək düzgün deyildi. Mən bunu inkar edə bilməzdim. Sonra gedib bizim telefon danışığını çıxarardılar. Yalan danışmaq mənə yaraşmaz. Soruşdular ki, belə söhbət olub? Mən də təsdiqləmişəm.
– Tənzilə xanım, bu işlərin sifarişçisi Ramiz Mehdiyevdir, icraçısı isə Əli Həsənov. Siz də gedib istintaqda Gülərin dediklərini təsdiqləmisiniz…
– Xahiş edirəm dövlət qurumunda oturan adamların adlarını hallandırmayın.
Tənzilə Rüstəmzanlı artıq Əvəz Zeynallının suallarını cavablandırmaq istəmədiyini bildirdi. Ancaq Əvəz Zeynallının təkidilə daha bir neçə suala cavab verdi.
Məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokuror isə şahid Tənzilə Rüstəmxanlıya sual verməyə ehtiyac durmadı:
– Hesab edirəm ki, şahid ifadəsində bütün hallara tam aydınlıq gətirdi, mənim sualım yoxdur.
Əvəz Zeynallı:
– Guya hakimlərin sualı olacaq ki? Indi onlar da deyəcəklər ki, Tənzilə xanıma sualımız yoxdur.
Belə də oldu. Tənzilə Rüstəmxanlı məhkəmə zalını tərk edəndən sonra hakim bildirdi ki, Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovu gözləyirlər və 10 dəqiqəlik fasilə elan edib məhkəmə zalını tərk etdi. 10 dəqiqədən sonra Ramella Allahverdiyeva zala qayıdaraq, Toğrul Əhmədovun məhkəməyə gələ bilməyəcəyini dedi və növbəti məhkəmə iclasını oktyabrın 31-nə təyin etdi.
Ramin DEKO