İmtina

İmtina — insan əxlaqını formalaşdıran ən böyük dəyərlərdən biridir. Ancaq, hansı imtina?! İnsan içində yaşayan, bunadək olan həyatında ona yoluxdurulan: alışdığı, öyrəşdiyi eybəcərliklərdən, iyrəncliklərdən imtina edir və öz kimliyini arındırıb istər öz gözündə, istərsə də elin gözündə ucalır. Bunu bir növ göyə ucalan hava şarından artıq yükün atılması ilə onun daha yüksəklərə qalxmasını sağlamaq kimi də əyaniləşdirmək olar. İmtina deyilən bu böyük dəyərə keçid, etiraf deyilən böyük fədakarlıqdan başlayır. İnsan özünün ümumi insani-əxlaqi dəyərlərə uyğun gəlməyən vərdiş və alışqanlıqlarını anlamaq gücü tapır, onlardan üz döndərir və gərəkərsə bunu istər öz daxilində düşüncəsi ilə, istərsə də uca səslə özünə və ətrafındakılara açıqlayır.

İmtina adlı çox dəyərli əxlaqi keyfiyyəti gözdən salmağın çoxlu örnəkləri elə bu sayaq imtinanın özündən imtina edilməsidir.

Düşüncə və intelektimiz üçün daha böyük aydınlıq qazanması üçün deyə bilərəm ki, bu ərəbcə sözün daşıdığı anlamı düşüncəmizin daha da dərinliyinə işləməsi, daha yaxşı anlaşılması üçün, onu doğma türk sözü olan “əl çəkməklə” ifadə etmək olar.

İnsan inancını özünün monopoliyasına salmaq iddiasında olan dinlər də, imtina və etiraf kimi mənəvi dəyərlərdən yararlanmağa çalışmışlar. İslamda bu bütövlükdə “tövbə” deyilən hadisə ilə, xristianlıqda “günahlarını etiraf” və onlardan əl çəkmək ayini ilə gerçəkləşir. İnduist təlimlərdə dünyanın maddiliyindən xilas olmaq çabaları da bunun parlaq örnəklərindən sayıla bilər. Elə, şiəlikdəki hər bir inanclının özü üçün “təqlid etməli olduğu” ruhani rəhbər seçməli olması hadisəsi də, öz kimliyini daimi nəzarətə götürmək və onu dinin tələb etdiyi əxlaqi dəyərlərə uyğunlaşdırmaq üçün yaradılıb.

Ancaq, dinin yaratdığı bu “etiraf-imtina-tövbə” sisteminin özündə də bir yarımçıqlıq vardır. Təsadüfi deyildir ki, böyük Freyd rus xalqının bu yöndəki dini inancları barədə yazırdı: “Rus insanı günahlarını etiraf etmək ayinini özünün günahlar içində yaşaması vərdişlərinə haqq qazandırmaq vasitəsinə çevirmişdir və belə bir düşüncəyə gəlib çıxmışdır ki, onu bu cür günah işlədib sonra bunu etiraf etməyə yönəldən elə Allahın özüdür və o bununla özünün insan ruhu üzərindəki hakimiyyətini sübut etməkdədir”. Yaxud qulağımızın alışdığı: “Tövbə qapısı həmişə açıqdır. Son nəfəsində də etdiyin tövbə qəbul edilə bilər” kimi prinsipiallıqdan və əqidədən yoxsun düşüncə də bunun bir nümunəsidir.

İmtina deyilən dəyərin insan əxlaqını arıtması, mənəvi yüksəlişini doğurması üçün o ardıcıl və daimi bir proses kimi qavranılmalı və icra olunmalıdır. Yalnız dara düşüdyü məqamlarda və ya hamını illərlə ağrıdan hadisələr öz ünvanına gəlib çatanda bu addımı atmaq imtinanın qeyri-adiliyini zədələyir və onu dəyərdən salır.

Gündəmi qapsayan bəlli olaydan qaynaqlanan və bəlli ölçüdə mücərrəd görünə bilən düşüncələrimi daha da əyaniləşdirmək istəyirəm.

İncildə ata-övlad münasibətləri bir qırmızı xətt kimi keçir. Allahın öz oğlunu, İsa Məsihi, insanların günahlarını təmizləmək üçün qurban verməsi ideyası İncilin aşılamaq istədiyi başlıca düşüncədir demək də olar. Bəli, insanların yaramaz davranışlarından bezən Allah qət edir ki, onları insanlığa qaytarmaq üçün özünün ən dəyərli sərvətini, oğlunu onlara qurban versin ki, insanlar bu örnəkdən diksinib ayılsınlar və ondan özləri üçün nümunə götürsünlər.

İndi çoxları Eldar Sabiroğlunun öz övladından imtinasından ürək ağrısı və ya hiddətlə yazmaqdadır. Ancaq mən sizə deyim: Eldar Sabiroğlu sadəcə öz övladından imtina edən onminlərlə Azərbaycan atalarından yalnız biridir, onun tək bir fərqi bu hadisəni ictimailəşdirməsi və “rəsmiləşdirməsindən” ibarətdir. Gəlin açıq danışaq, biz gələcəyimizi puç etməkdə olan, gələcək nəsillərin də payı olan sərvətlərimizi talayan, addımbaşı ən elementar insanlıq haqlarımızı tapdalayan bir iyrənc rejimə dözməklə, ona qarşı səsimizi ucaltmamaqla öz övladlarımızdan, onların xoşbəxt gələcəyindən imtina etmirikmi? Eldar Sabiroğlu bizim birimizdir, ayrı-ayrı istisnaları çıxmaq şərti ilə, bizim çoxumuz ondan heç də artıq deyilik. O öz övladının fiziki varlığını qorumaq üçün atalıq haqqından əl çəkməyə qərar verib. Bərk yanılır, ancaq bu ümumi yanlışlığın doğurduğu çarəsizliyin yaratdığı bir faciədir.

Övlad dünyaya gətirməzdən öncə, onun ehtiyaclarını təmin etməyi düşünmək ən böyük valideyinlik borcudursa, biz öncə övladlarımızın gələcəyini oğurlayan bu iyrənc cəmiyyəti dəyişməyə borcluyuq. Yoxsa, biz övladlarımızı dünyaya gətirməzdən öncə, artıq onlardan imtina etmiş oluruq.