Söyüş

Eldəniz Quliyev 

Söyüş – bu, qeyri-normativ leksikon sayılır və çox heyif ki, bir çox hallarda hakimiyyətin təbliğat siyasətini həyata keşirənlərin “dirijor çubuğu” ilə körüklənir…
Söyənlərin kimliyini və söyüşün treaktoriyasını izləyəndə məlum olur ki, müxalifət tərəfi, yəni baş götürüb ölkədən qaçmış müxtəlif siyasi fəallar, mühacirlər, bloger və jurnalistlər, əslində, öz xoşları ilə söyüş söymürlər,daha dəqiqi, onlar bu ritorikaya təhrik edilirlər. Zor artdıqca ona qarşı müqavimət də artır. Təsir əks-təsirə bərabərdir. Və bu təbiidir. Ancaq müqavimətin, yaxud təpkinin söyüş şəklində ictimai müstəviyə daşınması heç vəclə təbii sayıla bilməz. Eləcə də qəbuledilməzdir.
Söyüş kimə, kimlərə, yəni tərəflərin hansına daha çox divident gətirir? Demokratik düşərgəni təmsil eləyən müxalifətəmi, yaxud hakimiyyəti təmsil eləyən YAP iqtidarınamı? Əlbəttə və birmənalı olaraq,- müxalifətə! Əks tərəf isə, istəsə də, istəməsə də biabırçı vəziyyətlə üzləşir, üstəlik ölkə rəhbərliyi də neqativ duruma düşür.
Vacib məqama diqqət edin: sosial şəbəkə və internet Tv-lərdə müxalifəti və onun liderlərini söyüş atəşinə tutanların baxış sayı, ən yaxşı halda, troll sürüsünü də əlavə etsək, bir neçə yüz ola, ya olmaya. Amma iqtidarı söyənlərə minlərlə, bəzənsə on minlərlə “bəyənmə” gəlir. Bu təkzibolunmaz fakt nədən xəbər verir? Şübhəsiz ki, hakimiyyətə, ən çox da onun qudurmuş məmurlarının dərəbəyliyinə qarşı günbəgün artan qəzəb və nifrətdən. Qəzəb və nifrət enerjisinin tədricən artıb da nə vaxtsa sinergetik enerjiyə çevrilməyəcəyinə və bütün bunların sonda dağıdıcı partlayışla bitməyəcəyinə kim zəmanət verə bilər ki?..
Bəli, hökumətin idealoji iş üzrə səlahiyyətliləri bilə-bilə ki, təhqirin ağır forması olan söyüş ritorikasında qarşı tərəfə uduzurlar…fəqət buna baxmayaraq, yenə də öz inadkarlıqlarından əl çəkmək istəmirlər. Və bu, artıq çox şübhəli məqamlar və şübhəli fikirlər yaradır.Yəni siz niyə və nədən anlamırsız ki, bəzi-bəzi iyrənc məxluqları qısqırdıb siyasi müxalifəti söydürməyiniz, nəticədə, əsl bumeranq effekti yaradacaq və ölkə başçısını, onun ailəsini aşağılayan və – yenə deyirəm, – on minlərlə insanın bəyəndiyi yazı və çıxışlar doğuracaq?! Bunumu istəyirsiniz? Belə president nəyinizə lazımdı və siz bununla nə məqsəd güdürsünüz, cənablar?! Belə çıxır ki, siz hakimiyyət daxilində təxribat yaratmaqda maraqlısınız, özü də qəsdən!.. Məgər görmürsünüz ki, Mirşahin kimi yaltaq birisinə şərait yaradaraq, əlinə “bel” verib ixtiyarına “Real” kimi “yer” verəndə bunun axırı yaxşı olmayacaq? Yaxud, Ata Abdullayev kimi mənasız bir məxluqun ölkə başçısıyla şəkil çəkdirməyinə şərait yaradanda və onu İslami-mənəvi dəyərlərimizi hörmətdən salmaq məqsədilə müqəddəs HƏC ziyarətinə göndərəndə, ictimai müstəvidə hansı təpkilərlə üzləşəcəyinizi bilmirdinizmi!?
Şəxsən mən söyüşü, habelə söyüşdən mübarizə vasitəsi kimi istifadə edilməsini zəiflik, qorxaqlıq və acizlik hesab edirəm. Və əminəm ki, Milli Şuranın bütün rəhbərliyi də eynən və qəti şəkildə “söyüş mübarizəsinin” əleyhinədir – özü də hər iki tərəfdən səslənən söyüşlərin! Söyüş acınacaqlı, acınacaqlı olduğu qədər də iyrənc bir metoddur.
Cənablar! Söyməyin, söydürməyin… söyülməyin.
Söyüş heç vaxt heç kimə başucalığı gətirməyib, gətirmir, gətirməyəcək də!