İmamoğlu – Yıldırım debatı

Tural Hüseyn

1) Bələdiyyə seçkiləri?

İlkin növbədə onu qeyd etmək lazımdır ki, əvvəlcədən baş tutan bələdiyyə seçkiləri və indi yenilənən bələdiyyə seçkisi ümumi mahiyyət və şəklini dəyişdirmişdir.

Çünki Türkiyədə təxminən 2013-cü ildən etibarən bir demokratiya problemi var (uzun məsələdir, bunu bir kənara qoyuram). Ancaq sırf bu seçkidən əvvəl Ərdoğanın “İstanbulda uduzsaq, Türkiyədə axsayarıq” ifadəsindən tut, ümumilikdə Cumhur ittifaqının “beka” məsələsini ortaya atması, bələdiyyə seçkilərinin Türkiyə dövlətinin bundan sonra var olub-olmayacağı məsələsini təyin edəcəyi tutumu seçkinin mahiyyətini və şəklini dəyişdirmişdi.

Əlavə olaraq, seçkidən sonra uzun müddət İmamoğlunun işə başlaya bilməməsi, başlayandan 18 gün sonra yenidən seçki qərarı verilməsi də yeni bir siyasi krizis başlatmış və yenə bu seçkinin mahiyyətini və ümumilikdə ölkənin sosio-siyasi mühitini dəyişdirmişdir.

Bu səbəblərdən izlədiyimiz debat bir bələdiyyə seçkisi debatı yox, demokratiyanı məhv etdiyi iddia edilən bir partiyaya (AKP) qarşı özünü Türkiyə Cumhuriyyətinin qurulduğu dövrdən onun dəyərlərinə ən sadiq partiya kimi qaldığını iddia edən ənənəvi bir partiyanın (CHP) açıq mübarizəsi idi (təbii ki, ittifaqlarda yer alan və almayan digər siyasi partiyaların da bu məsələyə və seçkiyə öz bucaqlarından baxışları mövcuddur).

2) Namizədlər

Ümumi olaraq onu demək lazımdır ki, hər iki namizəd də çox güclü analitik qabiliyyəti olan, siyasi elmləri və nəzəriyyəni yaxşı bilən, dünyagörüşü çox güclü olan namizədlər deyil. təbii ki, hər hansısa biri digərindən üstün ola bilər, amma nə hər iki seçkidən əvvəl nə də bu debatda heç biri ümumilikdə bu imici yarada bilmədi.

Binali Yıldırım debatda uzun illər dövlət vəfizəsində işləmiş, ciddi təcrübəsi olan bir siyasətçi kimi çıxış etdi. AKP-li olmayan kəsim tərəfindən də sevilən gülərüz, səmimi, çox zarafatcıl tutumunu qorudu. Ancaq mitinqlərdəki istifadə etdiyi sərt dili və ittihamları istifadə etmədi (və ya edə bilmədi). Heç şübhəsiz ki, partiya daxilində də bu debata ciddi hazırlandıqları hiss olunurdu. Ancaq yenə də, ümumi baxanda məncə, ona səs verməyəcək hər hansısa bir seçicinin düşüncəsini dəyişdirəcək əsaslı, yadda qalan bir çıxışı olmadı.

İlk zamanlardan bəri də dediyim kimi İmamoğlu Ərdoğan kimi populistdir. Sadəcə daha az populistdir. Və daha az gücü var. Bu gün də eyni cür çıxışlarına davam elədi. İmamoğlu imic baxımından həm Türkiyədə, həm də dünyada yeni yayılan “şirkət adamı” imicinə sahibdir. Çünki artıq siyasət şəkil dəyişdirir, artıq təkcə qaşqabaqlı, siyasət elmini bilən, uzun illər dövlət təcrübəsi olan insanlar yox, onun yerinə şirkət işlətmiş, fərqli-fərqli özəl qurumlarda üst vəzifədə çalışmış insanlar da böyük seçkilərdə uğur qazana bilirlər. İmamoğlu da bu tip adamlardandır. İmamoğlu bütün seçki prossesi boyunca tutduğu “qucaqlayıcı” tərzi demək olar ki, tam qoruya bildi. İmamoğlu bəzi həssas suallara (məs: Fetö) yaxşı cavab verdi, ancaq ümumilikdə o da debata qədər ona kim səs verməyəcəkdisə, onların fikirlərini dəyişdirəcək nəsə deyə bilmədi.

3) Moderatorluq və proqram formatı

Bu tip debatlarda moderatorun kim olduğu, verdiyi suallar, namizədlərlə danışıq şəkli və s. çox önəmlidir. Küçükkaya müxalif bir jurnalist olmasına baxmayaraq ümumilikdə yaxşı proqram apardı, tərəfsiz olmağı bacardı. Ancaq onun yerinə daha təcrübəli bir jurnalist olmasını istəyərdim, çünki onun verəcəyi suallar və namizədləri və proqramı idarə şəkli seçiciyə daha çox kritik cavab eşitmək şansı verərdi (məs: rəhmətlik Mehmet Ali Birand). Əlavə olaraq, xalqın suallarının soruşulmaması, xüsusilə, 17 ildir Türkiyədə debatların baş tutmadığını nəzərə alsaq və bu müddətdə sosial şəbəkələrin necə aktivləşdiyini düşünsək, moderatorun bu şəbəkələrdən istifadə etməməsini də əksiklik sayıram.

Proqram formatıyla bağlı əsas şikayət ondan ibarətdir ki, bu tam olaraq debat olmadı. Razı deyiləm. Eyni suallar hamıya ayrı-ayrı veriləcək deyilsə də, fərqli suallar da verildi, icazəli və ya icazəsiz şəkildə namizədlər bir-birlərinə sual da verdi, cavab da verdi, söz də atdı. Burda həm moderatorun, həm də namizədlərin rolu oldu.

4) Nəticə

Nəticə etibarilə, sırf bu günkü verilişə baxsaq, bu debatın qalibi olmadı. Namizədlər ayrı-ayrılıqda danışdıqları mövzuları oturub birlikdə danışdılar. Seçiciyə demək olar ki, yeni mövzu, yeni müzakirə yaradılmadı ki, seçim etsinlər. Amma ən əsas məsələ, 17 il sonra Türkiyədə yenidən bir debat mühitinin olması demokratiya üçün geri əldə edilmiş bir qazancdır.