AXCP “Azadlıq”ı qorumağa çağırdı

“Bu qəzetin sıradan çıxarılması ölkədə azad mətbuatın tamamilə məhvi demək olar”

“Azadlıq” qəzetinə qarşı təzyiqlər son günlərdə yenidən intensivləşib. Xüsusən də bir tərəfdən ağır cərimələrə dair məhkəmə qərarları, o biri tərəfdən isə “Qasid” yayım firmasının qəzetə olan borcunu qaytarmaması, qəzetdən isə çap olunduğu Azərbaycan Nəşriyyatına borcun tələb edilməsi onu öz fəaliyyətini dayandırmaq təhlükəsilə üzləşdirib.
AXCP bununla bağlı bəyanat verərək qəzeti müdafiə edib.
Bəyanatda bildirilir ki, Azərbaycan iqtidarı ölkədə azad mətbuatı sıradan çıxarmaq üçün uzun illərdir məqsədyönlü siyasət yürüdür. “Azadlıq” qəzeti isə bu siyasətin qarşısında duran, hakimiyyətin senzurasına tabe olmayan, cəmiyyəti doğru xəbər və alternativ fikirlərlə təmin edən bir nömrəli mətbuat orqanıdır.
Bəyanatda deyilir ki, Azərbaycanın müstəqillik tarixi ilə yaşıd olan bu qəzet əsası qoyulandan bəri prinsiplərinə sadiq qalıb, medianın dördüncü hakimiyyət rolunu və gerçək missiyasını qoruyub. Son vaxtlar ölkədə və onunla bağlı ətrafda baş verən ictimai-siyasi proseslərin obyektiv işıqlandırılmasında da “Azadlıq” qəzeti avanqardlıq edir. Söz və mətbuat azadlığına, fərqli fikirliliyə düşmən münasibəti bəsləyən Azərbaycan iqtidarı isə bundan hiddətlənmiş kimi görünür. Buna görə də bu qəzetə qarşı təxribatlar səngimir.
Hazırda “Azadlıq” qəzeti tamamilə yararsız bir şəraitdə fəaliyyətə məhkum edilib. Qəzetə qarşı iri məbləğli məhkəmə cərimələri kəsilir. Qəzeti məhkəməyə verənlər ya Azərbaycan məmurları, ya da onlara yaxın olan şəxslərdir. Hazırda qəzetin üzərində məhkəmə qərarları ilə üst-üstə 64 min manat cərimə var və onun bir hissəsi artıq icraya yönəldilib.
Bunlardan başqa, hakimiyyətin qəsdən yaratdığı problemlər üzündən “Qasid” yayım firması qəzetə olan borcunu ödəyə bilmir, qəzet isə fəaliyyətini davam etdirə bilmək üçün aldığı kağızın pulunu və çap xərcini ödəməlidir. Bu da qəzetin maddi cəhətdən çökməsi deməkdir.
Qəzetin internet versiyası – www.azadliq.az və ya www.azadliq.info da mütəmadi hücumlar səbəbindən fəaliyyətini çətinliklə davam etdirir və bir sıra parametrlərə görə hücumların arxasında siyasi sifarişin dayandığı şübhə doğurmur.
Bütün bunlar “Azadlıq” qəzetini fəaliyyətini dayandırmağa məcbur etmək üçün məqsədyönlü siyasətin yürüdüldüyünü göstərir.
AXCP bəyan edir ki, “Azadlıq” qəzetinin sıradan çıxarılması ölkədə azad mətbuatın tamamilə məhvi demək olar və bu, yolverilməzdir. Partiya Azərbaycan iqtidarını bu məkrli plandan imtinaya çağırır.
AXCP eyni zamanda Azərbaycan xalqına çağırış edir ki, “Azadlıq” qzəetinə dəstəyini artıraraq onun sıradan çıxarılmasına imkan verməsin.
AXCP beynəlxalq birliyə, dünyanın demokratik ictimaiyyətinə və media institutlarına da səslənərək, onları Azərbaycanda azad mətbuatın məhvinə imkan verməmək üçün şablon bəyanatlarla kifayətlənməməyə, konkret və təsirli əməli tədbirlər görməyə çağırır.