Mirhamud Mirəlioğlu deyilənləri rədd edir, onun keçmiş müavini isə əksini deyir
“Mən 20 ildir Azərbaycan siyasətində nə edirəmsə, hamısı göz önündədir”. Bunu “Qafqazinfo”ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. Keçmiş müavini Qaya Əliyevin “Başının üstündə Elçibəyin portretini asdığı halda, gedib Salyanda çıxışında partiyanın 2013-cü il prezident seçkilərində Mehriban xanım Əliyevanın namizədliyini dəstəkləməsi təklifini irəli sürür” ittihamını cavablandıran M. Mirəlioğlu belə bir fikir söyləmədiyini qeyd edib: “Mən Mehriban Əliyevanın namizədliyini dəstəkləyən çıxış etməmişəm. Ümumiyyətlə, mənə qarşı belə bir ittihamın səslənməsindən xəbərsizəm, çox sağ olun ki, məni xəbərdar etdiniz. Bu ittiham məndə təbəssüm doğurdu”. M. Mirəlioğlu deyib ki, ona qarşı təşkil olunan kampaniyanın arxasında duran adamlar var: “Əgər opponentlər, rəqiblər olmasa, onda mübarizənin məna yükü azalar”.
Q.Əliyev isə azpolitika.info-ya açıqlamasında M.Mirəlioğlunun təkzibinə belə münasibət bildirib: “Edvard Çeyfitz deyirdi ki, rəsmi olarak mediada təkzib edilmədikcə, heç bir sözə inanmaram. Sözü atarlar, sahibi götürər və təkzib edər. Təkzib 10 nəfərin içində deyilmiş sözün mahiyyətini və faktı dəyişmir. Bu söhbət barədə məni məlumatlandıran şəxs, bu məlumatı təkcə mənə deməyib. Onun bu məlumatı dediyi məndən başqa digər 10 nəfər şəxs də bunu təsdiq edə bilər. Bizim Mirmahmud bəylə polemikamız anmaq və danmaq üzərində qurulub. O faktları danır, biz anırıq.”