Bunlar vampirdirlər

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli   

Bir dəfə parlamentdə bu gün də bərkgedən YAP-çılardan bir nəfər mənə öyüd-nəsihət verirdi ki, Gültəkin xanım, belə olmaz, düz etmirsiniz, odla oynayırsınız. Bu hökumətin sözündən çıxmaq olmaz, tənqid etmək olmaz, sizi məhv edərlər, bitirərlər. Sizin gördüklərinizi biz görmürük?! Görürük, bəs niyə dinmirik, susuruq?! Çünki, qorxuruq. Oğlumun maşınının baqajına silah atarlar, evimdən narkotik çıxararlar. Siz nə ürəklə bunların üstünə gedirsiniz? Sizi məhv edərlər, hələ bir zövq də alarlar. Heyrətlə dinləyəndən sonra dedim ki, axı mən həqiqəti deyirəm, bunların da, xalqın da xeyri üçün deyirəm. Niyə məni məhv edib bundan zövq almalıdırlar ki?! Cavab belə oldu: Siz heç həyatınızda vampirlər haqqında filmə baxmamısınız?! Vampirlərin insan qanı içməkdən zövq almasını görməmisiniz?! Bunlar VAMPİRDİRLƏR, ADAMYEYƏNDİRLƏR, bunları hələ tanımamısınız?! Düzünü deyim, o zaman inanmamışdım. Ancaq indi, şübhəm qalmayıb. Qan xərçəngindən əziyyət çəkən anasının qarşısında çarəsiz qalmış jurnalist Teymur Kərimov bir oğul kimi qəlbinin harayını cəmiyyətlə bölüşdü, dövlətindən kömək istədi, ona yardım etmək əvəzinə səhiyyə naziri Oqtay Şirəliyev Teymur Kərimovu məhkəməyə verib tutdurmaq istədi ki, səhiyyədə rüşvət var deyə bizə böhtan atmısan. Və çarəsiz övlad reanimasiyada can verən anasını yiyəsiz qoyub məhkəmə qapılarında sürünməli oldu. Və bu gün Teymur bəyin anası vəfat etdi! Nazir xəstə ananın ölümünə saatlar qaldığını bilə-bilə (həkimdirsə, kəmsəvad deyilsə, bilməlidir) onun oğlunu məhkəmə yollarına salmışdı! Oğlunun son saatlarında anasının yanında olmaq haqqını əlindən almışdı! Vampir deyillərsə, adamyeyən deyillərsə nədirlər, kimdirlər?! Allah anaya rəhmət eləsin, Teymur bəyə səbr versin. Ömrümüzü, həyatımızı yeyən vampirlərə, adamyeyənlərə isə öz bildiyi kimi çəkdirsin!