Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hakimiyyətin mahiyyətini nümayiş etdirən növbəti açıqlama ilə çıxış edib. Oktyabrın 20-də Fəvvarələr meydanında gənclərin keçirdiyi aksiyaya münasibət bildirərkən Ə.Həsənov hakimiyyətyönlü gənclərə müraciət edərək müxalifət düşüncəli gənclərə “örnək” olmağa səsləyib. “Azərbaycanın sağlam gəncliyi qanun keşikçilərinin çağırışlarına tabe olmayan gəncləri tərbiyə etməlidir”,- deyə Ə.Həsənov vurğulayıb.
İlham Hüseyn: “Məhz müxalifətçi gənclər sağlam düşüncə sərgiləyərək saxtakarlığa, rüşvətə qarşı aktiv mübarizə aparırlar”
AXCP Gənclər Komitəsinin koordinatoru Ilham Hüseyn vurğuladı ki, Ə.Həsənov bu açıqlaması ilə bir daha hakimiyyətin mahiyyətini ortaya qoyur: “Bu harada yazılıb ki, müxalifətçi gənclər sağlam düşüncə daşıyıcısı deyil. Əksinə məhz müxalifətçi gənclər sağlam düşüncə sərgiləyərək saxtakarlığa, rüşvətə, hüquqların tapdanmasına, xalqın sərvətinin talan edilməsinə qarşı aktiv mübarizə aparırlar. Bunu oktyabrın 20-də keçirilən aksiya da bir daha sübut elədi. Qeyri-sağlam düşüncənin daşıyıcıları Əli Həsənovun kömək üçün müraciət etdiyi gənclikdir. Bu kəsim iqtidarın yürütdüyü siyasətə qarşı çıxmır, müəyyən imtiyazlar qoparmaq üçün Azərbaycanın dövlətçilik maraqlarına zidd olan siyasəti dəstəkləyir. Bu gənclər yalnız Əli Həsənovun çağırışına səs verə bilər. Amma mənəviyyatını, şərəfini heç nəyə satmayan, dəyişməyən müstəqil gənclik isə heç zaman Əli Həsənovun çağırışına səs verməyəcək”.
Samir Əsədli: “Müxalifətçi gənclərin ən zəifi də vətənə, haqqa və ədalətə münasibətdə də YAP-çılardan irəlidədir”
VHP sədrinin gənclər üzrə müşaviri Samir Əsədli vurğuladı ki, Ə.Həsənovun bu açıqlaması ənənəvi xarakter daşıyır və bundan əvvəl keçirilən tədbirlərdə bildirdiyi münasibətlə eynidir. S.Əsədli hesab edir ki, bu baxımdan Ə.Həsənova cavab verməmək də olar: “Amma müqayisə aparsaq görərik ki, müxalifət mövqeli kifayət qədər ciddi gənclər var ki, YAP-çılar heç bir formada onların qarşısına çıxa bilməz. Müxalifətçi gənclərin ən zəifi də vətənə, torpaqa, reallığa, haqqa və ədalətə münasibətdə də YAP-çılardan irəlidədir. Bunlar özləri də bu faktı bizdən yaxşı bilirlər.
Müxalifət düşərgəsində Rəşadət Axundov, Ülvi Həsənli, Bəxtiyar Hacıyev, Rəşad Həsənov, Adnan Hacızadə, Zaur Qurbanlı kimi yüzlərlə idarə etməyə hazır gənclər var. Qarşı tərəfdə kim var? Və bu gənclərlə debata çıxmağa hansı gücləri var?.
Bundan başqa, müxalifətçi gənclərin pozitiv, kreativ və yeni düşüncə daşıyıcısı olduğunu deyə S.Əsədli vurğuladı ki, müxalifətçi gənclərin hər birinin sosial şəbəkələrdə on minlərlə izləyiciləri, tərəfdarı var. Bütün beynəlxalq təşkilatlar da bu gənclərlə hesablaşır və onların fikirləri ilə maraqlanırlar: “Əbülfəz Qurbanlı, Tural Abbaslı, Pünhan Imamlı, Cəmil Hacıyev kimi cəsarətli, on minləri arxaları ilə aparan lider gənclər YAP-da varmı? Bu gün sosial şəbəkələrdə də müxalif düşərgənin insanları daha üstündülər. Və bununla da açıq-aydın görünür ki, intelektual kəsim demokratik düşərgəyə stavka edir.
Əgər PA təmsilçisi müxalifətdəki gənclərin real gücünü, qüvvəsini bilməkdə maraqlıdırsa, sərbəst zəmin yaradilmasında maraqlı olsun, onda həqiqətləri tam çılpaqlıqı ilə görə bilər”.
Səxavət Soltanlı: “Əli Həsənov gözəl bilir ki, müxalifət gəncləri əsl sağlam düşüncənin daşıyıcılarıdır”
Müsavat Gənclər Komitəsinin sədr müavini Səxavət Soltanlı da qeyd etdi ki, son aksiyalarında müxalif gənclər məhz qeyri-sağlam Azərbaycan iqtidarı tərəfindən yaradılmış parlamentin buraxılmasını tələb edirdi. Hazırda müxalifət gənclərinin bir qisminin məhz bu etirazları üzündən həbsdə olduğunu deyən S.Soltanlı vurğuladı ki, məhz xalqının və vətəninin gələcəyini düşünən gənclər 20 ildir Azərbaycanda hakimiyyəti qəsb edən rejimə qarşı mübarizə aparır: “Əli Həsənov gözəl bilir ki, müxalifət gəncləri əsl sağlam düşüncənin daşıyıcılarıdır. Sadəcə olaraq Əli Həsənov demokratiya sözü ilə ölümcül xərçəng sözünü özü üçün bir sayır. Çünki demokratiya onlar üçün son deməkdir”.
Xəyal