Orxan Baxışlı: “Tək günahımız vətəni təmənnasız sevməyimizdir”

Orxan Baxışlı

Möhtərəm hakim, hörmətli vəkil, dəyərli silahdaşlarım!

Çıxışıma “Qurani-Kərim”in “Əl-Bəqərə” surəsinin 286-cı ayəsi ilə başlamaq istəyirəm: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir də yalnız özünə, şər də öz əleyhinədir”.
Həzrəti peyğəmbər hədislərin birində buyurmuşdur: “Haqqı sənə gətirən hər kəsdən istər kiçik olsun, istərsə də böyük, sənin düşmənin olsa belə, qəbul et!”
Bu dünyada Allah hər kəsə bir ömür verib. Mübarizə kimi qəhrəmanımız Vətən yolundan canını qurban verib şəhid oldu. Digəri qələmə sarılıb xalqa zülm edənləri ifşa edib ölümə meydan oxudu. Bir başqası savaşdı, vuruşdu, canından çox sevdiyi vətəndən ayrı düşsə də yenə mübarizəsinə davam etməkdədir. Elələri də oldu ki, bir tikə çörək üçün əqidəsindən dönüb yaltaqlıq yolunu seçdi. Silahdaşlarım, mənim qismətimə isə, xalqın dərdinə yanıb onu azad, müstəqil, kiminsə əlinə baxmayan, haqqına sahib çıxan bir cəmiyyət üçün çalışmaq, mübarizə aparmaq düşüb. Biz bu yola başlayanda döyülüb təhqir olunacağımızı, zindanlara atılacağımızı, təcrid olunacağımızı gözə aldıq.

Qohumlarımızı üzə durduracaqlarını da gözlədik, şər-böhtan atacaqlarını da. Bu yola çıxanda fikrimizdə, düşüncəmizdən var-dövlət toplamaq, vəzifə sahibi olmaq keçmədi. Fikirləşdik ki, millətimizə bir ovuc insanın əsirliyindən qurtarıb azad edəcəyik. Bilirik ki, bu yol uzundu, məşəqqətlidir, qurban tələb edir.
Qoy mən və silahdaşlarım əziyyət çəkək. Təki sonda xalqımız öz haqqına, hüququna sahib çıxsın. Bilirik ki, qarşımızdakı qüvvə güclüdür, hisrlidir. Bizim də xalqa olan sevgimiz tükənməzdir, sonsuzdur.
Möhtərəm hakim! Bir şəxs haqqında hökm çıxarıb həbsə atmaq o şəxsin islah olunması üçündür. Bizlərin tək cinayəti vətəni təmmənasız sevdiyimizdir. Biz gənclər ədalətli cəmiyyət, sosial bərabərlik, azad insan amacı ilə mübarizəyə qoşulmuşuq. Ondan islah olunmaq üçünmü həbsə atılmışıq? Elə bilirlər bu cür ucuz yolla bizi vətənə, xalqa olan sevgimizdən döndərə biləcəklər. Bunu əsla edə bilməyəcəklər! Bu məhrumiyyətləri yaşamağımız vətənə olan sevgimizi daha da artırır. Vətənin hər əsgəri kimi meydanda tək qalsam belə o günün gəlişi uğrunda son nəfəsimə qədər mübarizə aparacam. Artıq o günün gəlişini hiss edir, xoş günlərin ayaq səslərini eşidirəm!

Orxan Baxışlı
4 iyun 2019