Azər Mehtiyev: «Hakimiyyətin buna qarşı çıxması sırf siyasi maraqlarla bağlıdır»
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Bakı rəhbərliyinin seçkilər yolu ilə formalaşdırılması, yəni mer seçkilərinin keçirilməsi məsələsini daim diqqət mərkəzində saxlayır. Qurum bununla bağlı dəfələrlə Azərbaycana tövsiyələr versə də, Azərbaycan tərəfi prosesə hazır olmadığını bildirir. Artıq Avropa Şurası Azərbaycan hökumətindən bu istiqamətdə qəti addımlar atmağı tələb edir.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında bildirib ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması fikri indiki vəziyyətdə heç də reallıqdan xəbər vermir. Deputat bunu bələdiyyələrin maddi-texniki bazası, kadr potensialının gücünün buna tam hazır olmaması ilə əsaslandırıb: “Azərbaycanda bələdiyyə institutu gündən-günə təkmilləşir, irəliyə gedir. Sözsüz ki, bələdiyyələr inkişaf etdikcə öz üzərilərinə daha böyük vəzifələr götürürlər, daha geniş səlahiyyətlərə malik olacaqlar. Bu proseslərdə zaman iri bələdiyyələrin yaranmasını meydana çıxaracaq. Indiki halda isə Bakı Böyük Şəhər Bələdiyyəsinin yaranması fikri müəyyən təəccüb doğurur. Şəhər idarəçiliyinin mühüm vəzifələrinin bələdiyyə vasitəsilə həyata keçirilməsi fikri indi real səslənmir”.
Deputat eyni zamanda bələdiyyələrin bir çoxunun öz ərazilərinin sərhədlərini tanımadığını da deyib: “Əgər mülkiyyət tam şəkildə bələdiyyələrə verilməyibsə, bələdiyyələr öz ərazilərinin sərhədlərini bilmirlərsə, onlar özünün mülkiyyətinin sahibi deyillərsə, Bakı bələdiyyəsi necə yaradıla bilər? Bu mümkün deyil, gərək mühüm proseslər həyata keçirilsin, ilbəil bələdiyyələrin idarəetmə təcrübəsi təkmilləşsin. Biz bu gün deyək ki, Türkiyədə, Norveçdə olduğu kimi şəhər bələdiyyəsi yaransın. Biz bununla səhvə yol vermiş olarıq. Çünki orada bələdiyyələrin tarixi də böyükdür. Və bizimkindən fərqli olaraq vətəndaşların bələdiyyəyə münasibəti də tamam başqadır. Bu prosesləri nəzərə aldıqdan sonra iri şəhər bələdiyyəsi yarana bilər”.
“Bu, ölkədə demokratik inkişafı təmin edən elementdir”
Iqtisadçı Azər Mehtiyev hesab edir ki, Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması gündəmdə çox ciddi problem kimi qalır: “Avropa Şurasının Yerli Özünüidarəetmə haqda Xartiyasının tələblərindən biri odur ki, hakimiyyət mümkün qədər əhaliyə yaxın olmalıdır. Bu gün Azərbaycanda seçkili orqan yalnız parlamentdir. Əsas hakimiyyət də icra hakimiyyətidir. Xüsusən rayonlarda bütövlükdə hakimiyyət icra hakimiyyətinə məxsusdur. Bu gün Azərbaycanda yalnız mərkəzi səviyyədə seçilmiş qanunverici orqan – Milli Məclis mövcuddur. Yerli səviyyədə, rayonlar səviyyəsində seçkili qanunverici orqan yoxdur. Yerlərdə bələdiyyələr mövcuddur ki, onların da hakimiyyət statusu yoxdur. Hakimiyyətin əhaliyə yaxınlaşması baxımından bölgələr səviyyəsində seçkili orqanlı şuraların yaradılmasına böyük ehtiyac var. Bu, ölkədə demokratik inkişafı təmin edən elementdir. Bu baxımdan Böyük Şəhər Bələdiyyəsi də şəhərin idarə edilməsi üzrə seçkili orqanın – bələdiyyə şurasının yaradılmasını nəzərdə tutan bir prosesdir. Və olduqca vacib prosesdir. Məsələn, şəhərlər ayrı-ayrı icra hakimiyyətlərinin nəzarəti altında olur. Bu zaman da kommunal, yol-nəqliyyat, infrastruktur kimi problemləri ayrı-ayrı icra hakimiyyətləri bir-birlərinin üzərinə atırlar. Əgər Bakıda vahid bələdiyyə şurası – real yerli hakimiyyət olarsa, bu halda həmin şura tərəfindən bütün şəhəri əhatə edən qərarlar qəbul edilər. Onlar Bakıdakı bütün proseslərə ümumi nəzarəti həyata keçirə bilər. Bu, bütün dünyada sınaqdan keçmiş metoddur”.
“Hakimiyyət buna getmək istəmir”
A.Mehtiyevin fikrincə, Azərbaycan hakimiyyətinin buna qarşı çıxması sırf siyasi maraqlarla bağlıdır: “Çünki ortaya yeni seçkili orqan atılır. Istənilən seçkili orqan nə qədər pis olsa da, o, əhalinin ehtiyaclarına çevik reaksiya vermək iqtidarındadır. Bu gün bələdiyyələrin səlahiyyəti olmasa da, əhali bir çox problemlərlə bağlı onlara üz tutur. Deməli, meriya institutunun yaradılması əhaliyə yaxınlaşmaq baxımından çox ciddi bir addımdır. Bu, seçkili orqan olduğundan və belə orqanları tədricən icra hakimiyyətlərinin nəzarətindən çıxdığından hakimiyyət buna getmək istəmir”.
Gültəkin