ibrahim ibrahimli-yeni

“Hakimiyyət daxilində kompromat savaşı başlayıb”

ibrahim ibrahimli-yeni«Qruplar arasında uzun müddətdir qapalı gedən mübarizə açıq müstəviyə keçib»

İbrahim İbrahimli: «Abbas Abbasovla İlham Əliyevin görüşü baş tutacaqsa, bundan sonra çox şey dəqiqləşəcək»

Rusiyada yaşayan azərbaycanlı oliqarxların və digər tanınmış şəxslərin bir araya gəlməsi, lakin qısa zamandan sonra fəaliyyətini müəyyən müddətə qədər dondurması geniş müzakirələrə yol açdı. Baş verənlərə müxtəlif yozumlar verilir. Bu və gündəmin zəbt edən digər mövzularla bağlı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimlinin fikirlərini öyrəndik.

– Rusiyada yaranan yeni təşkilat ətrafında müxtəlif fikirlər dolaşır. Sizcə, nə baş verir?
– Bu məsələdə həm siyasi, həm iqtisadi maraqlar, həm də Rusiyanın maraqları ola bilər. Hələlik məsələ tam aydınlaşmadığına görə mətbuatda müxtəlif versiyalar dolaşır. Bir məqamı diqqətə çatdırmaq istəyirəm. Təşkilatın yaranması ilə bağlı bəyanatdan sonra diaspora komitəsi də bəyanat verdi. Bundan sonra təşkilat fəaliyyətini dondurduğunu bəyan etdi. Ilham Əliyevlə görüşüb məsələyə aydınlıq gətirəcəyinə qədər təşkilat fəaliyyətini dayandırır. Biri digərini təkzib edən addımların atılması məsələnin mahiyyətində siyasi maraqların üstünlük təşkil etməsi, ağırlıq mərkəzinin məhz siyasi maraqlar üzərinə düşməsi ilə izah olunur. Bu 2013-cü il prezident seçkilərinə hesablanmış siyasi gedişdi, ssenaridi. Qısa zaman kəsiyində təşkilatın bir birini təkzib edən bəyanatlar verməsi Azərbaycan daxilindəki qruplar arası ziddiyyətin daha kəskin olmasından xəbər verir. Bu qruplardan birinin təkidlərindən sonra belə bir addım atıldı. Təşkilatın sədri seçilmiş Abbas Abbasovla Ilham Əliyevin görüşü baş tutacaqsa, bundan sonra daha dəqiq fikir söyləmək mümkündür. Nə qədər ki, bu görüş baş tutmayıb, bu insanlar öz məqsədlərini, məramlarını açıqlamayıblar, müəmmalar ortada qalacaq. Müxtəlif versiyalar ola bilər.
Son dövrlərdə Azərbaycan hakimiyyətinin daxilində bir gərginlik yüksələn xətlə davam edir. Xüsusilə prezident seçkiləri yaxınlaşdıqca, bu gərginliyin dinamikası daha da artacaq. Gülər Əhmədova olayının baş verməsi, arxasınca digər kompromatların ortaya çıxması və bu olay üzərində hakimiyyətdaxili qrupların özlərinin siyasi məqsədləri
üçün istifadə etmək cəhdləri yeni prosesin, kompromat müaribəsinin başlanmasından xəbər verir. Qruplar yaranmış vəziyyətdən istifadə edərək qarşısına biri digərini zəiflətmək məqsədi qoyub. Bu qrupların arasında uzun müddətdir qapalı səviyyədə aparılan mübarizə açıq müstəviyə keçib. Bunun da ən başlıca səbəblərindən biri Azərbaycan hakimiyyətinin 2013-cü il seçkilərinə taktikasının və strategiyasının hazır olmamasıdır. Kimin namizədliyinin irəli sürüləcəyi məsələsi qeyri-müəyyən qalır. Ilham Əliyevin müsahibəsində öz namizədliyi ilə bağlı qeyri-müəyyən danışması hakimiyyət daxilində Naxçıvan və Bakı-Şirvan qruplaşması arasında ciddi narahatlığın, təşvişin yaranmasına səbəb olur. Bakı-Şirvan qruplaşmasına başçılıq edən Paşayevlər qruplaşması ortalığa yeni iddia ilə çıxır. Ölkənin iqtisadi rıçaqlarını əllərinə keçirən, maliyyə-bank sistemində nüfuz sahibinə çevrilən, Naxçıvan-Qərbi Azərbaycan klanını küncə sıxışdırmağa başlayan Paşayevlər iqtisadi mövqelərini möhkəmlətdikdən sonra ortalığa siyasi iddia qoyublar. Artıq Mehriban Əliyevanın prezidentlik iddiasını gizlətmirlər. Istər beynəlxalq aləmdə, istər ölkə daxilində aparılan təbliğat kampaniyası bu məsələyə ictimai rəydə, siyasi və iqtisadi çevrələrdə müəyyən izahını tapır.

– Təşkilatda prezidentin qudası Araz Ağalarovla hakimiyyəti kəskin tənqid edən Rüstəm Ibrahimbəyovun bir araya gəlməsi diqqəti cəlb edir. Bununla bağlı nə deyə bilərsiniz?
– Güman ki, bu məsələ haqqında dövlət başçısı Ilham Əliyevin müəyyən məlumatı olub. Belə bir məlumat olmasaydı, təbii ki, orda tamamilə fərqli siyasi mövqelərdə dayanan, iqtisadi maraqları üst-üstə düşməyən insanların bir araya gəlməsi müəyyən suallar doğurur. Belə qənaət yaradır ki, bu insanlar həm Rusiyada, həm də Azərbaycanda biznes sahibidirlər. Əgər Heydər Əliyev dövründə bu oliqarxlar ölkədən çıxarılmışdısa, Ilham Əliyevin dövründə tamamilə başqa situasiya yaranıb.  Onların bir qismi Azərbaycanda fəaliyyət göstərirlər.
Abbas Abbasovun təşkilatın sədri seçilməsi də onu göstərir ki, orda fəaliyyət göstərən insanların hakimiyyətlə normal münasibətləri olub. Bu baxımdan güman edirəm ki, bu qurum hakimiyyət daxilində qarşı qarşıya dayanan qruplardan birindən – Paşayevlərdən dəstək alıb.

Rusiya “b” variantını işə sala bilər

– Bu təşkilatın yaranmasında Rusiyanın rolu ola bilərmi?
– Bir tərəfdən Rusiyanın Azərbaycanla bağlı müəyyən ssenarilə mövcudur. Gürcüstandakı seçkilərdən sonra Rusiya hakimiyyəti 2013-cü il prezident seçkilərinə də hazırlıqlı vəziyyətdə olmaq istəyirlər. Rusiya hakimiyyətinin “a” və “b” variantları var. Ilham Əliyev beynəlxalq ictimai rəyə məhəl qoymadan öz namizədliyini verərsə, bu bir variantdı. Onda Ilham Əliyev Rusiyanın köməyinə arxalanmalıdır. Yox, əgər Ilham Əliyev beynəlxalq vəziyyəti nəzərə alarsa, Rusiya özünün “b” variantını işə sala bilər. Bu variant isə Mehriban Əliyevanın prezidentliyə namizədliyinin müdafiəsidir. Bu nə qədər beynəlxalq əlamdə gedən proseslərə zidd olsa da, bu qeyri-müəyyən vəziyyətdə olan ailənin qəbul edəcəyi qərardan asılıdır. Bu təşkilatın Rusiya və Azərbaycan hakimiyyətlərinin ortaq layihəsi olması ehtimalı da yüksədir. Rüstəm Ibrahimbəyov özü də vaxtilə Mehriban Əliyevanın namizədliyini irəli sürməsi təklifi ilə çıxış etmişdi. Yəni, bu ehtimal da real görünür. Burda Rusiya və Azərbaycan hakimiyyətlərinin “b” planın reallaşdırılması bu ssenarinin mərkəzində dayana bilər.

Bir müddət sonra siyasi maraqlar toqquşacaq

– Gülər Əhmədova “ağzımı açdırmayın” deyəndən sonra YAP-dan ona qarşı hücumlar səngiyib. Bu, hakim partiya təmsilçilərinin əməllərinin ifşasından qorxusu ilə bağlı ola bilər?
– Bu hakimiyyət kriminal hakimiyyətdir. Korrupsiya üzərində qurulan, başında dövlət başçısının, aşağıda da məmurların dayandığı bir piramidanın idarə olunmasında məntiqi çalarlar da var. Hər kəs belə kriminal vəziyyətdə özünün gələcək müdafiəsini təşkil etmək üçün müxtəlif metodlar axtarır. Çünki kriminal vəziyyət istənilən an hər hansı məmuru, oliqarxı sıradan çıxara bilər. Bu baxımdan kifayət qədər kapital toplamış, piramidanın içində həm yuxarıya kapital vermiş, həm özü üçün sərmayə toplamış məmurlar öz müdafiəsini təmin etmək üçün bu cür çirkin, eybəcər metodlardan istifadə ediblər. Əgər rüşvət veribsə, onu videolaşdırıb, sənədləşdirib. Elşad Abdullayev verdiyi rüşvəti notarial qaydada sənədləşdirib. Hakimiyyət daxilində məmurların əlində kifayət qədər ciddi kopromatlar, həm özlərini müdafiə etmək, həm rəqiblərini təhdid, şantaj etmək üçün kifayət qədər ciddi arqumentlər var. Bu məmurların hər an həm iqtisadi maraqları toqquşur. Bir müddətdən sonra siyasi maraqlar toqquşmağa başlayacaq. Hakimiyyət daxilində qruplaşmalar regional faktor əsasında formalaşıb. Sabah iqtisadi cəhətdən bir biri ilə ortaq olan məmurlar həm regional əsasda qruplaşmaq zorunda qalacaq. Bir müddətdən sonra bu ziddiyyətlər daha kəskin müşahidə olunacaq. Artıq kompromatlar yağmağa başlayacaq. Bu kompromat savaşı hakimiyyətin bütün daxili mahiyyətini, eybəcərliyini ortalığa qoyacaq. Gülər Əhmədovanın, digər məmurların da əlində kifayət qədər kompromatlar var. Gülər Əhmədovanın hakimiyyət daxilində müəyyən mesajlar göndərməsi faktdır ki, onlar ortaq iş görüblər. Məmurlar birgə suç işləyiblər.
Bu baxımdan hakimiyyət daxilində sənədləşdirilmiş kompromatlar çoxdur. Bunu bildiklərinə görə Gülər Əhmədovanın kompromatları açacağından ehtiyat edirlər. O da bundan istifadə edərək özünə qarşı hücumu dayandırdı.
Eyni zamanda nəzərə almaq lazımdır ki, burda Naxçıvan qruplaşmasının başında dayanan Ramiz Mehdiyev hədəfə çevrilmişdi. Ehtimallar ortalığa çıxdı ki, əks tərəf, yəni Paşayevlər bu faktdan bəhrələnməyə cəhd edirlər. Bu da Naxçıvan qruplaşmasını, Ramiz Mehdiyevi öz oyunçularını müdafiə etmək zorunda qoydu. Həm də bu məsələ Gülər Əhmədovaya qarşı siyasi qərarın qəbul olunmasına mane oldu. Hələlik Gülər Əhmədova ilə bağlı qeyri-müəyyən vəziyyət davam edir. Ancaq hadisələrin gedişi göstərir ki, Ramiz Mehdiyev bu məsələdən məharətlə istifadə edib onun mövqeyini zəiflətmək istəyən qruplaşmaya qarşı dayana bildi.

İstənilən məmur bu suçda iştirak edir

– Bu faktla bağlı qaldırılan cinayət işinin prezidentin nəzarətində olduğu deyilir. Ancaq bu vaxta qədər prezidentin nəzarətində olan səs-küylü cinayət işlərinin heç biri açılmayıb. Bu dəfə vəziyyət necə olacaq və Gülər Əhmədova olayı hansı sonluqla nəticələnəcək?
– Bu kriminal hakimiyyətin mahiyyətindən irəli gəlir. Piramidanın başında dayanan adam dolayısı ilə də olsa, bu suçlarda iştirak edir. Kriminallaşmış hakimiyyət yalnız bu piramidanın başında dayanan dövlət başçısına xidmət edir, onun üçün çalışır. Onun kapitalını artılmaq üçün rüşvətdən, korrupsiyadan qazandığından verir. Eyni zamanda özü üçün də götürür. Burda istənilən məmur bu suçda iştirak edir. Gülər Əhmədova tipli adamlar isə dolayısı ilə iştirakçı olur.
Buna görə istənilən cinayətdə ya birbaşa, ya dolayısı ilə hakimiyyətin başında dayanan şəxsin adı çəkilir. Ona görə də bu tipli məsələlərdə nəzarətə götürülən cinayət işlərinin açılmasında maraqlı deyillər. Çünki bu cinayət işlərinin açılması hakimiyyətin bir daha ifşa olunması deməkdir.
Əlavə insanların ortalığa kompromatlar qoyması deməkdir. Azərbaycanda hakimiyyətin ifşasına yönələn dövləti cinayətlərin dövlət başçısının nəzarətində olması və proseslərin sona qədər açılmaması Heydər Əliyev dönəmindən qalma bir ənənədir. Indiki hakimiyyət də buna sadiqdir.

Fizzə