Hamıya elə gəlir ki, başa düşmək üçün ən asan predmet siyasət və məşğul olmaq üçün də ən ləzzətli şey hakimiyyətdi. Bu hisslər hər adama xasdır.
Platondan tutmuş N.Makiavelliyə qədər hamı hakimiyyətin mahiyyətini dərk etdiyini zənn edib. Makiavellidə o hiss o qədər güclü olub ki, o hətta özünün məşhur “Hökmdar” əsərinin monarxlara ən böyük hədiyyə olacağını güman edib. Lakin o vaxtdan bu günə qədər hakimiyyət, xüsusən də böyük, sərhəd və nəzarət bilməyən hakimiyyət təəccübləndirməkdə, heyrətləndirməkdədir.
Onun təbiətini nə müəyyən edir? Nədən hakimiyyət böyüdükcə onu itirmək qorxusu da bu hakimiyyətlə həmahəng böyüyür? Güman etmirəm ki, mən o sualların hamısına cavab vermək iqtidarındayam. Amma müəyyən ştirixlərin üzərində dayanmaq olar. O ştirixlər haradasa ümumi xarakter daşıyır. Məni heyrətləndirən də elə budur – demokratik sistemlər rəngarəng olur, onların liderləri biri-birindən çox fərqlənir, amma avtoritar quruluşların hamısı biri-birinə elə bənzəyir ki, sanki bir almanın iki üzüdür. Elə bu səbəbdən uzağa getməyə ehtiyac yoxdur…
Maliyyə oliqarxiyası
Bütün nəzarətsiz hakimiyyətlərin böyüməsində bir qeyri-xəttilik görünür.
Onu belə izah etmək olar ki, hakimiyyət azacıq böyüyən kimi həmin o kiçik və yaxud da ki, əvvəldə dediyimiz o azacıq hissə yeni artıma təkan verir, bu yolla zəncirvari proses baş verir. Bunun səbəbi çox sadədir. Hakimiyyət öz predmetini – cəmiyyəti “dişinə vurur”, onun müqavimətini görməyəndə bir qədər də artmağa, böyüməyə meyilli olur. Lakin burada paradoksal vəziyyət yaranır. Hakimiyyət böyüdükcə o həm də zəifləyir. Düz 19 ildir ki, ölkəni bir siyasi qüvvə idarə edir. Onun dayaqları həmişə mübahisə doğurub. O, nəyə söykənir? Onun dayaqları nədir? H.Əliyevin vaxtında, hələ özəlləşdirmədən bir qədər əvvəl bu dayaqların regional qüvvələr olduğu güman edilirdi. Bəli, o vaxt ölkənin siyasi cəhətdən iki fəal regionu bu hakimiyyətin dayağı zənn edilirdi. Özəlləşdirmədən sonra hakimiyyət yeni iqtisadi münasibətlərin və qüvvələrin fonunda özünə yeni dayaq formalaşdırmalı idi. Amma bu olmadı. Hakimiyyət azad işgüzar təbəqəyə arxalansaydı, indi ölkədəki vəziyyət çox fərqli olardı. Bunun da səbəbi odur ki, hakim zümrə siyasi hakimiyyətlə kifayətlənmədi, əsas iqtisadi “rıçaqları” ələ keçirərək oliqarxa çevrildi. Indi ölkənin əsas iqtisadi resursları bu oliqarx zümrənin nəzarətindədir. Ölkədə o yeganə iqtisadi vektordur ki, bütün imtiyazları var və hər cür rəqabət və ya inhisardan kənardadır. Yadıma gəlir, təxminən 10-15 il öncə Rusiya mətbuatında maraqlı bir yazı dərc olunmuşdu. Orada əvvəlcə siyasi hakimiyyətlə iqtisadi, daha sonra isə maliyyə hakimiyyətlərinin birləşməsi nəticəsində maliyyə oliqarxiyasının yaranmasından yazılmışdı. Indi mən bu ölkənin hakim zümrəsinin timsalında bu tendensiyanı hiss edirəm: əvvəlcə iqtisadi sektorlar, sonra isə banklar nəzarətə götürülür və hamısı bir zümrə tərəfindən idarə olunur. Artıq region-filan məsələsi də arxada qalıb. Indi iş o yerə çatıb ki, bu hakimiyyətdən ən çox narazılıq edən əvvəlcə ona dəstək vermiş iki fəal regiondur. Iş adamlarına gəldikdəsə onlar biri-birinin ardınca çökür, ölkədən qaçıb gedirlər, onlar öz bizneslərini hətta Gürcüstanda qurmağa daha meyllidirlər, nəinki öz ölkələrində.
Həm incidir, həm də qorxur…
Belə deyim var ki, siyasət konsensus yaratmaq sənətidir. Avtoritarlığa meyl edən sistemlərsə bu qızıl qaydanı nəzərə almırlar. Total hakimiyyəti həmişə çevrilmiş piramidaya bənzədirlər, onun dayağı, demək olar, yoxdur. Indi bir daha yazının əvvəlindəki bir suala qayıtmaq olar. Əliyevlərin hakimiyyəti nədir? Bu yalnız güc strukturlarına söykənən və kiçik bir zümrənin marağını ifadə edən siyasi instiutdur. O, hətta klan hakimiyyəti də deyil, çünki klanın belə sərhədləri bir zümrənin sərhədlərindən geniş olur. Indi icazəsiz aksiya üçün cərimələrin artacağı gözlənir. Bu nəyin göstəricidir? Təbii, qorxunun… Hakimiyyətin əsas nümayəndələrinin hətta yuxuları da narahat ton almağa başlayıb…
Kiçik sözardı
Bədii ədəbiyyatın yaratdığı təəssüratı heç nə əvəz etmək iqtidarında deyil.
Gənclikdə oxuduğum “Dəmir daban”ı (C.London) unuda bilmirəm. Sonra da bir neçə dəfə bu əsərə qayıtmışam. Səbəbi də budur ki, hamı inhisarçı və oliqarxik kapitalizmin taleyini müəyyən etməyə yönələn cəhdi V.Leninin adı ilə bağlayır. Lakin belə deyil. C.London ondan əvvəl yazıb, özü də çox gözəl yazıb…

Oliqarxiyadan sonra nə gəlir?..
•