Atəşkəs daha nə qədər can alacaq?

YAP hakimiyyəti Azərbaycanı çökdürməkdə israrlıdır. “İnkişaf” afı altında dövlətin qürurunu, potensialını məhv ediblər. “Atəşkəs” adı altında minlərlə əsgər və zabiti güdaza veriblər. Heç bir nəticəsi olmayan Qarabağ danışıqları ilə 26 ildir xalqı aldadırlar. Vaxtaşırı ordumuzun gücündən danışırlar, hərbi təlimləri göstərirlər, düşmənin acından öldüyünü tirajlayırlar. Amma reallıq bundan ibarətdir ki, vaxtaşırı əsgər tabutu qəbul edirik. İlham Əliyevin “lazım”ı yalnız düşmən üçün lazımlı olub. Bugün daha bir zabitimiz düşmən snayperinin qurbanı oldu. Hakimiyyət isə aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimizə divan tutur. Yəni, xaricdən erməni, daxildən isə hakimiyyət Azərbaycan əsgərinə qənim kəsilib.
Düşmən haqsız olduğu halda hər gü bizə yumruq göstərir. Biz isə XİN-in təslimçi bəyanatlarıyla, Elmar Məmmədyarovun şit açıqlamalarıyla kifayətlənməli olmuşuq.
Azərbaycan hakimiyyətinin Qarabağ siyasəti “atəşkəs rejimi” adı altında Azərbaycan əsgərini məhv etməyə hesablanıb.
Görünən budur ki, atəşkəs Azərbaycan tərəfinə aiddir, Ermənistan tərəfi isə atəşi kəsməmək missiyasını yerinə yetirir.
25 ildir atəşkəs rejimi can alır. Azərbaycan hakimiyyətinin “sülh danışıqları” nəinki tropaqları işğaldan azad etməyə, hətta atəşi bir gün dayandırmağa xidmət edə bilməyib.
Ona görə də hər gün qəbul etdiyimiz əsgər tabutlarının məsuliyyəti hakimiyyətin üzərindədir.
İlham Əliyev bu suallara cavab versin. Atəşkəs daha nə qədər can alacaq? Uzaqgörən siyasət niyə ölümü əsgərlərimizə bu qədər yaxın edib?
Biz əsgərlərimizin ölümüylə müqayisədə, “Formula-1″ə görə sevinməliyikmi?
Ən əsası “inkişaf” adı altında məğlubiyyət nə qədər davam edəcək?

Samir