YAP-ın qurucularından olan keçmiş deputat illərdir gizli saxlanılan məsələni «Azadlıq»a danışdı
Heydər Əliyev YAP-dan niyə çıxıb? Bu başlıqlı köşə ilə ötən həftə çıxış etdim. Açıq-aşkar fakt göstərdim və YAP rəhbərliyinə sual ünvanladım. Onlardan soruşdum: Heydər Əliyev partiya sıralarına nə vaxt dönüb?
Bu dönüş niyə geniş ictimaiyyətdən gizlədilib?
Heydər Əliyevin öz prinsiplərinə zidd gedərək yenidən YAP-a daxil olmasının səbəbləri nədir?
Elçibəyə irad tutduğu məsələni özü də həll etmədi
Bu suallar 24 avqust 1994-cü ildə Heydər Əliyev Rusiyanın “Nedelya” qəzetindəki müsahibəsindən yaranmışdı. Sualın mənbəyi konkret olaraq müsahibənin bu hissəsi idi:
“Prezident seçilənədək mən bir müddət ”Yeni Azərbaycan” Partiyasının üzvü idim, lakin onun sıralarını tərk etdim. Doğrudur, səbəb başqa idi. Elə hesab edirəm ki, prezident heç bir partiyaya üzgörənlik etməməlidir”.
Sitatdan göründüyü kimi, Əliyev qurucusu olduğu partiyadan istefa verdiyini göstərir və bunun izahını da verir.
Prezidentin partiyasız olması barədə yuxarıda verdiyimiz fikir Əliyevin yeganə çıxışı deyil. O, hakimiyyətinin ilk vaxtlarında da bu tip fikirləri çox təkrarlayıb.
Məsələn, daha bir sitatla tanış olaq: “Onunla (Əbülfəz Elçibəylə) Naxçıvandan telefon söhbətləri zamanı, fevralda onunla görüşərkən və sonralar, artıq iyun ayında, bizim yeni görüşümüz zamanı, mən ona demişdim ki, o, çox böyük siyasi səhvə yol verir. O, gərək prezident seçilən kimi Xalq Cəhbəsinin sədri vəzifəsindən gedəydi, çünki onu Xalq Cəhbəsi deyil, məhz Azərbaycan xalqı prezident seçmişdir” (Heydər Əliyevin 1993-cü ildə Rusiya telekanalına verdiyi müsahibədən. Mənbə: “Heydər Əliyev – Müstəqilliyimiz əbədidir” kitabı 1-ci cild)
Ayrılarmı rəhbər YAP-dan?!
Iki vacib xatırlatma edib, əvvəldə qoyulan suala dönək:
Bir: Əbülfəz Elçibəy prezident olarkən partiya yox, hərəkat sədri olub.
Iki: “Prezidentin siyasi mənsubiyyəti olmamalıdır” deyən Heydər Əliyev vəfat edənəcən, oğlu Ilham Əliyev isə bu günəcən YAP sədridir.
Heydər Əliyevin dilindən səslənən fikrə və bizim qoyduğumuz suala bugünədək YAP-ın heç bir rəsmi mövqeyi olmadı. Amma suallar cavabsız da qalmadı.
Cavab YAP-ın qurucularından olan və bu partiyanın adını verən Sirus Təbrizlidən gəldi.
Sirus Təbrizli 2007-ci ildə partiyadaxili demokratiya qıtlığını tənqid etdiyinə görə YAP-dan çıxarılıb. O, eyni zamanda, “YAP simasız quldurlar partiyasıdır” fikrilə yaddaşlara düşüb.
Heydər Əliyevin zamanında mətbuat və informasiya naziri olmuş Sirus Təbrizli məqalənin dərcindən iki gün sonra zəng edərək, suallarıma cavab alıb-almadığımla maraqlandı.
“Almadım” dedim.
O, cavabında dedi: “Çox mühüm məqama toxunmusunuz. Ilk dəfədir ki, Azərbaycan siyasi həyatı üçün vacib bir detala toxunulub. Ona görə də istəyirəm ki, mən Heydər Əliyevin YAP-dan çıxmasının və dönüşün əsas şahidi kimi bunları açıqlayım”.
Beləliklə Sirus Təbrizli təsdiq edir: “Bəli, Heydər Əliyev YAP-dan çıxıb!”
Sirus müəllim nəql edir: “Sitat gətirdiyiniz müsahibədən mən səhər tezdən xəbər tutdum. Onda hələ heç bir vəzifəm-filan yox idi. O müsahibə o vaxtkı rəsmi qəzetlərdə də dərc olunmuşdu. Səhər Kərim Kərimov zəng etdi. Telefonu qaldırdım, soruşdu ki, ”xəbərin var, Heydər Əliyev YAP-dan çıxıb?” Xəbərsiz idim, əlbəttə. Qəzeti alıb oxudum. Dərhal hazırlaşıb, metroya minib düz Cəlal Əliyevgilə getdim. Cəlal, nə söhbət olurdu, Heydər Əliyevə çatdırırdı. Onunla söhbət etdim, başa saldım ki, bu qərar çox yanlışdır. Tutaq ki, indi Heydər Əliyev prezidentdir, seçilib, bəs növbəti seçkilər? Bəs parlament, bələdiyyə seçkilərində nə olcaq? Növbəti prezident seçkisində o kiminlə seçkiyə gedəcək? Üstəlik, bildirdim ki, YAP Heydər Əliyevin çətin vaxtında yaradılıb, indi onun sıralarını tərk etmək cəmiyyətdə müsbət qarşılanmayacaq”.
“Xəbəri beşiyindəcə boğdum…”
S.Təbrizli bildirir ki Cəlal Əliyev dərhal onun mesajını Heydər Əliyevə yetirib: “Heydər Əliyev də ağıllı adam idi. Mənim düzgün təhlilimə inanıb YAP-dan çıxmaq məsələsini bağladı. Beləliklə, mənim şəxsi təşəbbüsüm nəticəsində bu məsələ elə beşiyindəcə boğuldu, ictimailəşdirilməsinə imkan verilmədi”.
Heydər Əliyevin minnətdarlığı
Sirus Təbrizlinin sözlərinə görə, bir qədər keçəndən sonra Heydər Əliyev bu addımına görə ona dolayı yolla minnətdarlığını da çatdırıb: “Bir dəfə o, Moldova prezidenti Petru Luçinski ilə görüşdən qayıtmışdı. Ikilikdə söhbət edirdik. Bildirdi ki, Luçinski ona bunları deyib: ”Heydər Əliyev sənə nə var, işin asandır, arxanda güclü siyasi qüvvə – partiya var. Məndə isə bu yoxdur. Ona görə də seçki mənim üçün çətin olacaq”. Bu, onun minnətdarlıq formasıydı. Doğrudan da güclü siyasi istinadgahı olmadığından Mirça Snequr sonra seçilə bilmədi”.
Natiq Güləhmədoğlu