Morninqstar hakimiyyətin yalanını ifşa etdi

Səfir dini radikallarla bağlı iqtidarın arqumentlərini puça çıxartdı

Fuad Qəhrəmanlı: Azərbaycanda radikal təmayüllər meydana çıxırsa, bu, siyasi rejimin xarakteri ilə bağlı olan məsələdir

Qərb qurumlarının Azərbaycanda demokratik azadlıqların, insan haqlarının pozulması ilə bağlı tənqidlərini hakimiyyət sərt qarşılayır. Iqtidar beynəlxalq aləmin diqqətini bu məsələdən yayındırmaq məqsədi ilə ölkədə radikal dini qruplaşmaların, dini cərəyanların fəallaşdığını önə çəkmək istəyir. Lakin bu arqumentlərin Qərb təşkilatlarını qane etməsi inandırıcı görsənmir. 
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Turan”a son müsahibəsində Azərbaycanda islam amilinin güclənməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, radikalizm – istər siyasi olsun, istərsə də dini – hakimiyyətin öz vətəndaşları üçün kifayət qədər imkan yaratmamasının nəticəsidir. Onun sözlərinə görə, bu o deməkdir ki, istər Azərbaycan olsun, istər başqa ölkə, cəmiyyətdə mühüm problemlər həll edilməyib, təbəqələrə ayrılma var, insanların öz qanuni hüquqlarını təmin etmək üçün leqal imkanları yoxdur. Azərbaycan daha açıq və daha demokratik olsa, radikalizm üçün əsas olmaz.

Səfirin bu fikirləri bir daha hakimiyyətin arqumentlərinin Qərb tərəfindən əsas kimi qəbul olunmadığını göstərir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ərəb ölkələrində baş verən demokratik inqilablardan sonra Qərbin, o cümlədən ABŞ-ın islama münasibətinin dəyişdiyini deyir. Çünki əvvəllər belə bir yanaşma var idi ki, avtoritar rejimlər islam aləmində sabitliyi, cəmiyyəti nəzarətdə saxlamaq üçün məqbul variantdır. Lakin sonradan aydın oldu ki, məhz avtoritar rejimlərin mövcud olması, cəmiyyətdə azadlıqların boğulması, sosial problemlərin kəskinləşməsi radikalizmi əsas qidalandıran faktordu.
F.Qəhrəmanlının sözlərinə görə, Azərbaycanda radikal təmayüllər meydana çıxırsa, bu, dinlə, mentalitetlə bağlı problem deyil. Bu məhz siyasi rejimin xarakteri ilə bağlı olan məsələdir. Siyasi azadlıqlar, demokratik hüquqlar məhdudlaşdırıldığı halda insanların radikal metodlara meyli güclənir. Səfir də öz açıqlamasında hakimiyyətin radikal islamla bağlı gətirdiyi arqumentlərin əsassız olduğunu ifadə edir.

Fizzə