Qənimət Zahid: “Məni öldürmədilər, amma…”

“Qurium” Media Fondu Azərbaycanda müstəqil medianın durumuyla bağlı araşdırma aparıb. Araşdırma çərçivəsində “Turan TV”nin rəhbəri və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin də fikirləri öyrənilib. Təşkilat araşdırma nəticəsində hazırlanan materialı öz saytında yayımlayıb. Yazının tərcüməsini təqdim edirik:

***

Təsəvvür edin, Azərbaycanda jurnalistsiniz. Elə bir yerdə ki, orada jurnalistlər təhdid altında fəaliyyət göstərir, orada hökumət jurnalistləri həbsxanaya salır, xəbər saytlarının qapadılmasına milyonlar xərcləyir. Təsəvvür edin, siz öz ölkənizdən qaçmalısınız, əks halda, öldürüləcəksiniz. Təsəvvür edin, bütün bunlara baxmayaraq, ölkənizdə çox populyar olan teleproqram hazırlayırsınız, aparırsınız. “Turan TV”nin yaradıcısı, “Azadliq.info”nun baş redaktoru Qənimət Zahidin həyatı belədir.
Q.Zahid daim Azərbaycan xalqını məlumatlandırmaq üçün göstərdiyi xidmətlərə görə “Sərhədsiz Reportyorlar”ın hazırladığı 100 nəfər “İnformasiya qəhrəmanı”nın siyahısında yer alıb:  “Mən ölkəni tərk edəndən sonra da sakit dayanmadım. Azərbaycan tarixində peyk vasitəsilə həftədə iki dəfə yayımlanan ilk televiziya proqramını – “Azərbaycan saatı”nı yaratdım. Bu, indi Azərbaycanda ən populyar proqramlardandır. Ona 2 milyon adam baxır. Bu proqram “Turan TV”nin də başlanğıc nöqtəsi oldu. Bu telekanal sutkada 24 saat fəaliyyət göstərir, ciddi video-bloqçuların proqramlarını yayımlayır”.


Q.Zahid fəxrlə deyir ki, telekanalı donor təşkilatların dəstəyi olmadan yaradıb və bununla fəxr edir: “Azərbaycanda söz azadlığı naminə yüzlərlə insan fədakarlıq elədi”.
Turan TV-nin Azərbaycanda yarım milyondan çox tamaşaçısı var. Telekanalın yaradıcısı deyir ki, bu, müqayisəyə gəlməyən layihədir, başqa yerdə beləsi olmayıb.
“Azadliq.info” “Azadlıq” qəzetinin saytıdır. Qəzet 1989-cu ildə təsis olunub. Q.Zahid 2003-cü ildən qəzetin baş redaktorudur. O, 2007-ci ilin noyabrında “xuliqanlıq” ittihamı ilə həbs olunub. O, 2 il yarım həbsdə saxlandıqdan sonra azadlığa buraxıldı. Bundan sonra 2011-ci ildə o, ailəsi ilə birlikdə “Sərhədsiz Reportyorlar” təşkilatının köməyilə Fransaya köçdü.
“Yadımdadır ki, mənə qarşı təhdidlər hələ 2000-ci illərin əvvəllərindən başlamışdı. Sonuncu dəfə ölüm təhdidini 2007-ci ildə aldım. Məni öldürmədilər, həbsxanaya saldılar”, – deyə Q.Zahid bildirir.


Deyir ki, sonra baş verənlər sanki dəhşət filmlərini xatırladırdı: “Mənim övladlarımı təhdid etməyə başladılar. Mən onları Fransaya gətirmək məcburiyyətində qaldım. Məlumat aldım ki, Azərbaycan hökuməti mənə qarşı sui-qəsd hazırlayır. Daha sonra Azərbaycandakı qohumlarım həbs olundu. Hər birinə 6 il həbs cəzası verildi. Amma bir müddət sonra onları buraxdılar. O adamlar tam günahsız idi”.
Azərbaycanda müstəqil jurnalistlər çıxılmaz vəziyyətdədir. Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, bu ölkədə jurnalistlərə qarşı hücumlar, təhdidlər, təqiblər adi hal alıb. Bu cür hallar çox nadir hallarda qanuna uyğun şəkildə araşdırılır. “Bundan əlavə, hökumət bir sıra məşhur jurnalistləri həbsxanaya salıb. Onların əksəriyyətinə qarşı ittihamlar saxta və siyasi motivlidir”, – Jurnalistləri Müdafiə Komitəsinin məlumatında deyilir.
Q.Zahid bildirir ki, Azərbaycanda azad şəkildə fəaliyyət göstərə bilən peşəkar media resursları qalmayıb. Məmurlar müstəqil jurnalistlərə qarşı sanki düşmən kimi davranırlar. Jurnalistlərə qarşı hücumlar araşdırılmır: “Hazırda bizim 3 əməkdaşımız həbsdədir”.
Ən pisi odur ki, hokumət təkcə jurnalistləri yox, sosial şəbəkə istifadəçilərini də təqib edir.
“Azadlıq” qəzetini susdurmaq uzun illər Azərbaycan hökumətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri olub. “Azadliq.info” saytına qarşı hücumlar, saytın bloklanmasına xeyli vəsait sərf edilib. Bu, başqa müstəqil KİV-lərə də aiddir. Kiberhücumlar xüsusən 2013-cü ildən sonra gücləndi və nəticədə “Azadliq.info” “Virtualroad.org”un təhlükəsiz hostinq infrastrukturuna keçdi. “Virtualroad.org”un köməyilə qısa müddətdə müəyyənləşdirildi ki, sayta DdoS hücumların əksəriyyəti Azərbaycandakı nazirliklərlə əlaqəlidir.
Təsəvvür edin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sizə qarşı kiberhücumlar təşkil etdiyini bilsəniz, özünüzü necə hiss edərsiniz?
“Bu iyrəncdir”, – Q.Zahid bildirir.
Kiberhucumlardan sonra 2017-ci ildə hökumət saytları bloklamağa başladı. “Virtualroad.org”un qiymətləndirməsinə görə, hökumət bundan ötrü bahalı texnologiyadan – “Deep Packet Inspection”dan istifadə edib.
“DdoS-hücumlar kimi, bloklanma da bizə pis təsir etdi. Bununla belə, DDoS-hücumlar “Virtualroad”un köməyilə zərərsizləşdirmək, yumşaltmaq olur. Ancaq sayta girişin ölkə daxilində bloklanması oxucularımıza çatımlılıq baxımından bizim imkanlarımızı ciddi şəkildə məhdudlaşdırır”, – deyən Q.Zahidin sözlərinə görə, hücumlar başlanandan bəri saytın oxucularının təxminən 50 faizini itiriblər.
2018-ci ilin aprelindı “Virtualroad” sayta girişin blokdan çıxarılmasnın qarşısını almağın yollarını arayıb tapmışdı.
“Virtualroad” Azərbaycanın azad mətbuatı üçün oksigen rolunu oynayır. Bizi qaçılmaz ölümdən xilas edirlər. Bu, Azərbaycanın jurnalistləri qədər, oxucuları üçün də çox vacibdir. Onlar möhtəşəm iş görürlər və buna görə onlara çox minnətdarıq”, – deyə Q.Zahid əlavə edib.
Bəs Q.Zahid ilk dəfə “Virtualroad” haqqında harada, necə eşidib? Baş redaktor belə cavab verib: “Mən dindar deyiləm, amma onların bizim üçün Allah tərəfindən göndərildiyini düşünürəm”.

Azadliq.info