AXCP sədri Əli Kərimli
Bir ailənin yox, bütöv bir millətin faciəsidir. Mütləq oxuyun və övladlarımızın, onlarla birlikdə millətin gələcəyinin necə məhv edildiyini bir daha görün. 8-ci sinif şagirdi Türkan Ələsgərova əlaçı idi. Ancaq o təhsilini, nəinki təhsilini, həyatını belə davam etdirə bilmədi. “Türkana qan sonuncu dəfə ölümündən 4 ay əvvəl vurulmuşdu. İmkanım yox idi ki, uşağı vaxtında Bakıya aparım, qan vurdurum… İş yoxdur, uşağın xəstəliyə görə müavinəti karta vurulmurdu, hansı qurumun qapısını döyüb kömək istəyirdiksə, deyirdilər, imkan yoxdur. Uşaq beləcə, gözümüz görə-görə öldü, getdi…” Türkanın atası Nadir Ələsgərov faciəsini belə nəql edir: “10 il idi ki, qan itkisindən əziyyət çəkirdi. Dolanışığımız olduqca zəifdir, Türkanınsa vitaminli, qan artıran qidalara ehtiyacı vardı. Bir uşaq ki, qan azlığından əziyyət çəkirdi və ehtiyac üzündən aylarla ət yeyə bilmirdi. Bu, bir tərəfə, son 4 ayı pulsuzluq üzündən heç Bakıya da apara bilmirdik ki, qan vurulsun… Yoldaşım Türkanı da götürüb indiki başçının yanına gedəndə, onun üstünə acıqlanıb, deyib: “Saxlaya bilmirdin, doğmayaydın”. Türkan balam gəldi, evdə xeyli ağladı, uşağın içində bir ölüm qorxusu vardı, o qorxunun əzabını çəkirdi, biz isə ona kömək edə bilmədiyimiz üçün ikiqat vicdan əzabı çəkirdik…” Balaca Türkanı beləcə, hər gün bir az öldürüblər ((
Meydan tv-yə bu yazıya görə təşəkkür. Yazının tamını şərh bölümündən oxuya bilərsiz.
Sonda qeyd edim ki, Türkan tək deyil, millətin minlərlə övladı, uşaqları belə faciəvi şəkildə məhv edilir. Azərbaycan hakimiyyəti isə bu balaca türkanlardan kəsdiyi pulları ilbəil Formula 1 yarışlarına xərcləyir, ya da oğurlayıb, ofşor hesablara daşıyır.
Bu balaca fidanların sərvətini acgözlüklə talan edib, özlərini soyuqqanlılıqla öldürən qatillərə indi mən necə sevgi mesajları göndərim?