Övladına özgə balalarının çörəyini yedirdən Fazil Mustafa bilməlidir: «Haqqımda hədyan yazmağı mənim bioqrafiyama şərəf gətirir»
Bu adam elə bilir ki, barəmdə hədyanlar yazacaq, böhtanlar uyduracaq, mən də narahat olacağam, əsəbiləşəcəyəm, Xanım Xəlilova kimi onun haqqında şəxsi kompromatlar – filankəs səni Türkiyəyə niyə apardı ittihamları yazacağam. Mən hətta onun haqqında öz sonuncu yazımdan “belə düşünmək bədbəxtçilikdir” sözünü çıxardım ki, birdən şəxsi məna verər. Amma mənim şəxsi mənada da qorxacağım yoxdur. Onun yazdığını Facebook səhifəmdə elə özüm paylaşdım.
Bu ölkədə hər mənada ən böyük günah xalqdan – başqalarının balalarından oğurlanan pullardan öz balalarına yedirtməkdir. Fazil də namaz qıla-qıla bu harama bulaşanlardandır. Böyük haramın və cinayətin içindədir. “Bu iqtidarın qərarlarını mən vermirəm” desə də, onun qərar məclisində oturub. Onun seçki şousunda, siyasi hiyləsində bir elementdir.
Yox, mən günah içindəyəmsə, görəsən mən niyə mandat, para, mənzillər almıram bu hakimiyyətdən. Mənim sadəcə yanıldığım adamlar olub, onlardan biri də Fazildir. Amma tək mən yanılmadım ki? Cənab Mustafa! Mənim bir yerdə duruş gətirmədiyimi yazırsan. Sən Elçibəyin yanından, yolundan hara getmisən? Mən yenə ordayam, müxtəlif qəzetlərdə olmuşam, amma həmişə eyni mövqeyim olub və heç vaxt övladlarıma haram yedirtməmişəm. Belə deyilmi?
Yazırsan: “Xalq Cəbhəsi yaranandan sonrakı illərdə onun strukturlarında irticanın ağır vaxtlarında aktiv rol almadın, ADP-nin ideyası ilə yaxından-uzaqdan əlaqən olmasa da, başçılıq etdiyin ”Hürriyət” qəzetindən yeyinti üstündə müəmmalı şəkildə qovuldun. “Günaydın” qəzeti ilə ara-sıra Elçibəyi təbliğ etməyi gözə soxaraq indi qulluq etdiyin “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin mövqelərinə qurşaqdan aşağı zərbə vurdun. Xatırlayıram ki, 1998-ci ilin payızında jurnalistlər aclıq edəndə, mətbuat irticaya qarşı birləşib mücadilə edəndə ANS-də onları təmsil edən Rauf Arifoğluna qarşı əks mövqe sahibi kimi yalnız səni tapıb qoya bildilər. 2003-də bizimlə birlikdə Böyük Quruluş partiyasını təsis etdin və seçkidə Isa Qəmbəri dəstəkləməyimizə etiraz olaraq partiyadan getdin. Onda ki, sənin deyiminlə desək, Ilham Əliyevi dəstəkləməmişdik, bizi niyə satırdın?”.
Öz yazdığına bax!
Sən dediyin kimi, 2003-ə qədər mən o günahların içində idimsə, niyə mənimlə partiya təsis edirdin? Niyə məni min xahişlə ora dartırdın? Amma bax gör əslində necədir?
Mən Elçibəydən heç bir vəzifə almamışam, amma bu günəcən onu müdafiə etdim…
“Hürriyyət”dən qovulmadım. Istefa verdim. Ölkənin ən böyük qəzetini yaratmışdıq Qurban Məmmədovla, onun yanında da başım ucadır. Yalandır sənin yazdığın.
Yalanın biri də budur ki, guya 1998-ci ildə mən Rauf Arifoğluya qarşı ANS-ə çıxmışam, əksinə, sən dediyin aclıq edən qəzet redaktorlarından biri mən idim. Onu müdafiə edirdim. ANS-ə YAP-çı Ağabəy Əsgərovla çıxmışam debata. Indiki dövrdə olsaydı bunlar, yəqin Ağabəy müəllimin yerinə sən gələrdin…
2003-də mən Isa Qəmbəri müdafiə etməyinizə görə partiyadan getmədim. Mən o zaman hətta seçkilərdə onun vəkili idim. Açıq təbliğatını aparırdım. Amma siz deyəndə ki, 1000 nəfər qohum-qardaşın adını yazdıraq, qurultay keçirib, onu müdafiə edək, hakimiyyətə gələndə bizim partiyaya da pay düşsün, mən dedim, bu saxtakarlıqdır. Amma sən pay almaq üçün bu saxtakarlığa getdin. Mən isə deyirdim ki, get sən özün şəxs olaraq onu müdafiə et. Çünki partiya yoxdur hələ. Yeri gəlmişkən, o partiya hələ də yoxdur. Hələ də siyasi kuruluna adam toplaya bilmirsən. Hökumət qərargah verməklə deyil ki.
Hətta mənə 2003-ün seçkidən sonrakı o ağır anlarında – sənin gizləndiyin günlərdə Müsavata keçməyimi irad tutursan! Əla! Görürsən, öləndən sonra liderindən imtina edən sənə bənzəmirəm. Çətin günlərdə evdə otura bilmirəm. Bəli, Azərbaycanda əyrilik edən və etmək istəyən çox kəslə dava etmişəm. Amma mən heç kim dara düşəndə onu qoyub qaçmamışam, kimsə öləndə ondan imtina etməmişəm. Sənin kimi. Yazımdan, fikirlərimdən imtina etməmişəm. Bu, sənin bioqrafiyandır. Sənin taleyindir.
Bunu tək mən desəydim, nə vardı. Sən bu xalqın gözündə özünə baxa biləsən kaş. Mandatına görə sənə təbəssüm edənlərə baxma, bu mandata görə sənə nifrət edənləri düşün. Hətta gör necəsən ki, fürsət ikən Rauf Arifoğluna yaltaqlanırsan. Onu da məndən qoruyursan öz aləmində. Birləşmək istəyirsinizsə, buyurun! Oradan da yazmağa başla!
Nəhayət:
Mən yazımda konseptual məsələ qoymuşam: Moskvanın yaratdığı 10 nəfərlik bir təşkilatın kölgəsindən qorxuya düşürsünüz, bəs xarici siyasətini macəra saydığın Elçibəy rus qoşunlarını buradan çıxarmasaydı, neyləyəcəkdiniz? Budurmu Elçibəyin uğursuzluğu? Hakimiyyətini qorumayıb ölkəsi üçün özünü təhlükəyə atıb. Budurmu macəra? Yoxsa bunlar kimi hakimiyyətlərini qorumaq üçün xalqını əzib, yadlara boyunmu əyməli idi? Onamı uğurlu siyasət deyirsiniz? Oğrulardan, xalq pulunu yeyənlərdən başqa kimə lazımdır bu uğur? Bu suallara isə cavab yoxdur!