Dünən muştuluqladılar, Bakının mərkəzində hərəkəti yenə məhdudlaşdırırlar.
Həm də 3 gün.
Həm də hansısa avtomobil yarışı üçün.
Iki saatlıq aksiyaların paytaxtın mərkəzində hərəkətə mane olduğunu əsas gətirib, sərbəst toplaşmaq azadlığını çöllü-biyabana, ucqarlara sürgün edənlər qızlar arasında hansısa idman yarışına, hansısa meqastarın gəlişinə görə Bakının mərkəzi küçələrini günlərlə bağlayarkən heçmi utanmırlar? Heçmi qızarmırlar?
3 gün mərkəzi yolların bağlanmasına, camaatın sərgərdan olmasına səbəb olacaq yarışın şüarı isə “Sürətdən həzz al”dır.
Şüara bir sözüm yoxdur, onsuz da biz çox sürətlə inkişaf edirik, hətta Ilham Əliyev bu yaxınlardakı bir çıxışında dedi ki, inkişafımızın sürəti xariciləri qısqandırır, onlar deyirlər ki, bəlkə bir az yavaşlayaq. Möhtərəm onu da əlavə etdi ki, bizim yavaşlamaq fikrimiz yoxdur, avtoş yarışının şüarı da göstərdi ki, hələ üstəlik, sürətdən həzz alacağıq.
Çox gözəl.
Bəs başqa vaxt deyirlər ki, yollardakı artan qəzaların səbəbi də korrupsiya – yolların keyfiyyətsiz inşası, pulnan sürücülük vəsiqələrinin verilməsi-zad deyil, yüksək sürətdir. Sürücülər sürəti azaltsalar, yollardakı bu qırğınlar da olmaz.
Yaxşı, indi bu necə olacaq – həm sürətdən həzz almalıyıq, həm də sürət bizi öldürür. Necə olacaq bu iş?
Yoxsa iqtisadi inkişafı günbəgün sürətləndirən yaptokratlar, bir növ iqtisadi inkişaf avtoşları adlandıra biləcəyimiz yapçılar bizə elə bunumu açıq-açıq demək istəyirlər: sizə ölüncə həyatdan, yaşamaqdan zövq almaq, həzz almaq imkanı vermək fikrimiz yoxdur. Siz ancaq ölüb həzz ala bilərsiniz – bizim sizə verdiyimiz iztirablardan, əzablardan qurtulduğunuza görə!
Demək istədikləri budursa, ta mənim söyləyəcək sözüm qalmır. Ömrü sürətləndirmək lazımdır. Həzzə tələsmək lazımdır.
Alman maşını nə üçün?
“Gülər parlamenti”nin komitə sədrlərinə təzə maşınlar alıb veriblər. Alman markası – “Mersedes S klass”. Nə ehtiyac vardı?
O maşınların yerinə, elə xalqın arasından adamlar seçərdilər də. Biri mən özüm, Siyavuş Novruzov istisna olmaqla (çox ağır çəkilidir, tab gətirəcəyimə söz vermirəm), istənilən komitə sədrini günün 24 saatı boynumda gəzdirə bilərdim.
Onsuz da 19 ildi elə bununla məşğuldurlar da – bizi minməklə…
Hansı şüara neçə sutka düşür?
20 oktyabr aksiyasına çıxanlara verilən sutkalıq həbs cəzalarının müddətinə baxıram: biri 7, digəri 8, o biri 9, 10 gün.
Anlamağa çalışıram: məhkəmə eyni aksiyada iştirak edənlərə fərqli həbs cəzaları kəsərkən, görəsən, hansı kriteriyalara söykənib?
Bu sualı “facebook” səhifəmdən virtual dostlara da ünvanladım, belə dostlardan biri Eldar bəyin cavabı xeyli ağlağatan, məntiqəuyğun oldu.
Eldar bəy yazmışdı: “”Azadlıq” deyən – 7 sutka, “Parlament buraxılsın” deyən – 8 sutka, “Istefa” deyən – 9 sutka, “Rədd ol!” deyən – 10 sutka”.
Fazil-zad
Gündəmdə bu qədər aktual, taleyüklü, qaçılmaz olan siyasi dəyişimdən xəbər verən mövzular varkən “Gülər parlamenti”nin üzvü Fazil Mustafanın bizə – tənqidçi yazarlara saldırmasına vaxt və enerji sərf etmək istəməzdim.
Yalnız ona görə yox ki, onun yalanları ağalarının xalqa söylədiyi yalanların yanında çox kiçik və əhəmiyyətsizdir;
Yalnız ona görə yox ki, bu gün vicdanlı adam Fazildən söyüş, hədyan deyil, xoş, tərifli söz eşitsə, sarsıla, özündən şübhələnər;
Həm də ona görə ki, bu adam tənqidçi qələmlərin üstünə getməklə, onlarla üz-göz olmaqla ağalarına “baxın, mən sizdən ötrü nə oyunlardan çıxıram, sinəmi hansı hücumlara sipər edirəm, üstümə nə tənələr, nə qınaqlar götürürəm” deyib qabağına qoyulan payı artırmaq istəyir. Odur ki, ona baş qoşub bu payın bir az da çox olmasına kömək etmək istəmirəm.

İnkişaf avtoşlarının sürət şüarı
•
•