Polad Bülbüloğlu “Yeni Müsavat”a “hücum” etdi

Qəzet Azərbaycanın Rusiyadakı səfirini məhkəməyə verir

Moskvada bir qrup azərbaycanlı zənginin Rusiyanın Azərbaycan Təşkilatları İttifaqı (RATİ) yaratması və bu ittifaqa Bakıdakı rəsmi strukturlardan mənfi reaksiyaların verilməsi ətrafında qalmaqal davam edir. Yeni qurumda  Azərbaycan hakimiyyətinin tanıdığı diaspor təşkilatı – Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbərliyində yer alan bəzi şəxslər də təmsil olunur. RÜATİ-nin təsisçilərindən olan Söyün Sadıqov ittifaqın qurulmasına Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da dəstək verdiyini açıqlamışdı. Azərbaycan dövlətini təmsil edən şəxsin Bakıdakı rəsmi qurumların qarşı çıxdığı ittifaqa dəstək verməsi ciddi ziddiyyət yaratmışdı. “Yeni Müsavat” qəzeti də bu ziddiyyətlə bağlı Azərbaycan səfirinin hakimiyyətə qarşı yönəldiyi iddia olunan birliyə dəstək verməsini “Polad Bülbüloğlu öz iqtidarını niyə satdı?” yazısı ilə dəyərləndirmişdi.
Polad Bülbüloğlu “Salamnews”un Moskva müxbiri ilə söhbətində “Yeni Müsavat”ın yazdıqlarını böhtan adlandırıb, həmçinin qəzetin ünvanına ittihamlar və təhqirlər ünvanlayıb.
Səfir iddia edib ki, qəzetin əməkdaşları nə vaxtsa ondan barəsində yazılmış məlumatın mənbəyini “satmaq” üçün pul istəyiblər: “Məndə bu redaksiyaya qarşı o qədər mənfi və alçaldıcı faktlar var ki, belə dəlillərə malik olduqdan sonra bu qəzeti nəinki oxumaq, hətta barəsində eşitmək istəmirəm. Bu qəzetdə elələri var ki, pulla kimi istəsən şərləyə bilər və sifariş əsasında ən iyrənc yalanı belə, yazmaqdan çəkinməz”.

“Yeni Müsavat” qəzeti isə səfirin bu ittihamları ilə bağlı məhkəməyə müraciət etməyə qərar verib, həmçinin P.Bülbüloğlunun “pul tələbi” iddiasının arxasında nəyin dayandığını araşdırıb: “Araşdırmadan sonra məlum olub ki, təxminən iki il əvvəl səfir onun barəsində “Yeni Müsavat”da dərc olunmuş “Polad Bülbüloğlunun qəbuluna düşmək 2 min manatdır” başlıqlı şikayətlə bağlı redaksiyaya tanınmış adamlardan birini göndərib və həmin məlumatı verən mənbənin kimliyini öyrənmək üçün pul təklif edib. Redaksiya da bu təklifdən imtina edərək mənbəni gizli saxlayıb: “İndi səfir utanmadan faktı tam tərsinə təqdim edir. Rüşvətlə mənbə satın almaq istəyən, buna nail olmadığı üçün qəzəblənən və “Yeni Müsavat”ı təhdid edən Polad Bülbüloğlu unutmasın ki, qəzetin sərəncamında onun çirkli həyatı və fəaliyyəti barədə kifayət qədər ciddi materiallar var. Hansılar ki, Polad Bülbüloğlu onlarla yaxın günlərdə tanış olmağa başlayacaq”.   
Baş redaktor Rauf Arifoğlu deyir ki, P.Bülbüloğlunun səsləndirdiyi təhqirlərə məhkəmə qiymət verməlidir: “Bu böhtan, təhqir və ittihamlara görə cavab verməlidir. Səfirin etik qaydalardan bu dərəcə uzaq bir reaksiya verməsi bir diplomata, bir ziyalıya, bir vətəndaşa yaraşmayan hərəkətdir. Buna görə də o, məhəkəmə qarşısında cavab verməli olacaq”.

Gültəkin