Vəkil 20 oktyabr aksiyasında həbs edilənlərlə görüşüb

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin sədri Əsabəli Mustafayev Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində olub. Bu barədə APA-ya Ə. Mustafayev məlumat verib. Ə. Mustafayev orada gənc fəalların oktyabrın 20-də Bakının mərkəzində keçirməyə cəhd etdiyi razılaşdırılmamış aksiyası zamanı saxlanılan şəxslərlə görüşdüyünü deyib: “Aksiya zamanı saxlanılan və inzibati həbs alan şəxslərin hamısı ilə görüşdüm. Ombudsman Aparatının da əməkdaşları orada idilər. Saxlanılan şəxslərin saxlanma şəraitindən narazılıqları yoxdur. Lakin özlərini təqsirli bilmirlər. Saxlanılanlardan Şakir Abbasov saxlanılan zaman polis əməkdaşlarının təzyiqi ilə üzləşdiyini bildirdi. Digər saxlanılan Şahin Mirzəyev isə asma xəstəliyindən əziyyət çəkir. Onun vəziyyəti iki dəfə pisləşib, təcili tibbi yardım çağırıblar ”.

Ə. Mustafayev, həmin şəxslərin həbs olunması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti hazırlandığını və yaxın günlərdə apelyasiya şikayətinin veriləcəyini də bildirib.

Qeyd edək ki, oktyabrın 20-də keçirilən aksiya zamanı 13 nəfər inzibati qaydada cəzalandırılıb.