Küveytdə ölkə tarixinin ən böyük etiraz aksiyaları keçirilib
Küveyt əmiri Şeyx Sabah əl Əhməd əl Sabahın seçki məcəlləsində etdiyi dəyişiklik ölkədə ciddi etirazlara səbəb olub. Srağagünkü nümayişlər ölkə tarixinin ən böyük etiraz aksiyaları kimi yadda qalıb. Seçki məcəlləsində dəyişikliklərə etiraz edən on minlərlə adamın qatıldığı aksiyalara polis göz yaşardıcı qaz və plastik güllələrlə müdaxilə edib. Daxili İşlər Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq toplanan qrup yeni seçki məcəlləsinə etirazlarını bildirib.
Müxalif islamçıların sosial şəbəkələr vasitəsilə etdiyi çağırışlardan sonra küçələrə axışan küveytlilər yeni qanunvericiliyin hakimiyət namizədlərinin xeyrinə hesablandığı bildiriblər. Ölkə tarixində ən böyük nümayiş olan aksiyalara qatılanların sayının 30 mindən 150 min nəfər qədər olduğunu deyirlər. Mitinqlər zamanı polislərlə nümayişçilər arasında qarşıdurmalar yaranıb. Təhlükəsizlik qüvvələri aksiyaları dağıtmaq üçün gözyaşardıcı qaz, səs bombası və plastik güllələrdən istifadə edib.
Yaranmış qarşıdurmalar zamanı xəsarət alanlar barədə rəsmi açıqlama verilməsə də xarici xəbər agentlikləri 100 etirazçının yaralandığını, 11 polisin də aksiyaçılar tərəfindən atılan daşlardan müxtəlif dərəcəli xəsarətlər aldığını bildiriblər. İslamçı fikirləriylə tanınan keçmiş deputat Vəlid ət Təbatəbai, müxalif Milli Cəbhə sözçüsü Xalid Fadlallah və qardaşı Raşidin də aralarında olduğu onlarla müxalifin həbs edildiyi xəbəri yayılıb.
Nümayişçilər ilk olaraq əmir, vəliəhd şahzadə və baş nazirin iqamətgahlarının olduğu Seyf Sarayına getmək istəyib. Polisin mane olmasından qəzəblənən kütlə şəhərin dəniz kənarındakı ən işlək küçəsini saatlarla bağlayıb. Keçmiş millət vəkili Abdulla əl Barhaş isə qeyri qanuni dəyişikliklər düzəldilənə qədər hakimiyyət əleyhinə aksiyalar keçirəcəklərini bildirib.