Tunisnamə

Avtoritar rejimlər haqqında, elə uzağa getməyək, bizim Əliyevlər hakimiyyəti barəsində fikirləşərkən, qorxu və qorxunun mahiyyəti haqqında düşünmək lazımdır. Ümumiyyətlə, qorxu belə bir şeydir:  onu özünə yaxına buraxanda milçək də adamın gözündə  filə dönür, onun üstünə gedəndə isə sən fili milçəyə çevirə bilirsən. Amma məsələ fili milçək qismində görməkdə deyil, zatən hamıdan Prometey olmaq tələb edilmir də. Problem qorxu qarşısında aciz qalıb milçəyi fil kimi görməkdədir. Bu, ağır bir ictimai dərddir, bu, bütöv bir cəmiyyəti özünə əsir-yesir etmək istəyən qüvvəyə bəri başdan məğlub olmaqdır.

Belə bir cəmiyyətdə yaşayırsansa, tez-tez sənə hakimiyyətin çox qorxulu olduğunu da deyəcəklər. Onların bir qisminin məqsədi xeyirxah da ola bilər. Amma heç kim demir ki, sən oda-alova atıl, sən özünü fəda elə. Sən sadəcə adi həqiqəti dərk etməli və bilməlisən, hakimiyyətlər o zaman doğrudan da qorxulu olur ki, sən və daha çox adam ondan qorxmağa başlayır. Daha çox adam qorxanda özü qorxaq olan hakimiyyət də qorxulu olur. Daha çox adam qorxanda sabah biabırçılıqla ölkədən qaçacaq bir qüvvə bütün bir cəmiyyət üçün, bütün bir xalq üçün qorxulu və təhlükəli olur. Daha çox adamın qorxması onu filə və əjdahaya çevirir. Halbuki o nə əjdahadır, nə də fildir, o sabah asanlıqla qaçacaq qorxaq bir qüvvədir, sadəcə daha çox adamın qorxması onu qorxulu edib. Problem elə bundadır. Hakimiyyətləri qorxulu edən həm də onlardan qorxanlardır…

Daha çox adam qorxanda qorxaq bir hakimiyyət Babək və Koroğlu üçün də qorxulu ola bilər. Seymur Baycanın təbirincə desək, bu halda Koroğlunun da cibinə narkotika atıb tutarlar. Və burada qorxudanların günahı ilə yanaşı, qorxanların da məsuliyyəti var.

Söhbət məsuliyyətdən getmir. Söhbət cəsarətli olmaqdan, qəhrəman olmaqdan da getmir. Sadəcə qorxmamaqdan gedir söhbət. Həqiqət budur ki, daha çox adam qorxanda bəlalar, absurdlar başlayır. Yaltaqlıq yer yalayır, satqınlıq boy atır. Insanlar nəinki danışmağa, hətta eşitməyə risk etmirlər. Inamsızlıq, ümidsizlik, acizlik az qala hamımıza hakim olur. Qorxanlar yaltaq və  satqınların çoxalmasına mənəvi yol açır, onları mənəvi zibilliyə itələyir. Çörək həqiqətə qalib gəlir, amma hətta çörək də qıt olur. Bu zaman əclaf bir sual cəmiyyətin arasında lənət kabusu kimi dolaşır: axı nə etmək olar, axı mən nə edə bilərəm?!

Sabah qorxu anı bir qığılcımla yox olanda, iradə Kür kimi daşıb bəndləri qıranda, hakim olanlar başqa ölkəyə qaçanda isə görürsən ki, etməli və etməməli çox şey varmış. Koroğlu, Babək olmaya bilərdin, amma qorxmaya da bilərdin…

Qorxmaya bilərik. Gör qorxu bizi haralara gətirdi. Bax həmin qorxu qorxağı da qorxudana çevirdi. Sonra da qorxudanın qaçana çevrilməsi var. Arada nə qədər cəsur adam bəlalara düçar oldusa, ondan da yüz qat çox adam hakimiyyətdən qorxsa da, həmin hakimiyyətin məsuliyyətsizliyindən, tamahından qurban oldu. Kimlərsə mübarizədə məhv oldu, kimlərsə də möhkəmlik naqili rüşvətxor məmurlar tərəfindən oğurlanın liftdən yıxılıb öldü…

***

Bu günlərdə kimsə Tunisdə Bertold Brextin şeirini oxuyurmuş:

Yalnız ədalətdir – xalqın çörəyi,

Bəzən bol olur, bəzən də çatmır.

Hərdən çox dadlıdır, hərdən yeyilmir.

Azdırsa çörəyi –  aclığa tabe,

Demək, narazıdır, heç rahat yatmır.