Bir vaxtlar azad və uzaq Amerikanın sevimli qəhrəmanı olan, gəncləri dərhal öz təsirinə salan, yaşlıları isə dərin-dərin düşündürən bir “avara” vardı. Holden Kolfild. Əslində, elə bir adam yox idi. Amma nə olsun ki?! Onu ölməz sənətkar Cerom Devid Selincer yaratmışdı. Yəni o hamınızın yaxşı tanıdığı “Çovdarlıqda uçurumdan qoruyan” adlı romanının əsas obrazı idi. Buna baxmayaraq, Holden Amerika Birləşmiş Ştatlarında, bütün dünyada min gerçək adamdan artıq dərəcədə özünə maraq yaradırdı.
Həmin əsərdə qəhrəmanın özünə verdiyi bir sual çox tez-tez yadıma düşür. Holden Kolfild məktəbdən qaçır, evə getmək istəmir, çox yerlərə gedir, yüz oyundan çıxır. Nəhayət, o, iki qadınla rastlaşır. Məsələ belədir ki, boş yer olmadığı üçün bu yeniyetmənin stolunda – deyəsən vağzal yeməkxanasında – iki qadın əyləşir. O qadınlardan birinin əlindəki nimdaş həsir zənbilə baxan yeniyetmə eynən belə zənbil gəzdirən və metroların ağzında xeyriyyə üçün pul toplayan qadınları yadına salır. Holdenin belə zənbillərdən xoşu gəlmirdi, amma hər halda hörmətlə xatırlayır ki, bu qadınlar özləri üçün toplamırlar pulu, doğrudan da xeyriyyə üçün çalışırlar. Və özünə belə bir sual verir: görəsən onun anası, xalası və yaxud qız dostunun anası bu cür zənbil gəzdirərdimi, ya da heç olmasa indi gəzdirdikləri gözəl və bahalı çantaları ilə metro ağzında dayanıb xeyriyyə pulu toplayardılarmı?
Holden “hə” cavabı verə bilmir. Düşünür ki, nəzərdə tutduğu qadınlar hətta ən yaxşı çantalarla da bu işi görməzlər yəqin. Niyə? Xeyli düşünür və cavab tapmadığı üçün yoluna davam edir.
Bu, tarix boyu davam edən fədakarlıq mövzusudur. Fədakarlıq xeyirxahlıqdan da, mübarizlikdən də üstündür. Sən xeyirxahlıq edə bilərsən, məsələn, metro ağzında xeyriyyə toplayan nimdaş çantalı qadınlara yardım edə bilərsən. Özün mübarizəyə girə bilərsən. Amma bundan artığını da etmək var. Holdenin dediyi kimi, sən metronun ağzında durub özün bu yardımları toplayır və ünvanlara çatdırırsan. Yaxud tək özün mübarizə aparmırsan, bütün imkanlarını bu mübarizəyə sərf edirsən.
Dünən Bakıda – Fəvvarələr meydanındakı aksiyada Azərbaycan qadınları avara Holdeni və onun atası – tənha dahi Cerom Selinceri heyrətləndirə bilərdilər.
Nərgiz Yaqublunun dünənki aksiyadan olan fotolarını gördünüz yəqin. Atası Tofiq bəy illərdir mübarizədədir, bacısı Nigar həbsdədir. Nigara qarşı bu hakimiyyət açıq qərəz nümayiş etdirib. Siyasi qərəz. Amma Nərgiz yenə də meydanda hayqırırdı. “Bacımın işi daha da çətinə düşər” demirdi. Özünün də tutulacağından qorxmurdu.
O qədər yaxşı tanımadığım başqa bir xanımın fotosunu isə bu yazıya əlavə etmişəm. Yəqin onu qəzetin başqa səhifələrində, həmçinin digər qəzetlərdə də görəcəksiniz. Mən həmin mənzərəni öz gözlərimlə gördüm. Yəqin ki, bu mənzərə nə mənim, nə də onu bircə dəfə fotodan belə görənlərin yadından çıxmaz. Bu xanım öz etirazını bildirməyə körpəsi ilə gəlmişdi.
Görəsən bu ölkəni idarə edənlər bu fotonu gördükdə nə düşünəcəklər?
Meydandakı adamların azlığı onları xoşbəxt edə bilər. Amma məhz o körpəsi qoynunda meydana çıxan qadının fotosu göstərir ki, bu meydan hökmən dolacaq. Hətta insanlar ora anaları və övladları ilə gələcək. Hələ qorxanlar var, amma görünən odur ki, bu qorxu hökmən sınacaq. Və sınır. Və xeyli sınıb.
…Çovdarlıqda uşaqları uçurumdan qorumaq elə bu hekayədir.

Körpəsi qoynunda
•