“Bizdə demokratik islahatlar çox sürətlə gedir. Buna görə hər yandan biz deyirlər: ”Belə sürətlə islahat aparmaq olmaz, bir az yavaşlayın”. Biz bu islahatları daha da davam etdirəcəyik, Azərbaycan daha da inkişaf edəcək, daha da demokratik ölkə olacaq”, – bunlar prezident andı içmiş, bu andı poza-poza gəlmiş I.Əliyevin bəlli yığıncaqdakı çıxışından seçmələrdir. Yalnız Aydan gələnlər I.Əliyevin bu yalanlarına inana bilərlər, biz yox. 19 illik Əliyevlər hakimiyəti boyunca Azərbaycanın bütün parametrlər üzrə geriyə doğru parlaq “inkişafını” görənləri belə yalanlarla aldatmağa çalışmaq… bu, gerçəklik duyğusunu itirmək deməkdir.
O yığıncaqda I.Əliyev özünü xalqın gözündə doğrultmaq üçün BP-ni suç keçisinə çevirmək istəmişdi. BP-nin reaksiyası yubanmadı: “Hər bir yaxşı ”petrokrat” kimi cənab Əliyev yaxşı başa düşür: neft gəlirləri onun ölkəsini darmadağından qorumaq, çevrəsini hakimiyətdə saxlamaq üçün tək yapışqandır”. Necə də gözəl deyilib, necə bir ustalıqla ultimatum göndərilib – ölkəni başına uçurarıq! Diplomatik dillə bunun niyəsini də göstəriblər: sən DEMOkrat deyil, PETROkratsan – sənin hakimiyətin xalqa deyil, neftə bağlı hakimiyətdir. Bu isə dayanıqsız, qıraq güclərə bağlı (o güclərdən biri, ən başlıcası BP-dir) hakimiyyət deməkdir. Belə hakimiyətin başında duran adam çevrəsilə birlikdə neft gəlirlərinə bağlıdır… BP-i “çoxdan tüstülənən əsgi” nəyə deyir, bilmirik, ancaq biz ata-oğul Əliyevlərin 40 ili aşan “inkişaf” nağıllarının bu xalqı necə TÜSTÜLƏNDIRDIYINI bilirik. TÜSTÜ getdikcə güclənməkdədir – bunu BP-i də bilir!
I.Əliyevin nağıl-çıxışına daha bir reaksiya… Avropa Şurasından gəldi: “Faktiki olaraq Azərbaycanda yerli, regional demokratiya yoxdur, eləcə də durumun dəyərləndirilməsinə yönəlik planlar yoxdur”. Bu bilirsiz nə deməkdir? Bu, Azərbaycanda yerli-dibli demokratiya yoxdur – deməkdir. Onda hansı “yavaşlamadan” danışılır? Demokratiyanın yerli-dibli olmadığı ölkədə “çox sürətli demokratik islahatlardan” danışmaq nə deməkdir? Ölkədə yerli-dibli demokratiya yoxdursa, onu necə “yavaşlamaq” olar? Bu nə absurddur belə? Hə, arxadaşlar, axı, bura Əliyevlərin Azərbaycandan Absurdstana çevirdikləri ölkədir. Burada 19 illik UĞURLU neft strategiyasının sonucu olaraq qanunçuluq baxımından dövlətin özü ABSURD xarakter daşıyır. Istər Əliyevlər, istərsə də əliyevçi komanda üçün dövlət saxta seçkiləri, alınıb-satılan mandatla formalaşan parlamenti, bütünlüklə rüşvətə brünmüş məhkəmə-hüquq sistemi, başdan ayağa korrupsiyaya bulaşmış hakimiyət strukturları ilə birlikdə böyük bir kommersiya obyektidir.
Yerli demokratiya demək, yerli özünüyönətim (özünüidarə) deməkdir. Bu isə demokratiyanın ilkin özül prinsipi deməkdir. Yerli özünüyönətim olmayan yerdə, başqa cür desək, demokratiyanın özül prinsipinin gerçəkləşmədiyi yerdə qaçağan, uçağan demokratiyadan danışmaq faktının özü prezident andının pozulması deməkdir – bilə-bilə xalqı aldatmaq, bilə-bilə xalqa yalan danışmaq baxımından. Avropa Şurası Azərbaycanda yerli özünüyönətimin virtual xarakter daşıdığını, bələdiyyələrin (yerli özünüyönətim qurumu) güclü kontrol altında olduğunu, onlara dövlət büdcəsindən çox az pul ayrıldığını bldirir. Görəsən, AŞ bu çox az ayırmanın çoxunun bələdiyələrdən çox-çox yuxarılarda mənimsəndiyini bilirmi? Gerçəkdən bələdiyyələr virtual xarakter daşıyır – bir yandan icra strukturlarının güclü kontrolu altında olan, o biri yandan pulsuz qalan bir “demokratiya” qurumunun hansı effekti ola bilər?

Səsdən yeyin demokratiyalı Azərbaycan
•