Azərbaycanlı məmurlara qarşı sanksiya çağırışı

Beynəlxalq Haqq və Ədalət Assosiasiyası Azərbaycandakı vəziyyətlə bağlı BMT və Avropa Şurasına müraciət etdi

Beynəlxalq Haqq və Ədalət Assosiasiyası dünən Ictimai Palatanın keçirdiyi dinc aksiyaya qarşı polis zorkılığıyla əlaqədar etiraz bəyanatı yayıb.
Bəyanatda bildirilir ki, Ictimai Palata saxta seçkilər yolu ilə və rüşvət əsasında formalaşdırılmış qeyri-legitim parlamentin buraxılmasını tələb edir, bu da vətəndaşların konstitusion hüququdur. Lakin təəssüf ki, insanların öz hüququndan istifadə etmək cəhdi bu dəfə də polis və mənşəyi məlum olmayan mülki geyimlilər tərəfindən zorakılıqla qarşılanıb. Bu və bundan əvvəl baş vermiş etiraz aksiyalarına hakimiyyətin dözümsüz və aqressiv münasibəti bir daha onu göstərir ki, Azərbaycanda qeyri-demokratik, anti-humanist rejim hökm sürür.
Beynəlxalq Haqq və Ədalət Assosiasiyası qeyri-qanuni olaraq həbs edilmiş dinc aksiya iştirakçılarının siyahısını BMT-nin baş qərargahı Isveçrənin Cenevrə şəhərində yerləşən Insan Haqları Komissiyasına, Avropa Şurası Parlament Assambleyasının 300 deputatına, “Amnesty International”, “Human Rights Watch” kimi tanınmış beynəlxalq hüquq-müdafiə təşkilatlarına göndərərək, onları həbs edilənlərin pozulmuş hüquqlarının bərpasına yardım etməyə çağırır.
Beynəlxalq Haqq və Ədalət Assosiasiyası eyni zamanda, beynəlxalq təşkilatlara müraciət edərək, onları Azərbaycanda hökm sürən rejimin nümayəndələrinə qarşı sərt sanksiyalar tətbiq etməyə, həmin şəxslərin korrupsiya yolu ilə əldə etdikləri, Avropadakı bank hesablarının dondurulması və onlara qarşı viza qadağasının tətbiqinə çağırır.