KXCP-dəki fraksiyaya daha bir dəstək

KXCP-nin Kürdəmir rayon şöbəsi “Demokratik Birlik” fraksiyasına dəstək verib. Fraksiyanın üzvü Qaya Əliyevin APA-ya verdiyi məlumata görə, bu barədə qərar oktyabrın 11-də rayon şöbəsinin yığıncağında qəbul olunub.
Rayon şöbəsinin toplantısının gündəliyində duran əsas məsələlərdən biri KXCP tərkibində yaranmış “Demokratik Birlik” Fraksiyasına münasibət bildirilməsi olub. Iclasa sədrlik edən Telman Novruzov çıxışında qeyd edib ki, partiya rəhbərliyinin son zamanlar yeritdiyi siyasət partiyanı milli-demokratik düşərgədən təcrid edib. KXCP üzvü Hüseynağa Süleymanov bildirib ki, ölkədaxili ictimai-siyasi proseslərdə və Ictimai Palatanın fəaliyyətində daha aktiv iştirak etmək üçün son dərəcə əhəmiyyətli bir format olan və bu yolda addımlayan “Demokratik Birlik” fraksiyasının təsis edilməsinə münasibət bildirilməlidir.