Milyarderlərin yaratdığı təşkilatın fəaliyyətini dayandırmasının pərdəarxası məqamları
Yeni yaranmış Rusiya Azərbaycan Təşkilatları Ittifaqının fəaliyyəti qurumun sədri Abbas Abbasovun Azərbaycan prezidenti Ilham Əliyevlə görüşünədək dayandırılıb. Həmin görüşün nəticələrinə uyğun olaraq təşkilatın gələcək taleyi barədə qərar qəbul olunacaq.
Bunu “SalamNews”un Moskva müxbirinə Rusiya azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatının (“AzerRos”un) prezidenti Söyün Sadıqov bildirib. Onun sözlərinə görə, bu qərar yeni strukturun məqsəd və vəzifələri haqqında həqiqətə uyğun olmayan təsəvvürlərə imkan yaradan, mətbuatda bəzi mənbələrə istinadən üzə çıxmış kəskin əsassız və mənfi məlumatların yer alması ilə əlaqədar təşkilatın təsisçiləri tərəfindən qəbul olunub. “Bu səbəbdən təşkilatın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Əldə olan məlumata əsasən, artıq gələn həftə Azərbaycanın dövlət başçısı Ilham Əliyev Rusiya Azərbaycan Təşkilatları Ittifaqının sədri Abbas Abbasovu qəbul edəcək və bu görüşün nəticələrinə əsasən təşkilatın perspektivləri barədə müəyyən bir fikir söyləmək mümkün olacaq”, – deyə o qeyd edib. S.Sadıqov onu da əlavə edib ki, Abbas Abbasov təşkilat təsisçilərinin 28 sentyabr tarixindəki iclasında yekdilliklə qurumun sədri vəzifəsinə seçilib: “Abbas Abbasov nəinki Azərbaycanda, hətta Rusiya və bütün MDB məkanında çox gözəl tanınır və böyük hörmətə malikdir. O, uzun müddət Heydər Əliyevlə birgə çalışıb, dəyərli dövlətçilik təcrübəsinə malikdir, Azərbaycan baş nazirinin birinci müavini postundan gedəndən sonra isə özünü ictimai fəaliyyətdə də ən yüksək səviyyədə göstərib. Çox qiymətli məqam həm də ondan ibarətdir ki, onun və Azərbaycan prezidenti Ilham Əliyevin arasında davamlı etibarlı münasibətlər və qarşılıqlı hörmət mövcuddur. Bu və digər amilləri nəzərə alan RATI-nin təsisçiləri yekdilliklə məhz Abbas Abbasovun namizədliyini tövsiyyə edib onu qurumun sədri vəzifəsinə seçdilər”, – deyə S.Sadıqov qeyd edib. Əlavə edib ki, I.Əliyevin müvafiq məsələlərə dair mövqeyi hamımız üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
Tanınmış şəxslərin biraraya gəlməsi yalnız diaspora fəaliyyəti ilə bağlı deyil
Hər bir halda təsis olunması ilə ciddi suallar yaradan məlum təşkilatın gözlənilmədən fəaliyyətini dayandırması ortada olan sualları bir qədər də artırdı. Bu baxımdan hazırda diqqət I.Əliyevlə A.Abbasovun görüşünə yönəlib. Rəsmi Bakı RATI-nin fəaliyətinə xeyir-dua verə bilərmi? Bu suallara mövqeyini öyrəndiyimiz ekspertlərlə söhbət zamanı aydınlıq gətirməyə çalışdıq.
Siyasi ekspert Zəfər Quliyevin sözlərinə görə, baş verənlərə bir mənalı qiymət vermək baş verənlərdən sonra çətin olsa da, hər bir halda cərəyan edən proseslər maraq doğurur. Təşkilatın fəaliyyətini qəflətən dayandırmasının mətbuatda müxtəlif versiyalara yol açıdığını deyən Z.Quliyev vurğuladı ki, rəsmi Bakının sərt mövqeyindən sonra belə addımın atılması təsadüfi deyil: “Əgər bu təşkilat əvvəlcədən elan olunduğu kimi diasporanın gücləndirilməsi məqsədilə yaradılmışdısa, ona bu cür sərt reaksiyalar verilməzdi. Təşkilatın fəaliyyətini dayandırması onu göstərir ki, tanınmış şəxslərin biraraya gəlməsi yalnız diaspora fəaliyyəti ilə bağlı deyil. Belə olmasaydı RATI-nin başçısı tələsik prezidentlə görüşə yolanmazdı”.
Hakimiyyətin yaranan təşkilata münasibət bildirməkdə çətinlik çəkdiyini Ə.Həsənov və başqa hakimiyyət təmsilçilərinin açıqlamalarından da hiss olunduğunu deyən Z.Quliyev bildirdi ki, ona görə bu yanaşma haqlı olaraq iqtidarda parçalanmanın yarandığı fikrini formalaşdırdı: “Belə görünür ki, hətta Ilham Əliyevin belə yaranan təşkilatla bağlı birmənalı mövqeyi yoxdur. Abbas Abbasovla Ilham Əliyevinin görüşünün hansı nəticə ilə bitəcəyi bəlli deyil. Amma birmənalı şəkildə onu demək olar ki, bu təşkilat hakimiyyətin bir qanadının istəyi ilə yaranıb”.
Yeni təşkilat hakimiyyəti ciddi təşvişə salıb
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin də fikrincə, RATI-nin yaradılması hakimiyyətdə ciddi narahatçılıq yaratdığı açıq görünür. Rusiyada imkanlı azərbaycanlıların daxil olduğu təşkilatı hakimiyyətin diasporda parçalanma kimi qələmə verməsinin reallıqdan uzaq olduğunu deyən S.Əkbər vurğuladı ki, görünür, münasibətlərdə hələ indidən gərginliyin yaranmaması üçün təşkilatın fəaliyyəti hələlik dayandırılıb: “Kifayət qədər maliyyə resursları olan azərbaycanlıların əvvəlki diaspor təşkilatından çıxaraq yeni bir təşkilat yaratması hakimiyyəti ciddi təşvişə salıb. Bunu iqtidarın davranışları da sübut edir. Baş verənlər siyasi xarakter daşıyır. Abbas Abbasovla Ilham Əliyevin görüşündə RATI-nin rəhbəri təşkilatlarının hakimiyyətə qarşı yönəlmədiyinə inandırmağa çalışacaq. Amma hər bir halda bu təşkilatın məhz siyasi məqsədlə yarandığı və hakimiyyətə bir mesaj olduğu gözəl bəllidir”.
“Üstlərinə qışqıran kimi…”
Sabiq spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev də Rusiyada azərbaycanlı oliqarxların yaratdığı qurumla bağlı açıqlama verib. O, Modern.az saytına bildirib ki, bu addımın arxasında külli miqdarda kapital toplamış adamların siyasi ambisiyalarını gerçəkləşdirmək cəhdi dayanır. Lakin, bu iddialarla həmin şəxslərin siyasi savadları uyğun gəlmir: “Azərbaycanda seçkilərin saxtalaşdırılması və bütün problemlərin rüşvətlə həll olunduğuna görə bəzi pulu olan şəxslərin siyasi ambisiyaları ağıllarının imkanlarına uyğun gəlmir. Onları da qınamaq olmaz . Əgər bir ölkədə idarəetmə bu səviyyədədirsə, demək, o ölkədə istənilən sıfır intillektli adam da bu işi görə bilər”.
R.Quliyev hesab edir ki, təzyiq olunduqda o adamlardan bəziləri qurumu tərk edəcək: “Həmin qurumda bir neçə ağıllı adamlar var və onlar heç bir siyasi oyunda oynamaq fikrində deyillər və istənilən vaxt o təşkilatdan çıxa bilərlər. Bəzi pullu ancaq ağıldan imkansızlar xaraktercə çox qorxaqdırlar, üstlərinə qışqıran kimi fəaliyyətlərini dayandıracaqlar. Bir sözlə Azərbaycanda vəziyyət o şəkildədir ki, sabahısı gün qeyri-azərbaycanlı millətindən olanlar da prezident postunu pulla almaq niyyətində ola bilərlər”.
***
Abbas Abbasovun Ilham Əliyev hansı mesajları gətirdiyini əlbəttə ki, onunla ölkə başçısı arasında keçirilən görüşdən sonra veriləcək açıqlamalardan və atılacaq addımlardan müəyyənləşdirmək olar.
Lakin bu məsələ ilə bağlı müəyyən məlumatlar var. Ilham Əliyevin RATI-nin yaranmasından məmnun qalmadığını yazmışdıq. Lakin maraqlıdır ki, bu təşkilata qarşı xüsusilə hakimiyyətdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin komandasına daxil olanların hücuma keçməsi diqqətdən yayınmadı. Bildirilir ki, Ramiz Mehdiyevin komandasının RATI-yə qarşı hücuma keçməsinin kökündə tanınmış dramaturq Rüstəm Ibrahimbəyovun təmsil olunması dayanır. Rüstəm Ibrahimbəyovun PA rəhbərinin hədəfində olduğu yeni məsələ deyil. Tanınmış dramaturqa qarşı Azərbaycanda aparılan kampaniyanın təşkilatçısı da Ramiz Mehdiyev hesab edilirdi. Rüstəm Ibrahimbəyovun hakimiyyəti, xüsusilə iqtidardakı “Naxçıvan” qruplaşmasını tənqid etməsi onu hədəfə gətirib. Bəzi ekspertlər isə bunu rusiyapərəst qüvvələrin qarşıdurması kimi xarakterizə edir. Onlar fikirlərini Ramiz Mehdiyevin Kremlə yaxın olması ilə izah edirlər.
Başqa məlumatlarda isə deyilir ki, RATI-nin fəaliyyətini dayandırmasında qurumda təmsil olunan milyarderlərlə Azərbaycan məmurlardan bəzilərinin isti münasibətləri də rol oynayıb. Məlumatlarda həmçinin deyilir ki, Abbas Abbasov Ilham Əliyevlə görüşə Rusiyanın mesajları ilə gəlir. Amma milyarderlərin özlərinin də hansısa mesajları ola bilər. Qeyd edək ki, Araz Ağalarov istisna olmaqla onların hamısı Azərbaycanda biznes sahəsində sıxışdırılıb.
Hikmət