“Onlar hamısı indiki hökuməti dəstəkləyir”
“Gülər Əhmədova qalmaqalı hakimiyyətdəkilərə də lazım deyil. Ona görə komanda gəlib ki, şeirləri, anekdotları yığışdırın”
Rusiyada yaşayan azərbaycanlı oliqarxların və başqa tanınmış azərbaycanlıların Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqını yaratması geniş müzakirələrə səbəb olub. Bunu Rusiyanın Azərbaycanla bağlı yeni planı kimi qiymətləndirənlər də, qurumun rəsmi Bakının razılığı ilə yarandığını iddia edənlər də var. Lakin Diaspor Komitəsinin bu qurumun yaradılmasını narazılıqla qarşılaması, ardınca təşkilatın fəaliyyətini müəyyən müddətə qədər dayandırması yeni fikirlərin ortaya çıxmasına səbəb olub. Bu və gündəmin başqa aktual mövzuları ilə bağlı politoloq Hikmət Hacızadənin fikirlərini öyrəndik.
“Gürcüstan variantı istisna edilir”
– Rusiyada yaranan azərbaycanlıların yeni təşkilatı Abbas Abbasov Ilham Əliyevlə görüşənə qədər fəaliyyətlərini dayandırdıqlarını bəyanat verib. Əslində nə baş verir?
– Burda dərin məna yoxdur. Burda yalnız hansısa xüsusi maraqlarına görə təşkilatın parçalanması ola bilər. Ola bilsin hardasa fəaliyyətlərində narazılıq var və buna görə də parçalanıblar. Yazırlar ki, burda Gürcüstan, Ivanişvili variantı var. Bunun o məsələyə dəxli yoxdu.
“Hökumət təşkilatı başlı-başına buraxıb”
– Təşkilatın yaradılması Azərbaycan hökumətinə xəbərdarlıq ola bilərmi?
– Yox, nə xəbərdarlıq ola bilər ki. Hökumət orda nə gəzir. Diaspor ictimai təşkilatdır. Ümumən onlar hamısı indiki hökuməti dəstəkləyir. Hökumət də onlardan narazı deyil. Nəzarət də eləmir, başlı-başına buraxıb. Onların içində də müsəlman dünyasındakı bütün qurumlarda olduğu kimi belə fikir ayrılığı oldu. Fəal adamlar başqa təşkilat yaratdı.
“Savadlılar iki yerə parçalanıb”
– Araz Ağalarovla “hakimiyyəti juliklər idarə edir” deyən Rüstəm Ibrahimbəyovun bir təşkilatda olması qəribə deyilmi?
– Rüstəm Ibrahimbəyov fəaliyyətə başlayanda onun şüarı belə idi ki, ətrafdakılar hökuməti işləməyə qoymur və savadlı adamlar lazımdı. Parlamentdə də savadsızlar toplaşıb. Ola bilsin indi də savadlılar iki yerə parçalanıb.
– Bu təşkilatı hökumətə alternativ, hakimiyyət daxilində bir parçalanma kimi qiymətləndirirlər. Siz necə düşünürsünüz?
– Bununla razı deyiləm. Bunlar savadlıların qurumudur.
– Bu hadisənin prezident seçkisi ərəfəsində baş verməsi təsadüfidir?
– Seçki var ki. Seçki bir il sonra olacaq.
– Bu ərəfədə Rusiya Azərbaycanın Azad Ticarət Zonsına üzv olması ilə bağlı növbəti dəfə təklif səsləndirib. Təşkilatın yaranması ilə belə bir təklifin səsləndirilməsinin eyni vaxta düşməsinin əlaqəsi ola bilər?
– Yox, ola bilməz.
“Komanda gəlib ki, şeirləri yığışdırın”
– Gülər Əhmədova “ağzımı açmayın” bəyanatını verdikdən sonra ona qarşı hücumlar səngiyib. Bu nə ilə bağlı ola bilər?
– Sadəcə olaraq bu qalmaqal heç kimə, hakimiyyətdəkilərin özlərinə də lazım deyil. Ona görə komanda gəlib ki, şeirləri, anekdotları yığışdırın.
“Gülər Əhmədova məsələsi yaddan çıxacaq”
– Ümumiyyətlə, Gülər Əhmədova qalmaqalı necə bitəcək?
– Çalışacaqlar ona yumşaq cəza versinlər. Ya da məsələni uzadacaqlar, sonra da yaddan çıxacaq. Bu variant da mümkündür.
– Elşad Abdullayev bildirib ki, əgər məsələ həllini tapmasa, yeni videolar yayacaq. Bu prosesə necə təsir edəcək?
– Göstərsin, onlara da baxaq. Ondan sonra nəsə demək olar.
– Diqqət çəkən başqa bir məqam Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı ölkə başçısına etdiyi müraciətdi. Müraciətdə bir çox məmurların adının çəkilməsi vaxtilə Hacı Məmmədovun ondan daha güclü dəstənin olduğunu deməsinin təsdiqi deylmi?
– Ola bilər. Bu, tamamilə inandırıcıdır.
“Cinayət işləri yadda çıxacaq”
– Hər iki işin prezidentin nəzarətində olduğu deyilir. Ancaq buna qədər Elmar Hüseynovun, Rail Rzayevin, Rafiq Tağının qətli ilə bağlı cinayət işləri də prezidentin nəzarətində idi və bu günə qədər açılmayıb. Bu cinayət işləri niyə açılmır?
– Mən də bu məsələyə şübhə ilə yanaşıram. Bundan əvvəlki cinayət işləri heç nə ilə nəticələnmədi. Ola bilsin bu da belə yaddan çıxacaq.
Fizzə