Liderlər aksiyaya münasibət bildirdi

Əli Kərimli: «Hakimiyyət özü seçki korrupsiyasının məhsulu deyilsə, nəyə görə vətəndaşlarının parlamentin saxta yolla formalaşmasına belə sərt münasibət bildirdi»

İsa Qəmbər: «Baş verənlər hakimiyyətin xalqın fəallaşmasından nə qədər qorxduğunu sübut elədi»

Bu gün Fəvvarələr Meydanında bir qrup ictimai-siyasi fəalın “Facebook”da elan etdiyi aksiya bir neçə saat ərzində paytaxt sakinlərinin diqqətini “parlament buraxılsın” tələbinə cəlb etdi. Aksiyanın nəticələrini necə qiymətləndirdikləri ilə bağlı müxalifət liderləri AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin mövqeyini öyrəndik.
AXCP sədri bildirdi ki, bu gün paytaxtın mərkəzində keçirilən aksiyanı siyasi partiyalar və ya İctimai Palata kimi vətəndaş hərəkatı yox, birbaşa sosial şəbəkə fəalları təyin etmişdi. Aksiyada müxalifət siyasi partiya fəalları ilə yanaşı xeyli sayda müstəqil insan, xüsusən gənclərin iştirak etdiyini deyən Ə.Kərimlinin sözlərinə görə, təqdirəlayiq haldır ki, Azərbaycan parlamentinin seçilməsinə, mandatların alınıb-satılmasına cəmiyyətin ən azı bir hissəsi etiraz etdi: «Təəssüf ki, hakimiyyət növbəti dəfə insanların sərbəst toplaşmaq azadlığını kobud şəkildə pozdu. Aksiyaya gələn insanlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilmədilər. Vətəndaşlar «parlamentə istefa» şıarını səsləndirdikləri zaman qısa müddətdə həbs olundular. Hazırda onlar polis idarələrində saxlanılırlar. Bu da növbəti dəfə ölkəmizdə seçki korrupsiyasının dövlət səviyyəsində müdafiə olunduğunu göstərir. Bu hakimiyyət özü seçki korrupsiyasının məhsulu deyilsə, nəyə görə Azərbaycan vətəndaşlarının seçki saxtakarlığına, o cümlədən parlamentin saxta yol ilə formalaşmasına etirazına belə sərt münasibət bildirdi».
Ə.Kərimlinin fikrincə, vətəndaş cəmiyyətinin müstəqil şəkildə təşkilatlanaraq, yüzlərlə insanın aktiv şəkildə iştirakı, minlərlə insanın isə kənardan müşahidəsi ilə keçirilən bu günki aksiya parlamentin saxta yol ilə formalaşmasına bir etiraz idi. Ə.Kərimli hesab edir ki, bu baxımdan vətəndaş cəmiyyətinin, vətəndaş fəallarının həyata keçirdiyi aksiya təqdirəlayiq idi.
Müsavat başqanı İsa Qəmbər isə bildirdi ki, aksiya «facebook» fəallarının təşəbbüsü ilə keçirilsə də İP də bu təşəbbüsə dəstək verdiyini bəyan etmişdi. İ.Qəmbərin sözlərinə görə, baş verənlər hakimiyyətin xalqın fəallaşmasından nə qədər qorxduğunu sübut elədi: «Hələ 20 oktyabr aksiyası təyin edilməmişdən əvvəl biz Müsavat Məclisinin iclasını eyni günə təyin etmişdik. Bu gün məclisimizi keçirdik. Saat üçdə aksiyanın keçirildiyini nəzərə alaraq toplantını 2-də tamamladıq. Artıq bu vaxta qədər Müsavatın qərargahı polisin, mülki geyimlilərin mühasirəsində idi. Gənclərlə, fəallar qərargahdan çıxıb fəvvarələr meydanına hərəkət etdiyi bir zamanda polis və mülki geyimlilər gənclərin əlindən plakatları alaraq xeyli tərəfdarımızı həbs etdilər. Daha sonra mülki geyimlilər qərargaha soxularaq Arzu Səmədbəylini, Gülağa Aslanlını faktiki olaraq oğurladılar».
Qərargaha polis və mülki geyimlilərin basqının hələ bir müddət davam etdiyini deyən İ.Qəmbər vurğuladı ki, partiya fəallarının etirazından sonra onları qərargahdan uzaqlaşdırmaq mümkün olub. Fəvvarələr meydanında yüzlərlə insanın iştirakı ilə aksiyanın keçirildiyini vurğulayan Müsavat başqanı bildirdi ki, gənclərə qarşı adekvat olmayan zorakılıq nümayiş etdirilib: «Bu hakimiyyətin vvətəndaşların hüququna necə sayğısız yanaşdığının göstəricisidir. Bütövlükdə «parlament buraxılsın» tələbi ilə keçirilən aksiyanı məqsədinə çatmış saymaq olar».

Xəyal