Qəzzafi xanədanlığının acınacaqlı sonu

Devrilmiş klanın öndə gələnləri indi haradadır?

Devrilmiş Liviya diktatoru Müəmmar Qəzzafinin ötən il oktyabrın 20-də üsyançılar tərəfindən ələ keçirilməsi və öldürülməsindən bir il sonra onun sağ qalan ailə üzvləri və yaxınlarının başına nə gəldi? Qəzzafinin üç oğlu 42 illik diktatorluğa qarşı üsyan zamanı öldürüldü. Onlardan biri Milli Təhlükəsizlik üzrə müşavir Mütəssim Qəzzafi atası ilə eyni gündə üsyançılar tərəfindən öldürüldü.

Öldürülmüş diktatorun sağ qalan ailə üzvləri 2011-ci ilin oktyabrından müxtəlif talelər yaşayıb. Onun dul xanımı Əlcəzairdə sığınacaq tapıb. Oğlu və keçmiş varisi Seyfülislam isə Liviya həbsxanasında məhkəmə qarşısına çıxarılacağını gözləyir. Beləliklə Qəzzafi klanının sağ qalan üzvləri bunlardır. Diktatorun xanımı Safiyə Qəzzafi hazırda Əlcəzairdədir. Bu ölkədə ona “humanist səbəblərlə” sığınacaq verilib. Safiyə Qəzzafi qızı Aişə və Qəzzafinin ilk arvadı Fəthiyədən olan oğlu ilə birlikdə Əlcəzairə avqustun 29-da, üsyançılar Tripoliyə nəzarəti ələ alanda qaçıb.

Liviyada həyat olduğu kimi davam etsəydi, Qəzzafinin oğlu Məhəmməd yayı Londonda, 2012-ci il Olimpiya Oyunlarında ölkəsinin Olimpiya Komitəsinin başçısı kimi keçirəcəkdi. Əvəzində, Qəzzafinin böyük oğlu üsyançılar Tripoliyə nəzarəti ələ alandan sonra Əlcəzairə qaçdı. Qəzzafinin ilk arvadı Fəthiyədən olan Məhəmməd həmçinin Liviyanın mobil telefon və peyk kommunikasiyalarına nəzarət edirdi.

Keçmiş varis Seyfülislam Qəzzafi atasının ölümündən bir ay sonra həbs olundu və o vaxtdan bəri Zintan kəndindəki həbxsanada saxlanılır. Nüfuzulu “London School of Economics” universitetini bitirmiş Seyfülislam Beynəlxalq Cinayət Məhkəməsi və Liviya məhkəmələrinin arasında mübarizə mövzusudur. BCM “insanlığa qarşı cinayətlərinə görə” onu məhkəmə qarşısına çıxarmaq istəyir. Yerli məhkəmələr isə onun Liviyada məhkəməyə çıxarılmasını istəyir. Liviya ədliyyəsi bu mübarizədə qalib gəlsə də, Seyfülislamın məhkəmə qarşısına nə zaman çıxacağı məlum deyil.

Liviya Futbol Federasiyası və Liviya Xüsusi qüvvələrinin keçmiş rəhbəri Səədi Qəzzafi Nigerdə sığınacaq alıb.
Səədi İtaliya futbolunda narkotika testlərinin müsbət çıxmasına görə yarımçıq qalmış karyerası və “playboy” həyat tərzinə görə tanınır. Niger Liviyanın onu ekstradisiya etmək tələbini rədd edib və ədliyyə naziri onun “ölüm cəzası” ilə üzləşəcəyini deyib.

Öldürülmüş diktatorun yeganə biloji qızı Aişə Qəzzafi də Əlcəzairdədir. Ona Əlcəzairdə anası və qardaşı ilə birlikdə sığınacaq verilib. Bu ölkəyə sığındıqdan üç gün sonra onun dünyaya qız gətirdiyi xəbər verildi. Qıza nənəsinin – Safiya – adını verdilər. Aişənin danışmasını istəməyən Əlcəzair hökumətinin gərgin nəzarətində olmasına baxmayaraq, o Suriya telekanalından istifadə edərək liviyalıları hökumətə qarşı “üsyana” çağırıb.

Polkovnik Qəzzafi həmişə iddia edirdi ki, onun qızı Hanaa 1986-cı ildə ABŞ-ın hava hücumu zamanı, 18 aylığında olarkən öldürülmüşdü. Ancaq inqilab başlayandan bəri Hanaanın sağ olmasına dair dəlillər artdı. Onun hazırkı statusu isə naməlumdur. Hanaanın ABŞ bombardmanından bir neçə il sonra atası və qardaşları ilə oynadığını göstərən video yayılmışdı.

Devrilmiş rejimin beynəlxalq mediada üzü olmuş Musa İbrahimin taleyi barədə heç nə məlum deyil. O, demək olar ki, hər gün jurnalistlərə brifinq verirdi və üsyançılar şəhərə girsələr də, rejimin qalib gələcəyini deyirdi. Müxalifət qüvvələri Tripolini alandan az əvvəl onu paytaxtda görmüşdülər. Onun həbsi barədə şaiyələr olsa da, heç biri doğrulanmayıb.

Bir zamanlar Qəzzafi rejiminin ən qüdrətli adamı olmuş və üsyanlar zamanı ölkədən qaçmış Musa Kusa indi Qətərdə yaşayır. Bu ölkə Liviya inqilabının əsas maliyyəçilərindən və müdafiəçilərindəndir. Kusa 1994-2009-cu illərdə Liviya kəşfiyyat xidmətlərinin rəhbəri olub. Ölkədən qaçdığı günədək isə xarici işlər naziri vəzifəsini daşıyıb.
“BBC Panorama” proqramının apardığı təhqiqata görə, o şəxsən məhbuslara işgəncə verib və 1996-cı ildə Əbu Salim həbsxanasında 1200 insanın ölümülə nəticələnən qətliamın törədilməsinə iştirak edib.

“BBC Azərbaycanca”