Oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirilən “hicab aksiyası”nın əsas təşkilatçısı sayılan şəxs dünən gecə həbs edilib.
“Azpolitika.info”nun Daxili İşlər Nazirliyinə yaxın mənbəyə istinadla verdiyi məlumata görə, uzun müddət imiş hüquq-mühafizə orqanları təşkilatçının kimliyini, hansı dini icmaya yaxınlığını tapa bilmirlərmiş. Buna da səbəb sıravi aksiya iştirakçılarının əsas təşkilatçını tanımamaları olub. Mənbənin məlumatına görə, saxlanılanlardan yalnız bir nəfərin ziddiyyətli ifadələri hüquq-mühafizə orqanlarına əsas təşkilatçılardan birinin – Cavid Məmmədhüseyn oğlu Məmmədov adlı şəxsin izinə düşməyə imkan verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, dünən gecə Cavid Məmmədov Nəsimi rayonu ərazisində gizləndiyi mənzildə həbs edilib.
DİN-dəki mənbə Cavid Məmmədovun kimliyi barədə də məlumat verib. Məlumata görə, Cavid Məmmədov Neftçala rayonunda anadan olub. 10 il Suriyada və İranda yaşayıb, həmin ölkələrdə dini təhsil alıb. Məlumatlara görə, aparılan araşdırmalar Cavid Məmmədovun Suriya və İrandakı radikal təmayüllü dini təşkilatlarla ciddi bağlantılarının olduğunu üzə çıxarıb. Gizləndiyi evdə axtarış zamanı isə silah, ölkəyə qanunsuz yolla gətirilmiş dini ədəbiyyat və külli miqdarda İran və Suriyanın milli valyutası aşkarlanıb.