Türkiyədə Mikayıl Cabbarov qovğası davam edir

Azərbaycanlı məmur “Hürriyət”ə təkzib verdirdi; Fatih Çəkirgə “Bu iş burada bitməz” dedi

Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Fatih Çəkirgənin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov haqqında bir müddət öncə yazdığı yazılar böyük hay-küy doğurmuşdu.
Xatırladaq ki, F.Çəkirgə “Hürriyet”in 13 avqust sayında bir azərbaycanlı məmurun İstanbul-Barselona təyyarə reysinin biznes-klasında dava saldığı, stüardessaya özünün qanunsuz tələbini yerinə yetirmək üçün təzyiq göstərdiyi, hətta onu işdən çıxartdıracağı ilə hədələdiyi haqda yazmışdı. Bir gün sonrakı köşəsində isə həmin məmurun Mikayıl Cabbarov olduğunu açıqlamışdı.
Mikayıl Cabbarov isə haqqında deyilənlərlə bağlı açıqlama yayaraq, türkiyəli jurnalisti təkzib etmiş və bildirmişdi ki, barəsində yazılanlar iftira və yalandır. Çəkirgənin yazdığı hadisənin iştirakçısı yox, şahidi olub. O, “Hürriyet” qəzetindən təkzib də tələb etmişdi.
“Hürriyet” qəzeti bugünkü sayında Mikayıl Cabbarovla bağlı təkzib verib. Cabbarov və vəkilinin hazırladığı, məhkəmənin qərarı ilə dərc edilən təkzibin mətnini Fatih Çəkirgə öz köşəsində yerləşdirilib. Təkzibdə bildirilir ki, Fatih Çəkirgənin yazdıqlarının Mikayıl Cabbarova və Azərbaycana heç bir aidiyyatı yoxdur. Müəllif bəlli olmayan səbəblərdən ölkənin və idarə rəisinin imicinə zərbə vurub.
Çəkirgə təkzib mətninin ardınca ona münasibətini də yazıb. O, məhkəmənin təkziblə bağlı qərarına etirazını ifadə edib. Yazıb ki, məhkəmə bu qərarı Türkiyə Hava Yollarından (THY) məsələ ilə bağlı arayış almadan çıxarıb.
“Tamam, məhkəmə qərarına hörmətim var. Amma anlamadığım bu: Məhkəmə nədən THY-dən məlumat istəmədi.
Çox yaxşı bilirəm ki, hadisə ilə əlaqədar təyyarə bələdçisi rəsmi məruzə haızrladı. Özünə olan hörmətsizliyi tək-tək yazdı.
Sərnişinlərin siyahısı o hesabatda var. Neçə nömrəli oturacaqdakı sərnişinin bələdçini hədələdiyi, “Səni işdən çıxartdıracam” dediyi hesabatda açıq şəkildə yazılıb”, – deyə Çəkirgə yazır.
Müəllif sonda məsələni belə qoymayacağını qeyd edir: “Gözümün qarşısında baş verən bu hadisə ilə əlaqədar araşdırmaya və yazmağa davam edəcəyəm. Bu iş burada bitməz”.