Kremlin layihəsilə ilə bağlı yeni təfərrüatlar
Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqının yaradılması səbəbi ilə bağlı müxtəlif versiyalar səslənməkdədir. Təşkilatın tərkibinin müxtəlif spektoru hətta etməsi bir sıra suallar yaratmamış deyil. Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqı Rusiyada yaşayan bir qrup azərbaycanlı tərəfindən yaradılıb. Təşkilatda sürpriz isimlər də təmsil olunur.
Bu sırada ölkə başçısı Ilham Əliyevin qudası Araz Ağalarov, baş nazirin sabiq müavini Abbas Abassov, tanınmış dramaturq Rüstəm Ibrahimbəyov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Ağamirov, iş adamları Vahid Ələkbərov, Telman Ismayılov və Isgəndər Xəlilovun adını çəkmək olar. Siyahıda Rusiya Dövlət Dumasının üzvü, RF baş nazirinin keçmiş müavini Ramazan Abdulatipovun da adı var. Azərbaycan hakimiyyəti bu təşkilatın yaradılmasına sərt reaksiya verib. Bu barədə açıqlamalar mətbuatda dərc olunduğundan təkrarçılıq etmək istəmirik.
Bəs görəsən, ekspertlər bu təşkilatın yaradılması səbəbləri barədə nə düşünürlər?
Bu adamları birləşdirən yeganə amil Rusiyadır
Siyasi ekspert Zəfər Quliyev hesab edir ki, baş verənləri təhlil etmək və birmənalı fikir söyləmək bir qədər çətindir. Bu təşkilatda həm iqtidara, həm də müxalifətə yaxın şəxslərin cəmləşməsinin bir sıra suallar yaratdığını deyən Z.Quliyev bildirdi ki, eyni zamanda təşkilata Putinə birbaşa bağlılığı olan şəxslərin və Azərbaycanla bir o qədər də sıx bağlılığı olmayan dağıstanlı Ramazan Abdulatipovun üzv olması proseslərin ciddiliyindən xəbər verir: “Bu təşkilata daxil olan adamların siyahısına baxanda istər-istəməz sual verirsən ki, bütün bu şəxsləri nə birləşdirir? Bu adamları birləşdirən yeganə amil Rusiyadır. Təşkilatdakı iş adamlarının əksəriyyətinin biznesləri sırf Rusiya ilə bağlıdır. Burada eyni zamanda Putinin seçkidə müşaviri olmuş Söyün Sadıxov da var. Hazırda bu şəxs Rusiya xüsusi xidmət orqanlarına yaxındır”.
Z.Quliyev hesab edir ki, hazırda baş verənlər daha çox hakimiyyətin bir hissəsinin daha ciddi təşkilatlanmasının təzahürü kimi dəyərləndirilməlidir.
Rusiya alternativ yollar arayır
Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, baş verənlər bir mesajdır. Z.Əlizadənin fikrincə, təşkilatda birləşən bu şəxslər hakimiyyətin yuxarı hissəsinin laxladığını hiss etdiklərindən belə bir addım atıblar: “Rusiya Azərbaycan hakimiyyətinin inkişafının artıq mümkün olmadığını gördüyündən alternativ yollar arayır. Rusiya Azərbaycanın tanınmış iqtisadi, siyasi, ictimai xadimlərini bir yerə toplayaraq onlar vasitəsilə hakimiyyəti nəzarətində saxlamaq istəyir. Baş verənlər Rusiyanın daxili ehtiyaclarından qaynaqlanır. Rusiyanın planın həyata keçməsi Azərbaycanın Kremldən aslılığını daha da artıracaq”.
Bu insanlardan ehtiyat platsdarm hazırlanması mümkün deyil
AVP sədrinin müavini Zahid Oruc isə bu məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, Rusiyada yaranan azərbaycanlıların yeni Ittifaqı ölkəmizə gələcək siyasi hakimiyyət axtarışlarının nəticəsi deyildir. Z.Oruc vurğuladı ki, çünki bu qurumun idarəçılyinə rəhbərlik edənlərin böyük əksəriyyəti hazırki Azərbaycan iqtidarına yaxın və bağlı insanlardır: “Onların indiki dövrdə əsas iqtisadi fəaliyyətlərinin məkanı və xarakteri deməyə əsas verir ki, bu insanlardan ehtiyat platsdarm hazırlanması mümkün deyil. Söhbət heç də böyük pul kütləsinə malik olanların içərisindən yeni siyasi lider yetişdirmək problemindən getmir. Yaxud da onların Rusiyadakı biznes və mülkiyyət asılılığına görə Azərbaycan əleyhinə yönləndirilməsi də qeyri-real ssenaridir. Müəyyən sayda uğur qazanmış milli simaların timsalında hüquq və mənafe mübarizəsinə girmək ən effektli yoldur. Burada başlıca səbəb maliyyə çatışmazlığı və təşkilati pərakəndəlik deyil, həm də uzaqgedən konsepsiyalara malik ola bilməmək və hədsiz rəqabət mühitinin tələblərinə uyğunsuzluqla bağlıdır”.
Z.Oruc onu da vurğuladı ki, Putinin azərbaycanlıları səfərbər etməsi və Azərbaycan hakimiyyətinə təzyiq üçün “mühacirət hökumət”i hazırlaması kimi təqdimatlar əsassızdır.
Rusiya artıq düyməyə basmış
Deputat Fazil Mustafa da bu məsələyə münasibət bildirib. O, “lent.az” saytında dərc edilən “Ivanzadə” başlıqlı məqaləsində yazıb: “Ölkənin başını Rusiyanın günəşi vurmağa başlayır. Kimsə sevinməsin orada baş verənlərə. Çünki Rusiyanın sevmədiyi birinci kateqoriya insanlar Rusiya hegemoniyasını həzm etməyən xalq hərəkatı bazasındadır. Hakimiyyət içində Rusiya qatarını illərlə gözləyənlər isə yetərli saydadır. Təsəvvür edin ki, qatarın təkərini Rusiyadakı səfirimiz Polad Bülbüloğlu yağlayıb relsə qoymuş. Bir şey də aydındır ki, Rusiyadan bu dəfə gələn qatarda heç Nərimanov da olmaya bilər. Ancaq Ivanzadə olacaqdır.
Rusiyada baş verənlərin mahiyyətini hamı dərhal anlasa da, hər kəs Anadolu türklərinin deyimi ilə “salaqlama yapmaya” başlamış. Rusiya artıq düyməyə basmış. Uzun illərdən sonra Azərbaycana ilk ciddi real siyasi təzyiqə start verildi. Rusiya Azərbaycan Təşkilatları Ittifaqı elə simaları birləşdirmiş ki, onları hətta Azərbaycan iqtidarı çalışsaydı belə, bir təşkilata yığa bilməzdi. Diasporla Iş üzrə Dövlət Komitəsinin bu təşkilata qarşı etimadsızlıq ifadə edən bəyanatı da məsələnin mahiyyətini diplomatik yolla açmış oldu. Yeni ittifaqdan verilən cavab isə şifrələrin tam açılmasına gətirib çıxardı: “Biz siyasi fəaliyyətlə məşğul olmayacağıq və Ilham Əliyevə sadiqik”. Əgər deyilsəydi ki, “biz Azərbaycana sadiqik”, bu, daha ölçülü-biçili və manevr etməyə uyğun cavab olardı. Çünki istənilən qaranlıq niyyətləri “Azərbaycana sadiqliyin” arxasında gizlətmək mümkün. Ancaq “Ilham Əliyevə sadiqik” sözündən sonra gələn ritorik sualı gec-tez cavablandırmaq tələb olunacaq: “Bəs Putinə necə? Sadiqsinizmi?”. Putinə azacıq belə sadiq olmamanın bədəlini Telman Ismayılov cənablarından soruşsalar, yetərli olar.
Əslində bu qurumda yer alan insanlar Rusiya mühitində bəlli bir mərtəbəyə yüksəlmiş imkanlı və qabiliyyətli azərbaycanlılardır və onlara normal sayğı duymaqdayam. Arqumentlərinə də inandırıcı baxa bilərəm. Ancaq bu format birbaşa Putinin onları bəlkə də məcbur etdiyi bir formatdır və hədəfləri Azərbaycan üçün Rusiya mətbəxində nəyinsə hazırlanmasıdır!”.
Hakimiyyətdən narazı milyarderlər
Rusiyanın Azərbaycan Təşkilatlarının Ittifaqını yaranmasına münasibətlərdən görünür ki, hər kəs bu qurumun Kremlin Azərbaycan hakimiyyətinə yönəlik layihəsi olmasının fərqindədir. Elə biz də dünənki sayımızda əsasən bu versiyanın üzərində dayanmışdıq. Bununla belə təşkilatda təmsil olunanların hakimiyyətin adamları olması barədə fikirlər də səsləndirilir. Lakin bu fikirləri əsassız edən ciddi arqumentlər var. Yalnız Araz Ağalarov istisna olmaqla digər şəxsləri bu hakimiyyəti bağlayan bir nəsnə yoxdur. Rüstəm Ibrahimbəyovla bağlı məsələ aydındır. Tanınmış drmaturq dəfələrlə hakimiyyəti sərt tənqidləri ilə yadda qalıb. Hakimiyyət də cavabsız qalmayıb. Hətta Rüstəm Ibrahimbəyov rəhbəri olduğu Kinematoqrafçılar Ittifaqının “dublikat”ı da yaradılıb.
Rusiyada biznes imperiyası olan Telman Ismayılova Azərbaycanda bu imkanlar tanınmır. Hər halda Azərbaycanda Telman Ismayılovun iri biznesi olması barədə məlumatlar yoxdur. Bu halda onun Azərbaycan hakimiyyətinin adamı olması barədə iddialara şübhə ilə yanaşılmalıdır.
Digər iş adamları Vahid Ələkbərovla Isgəndər Xəlilovun Azərbaycandakı biznesinə isə müxtəlif maneələr yaradılır. Vahid Ələkbərova məxsus “Lyukoyl” şirkətinin fəaliyyəti Azərbaycanda məhdudlaşdırılıb, Isgəndər Xəlilovun isə otel biznesinə isə əl qoyulub. Ən əsası idxal-ixrac əməliyyatları ümumiyyətlə, bu şəxslərin üzünə bağlıdır.
Söyün Sadıxov daha çox Rusiyaya yaxın şəxsdir və Rüstəm Ibrahimbəyovu müdafiə ilə bu hakimiyyətə münasibətini ortaya qoyub.
Abbas Abbasova gəlincə, o, könüllü istefa versə də, əslində “vurulmuş” kadrdır. Azərbaycan reallığında həqiqətən, səmimi şəkildə “könüllü istefa” praktikasına rast gəlinməyib. “Könüllü istefa” sadəcə hansısa məmurun “qələmi qırılanda” hakimiyyət tərəfindən ona edilən bir jest olaraq dəyərləndirilir.