Dünən ABŞ-ın çiçəyi burnunda səfiri Morninqstarı dinlədik.
Nə dedi?
Dedi ki, önəmli olan Ilham Əliyevin üçüncü dəfə prezident seçilməsi deyil, seçkinin demokratik keçirilib-keçirilməyəcəyidir.
Bu açıqlaması ilə Morninqstar demokratiyanın təməl prinsiplərindən birini əzib keçmişdir.
O prinsip ABŞ Konstitusiyasına edilən 22-ci düzəlişə səbəb olub.
Bəli, ABŞ Konstitusiyasına edilən 22-ci düzəliş məhz bir şəxsin iki dəfədən artıq prezidentliyini yasaqlayır.
Indi belə çıxır ki, Morninqstar demokratiyanın təməl prinsiplərindən birini əzib keçməsi bir yana, təmsil etdiyi ölkənin Ana Qanununun önəmli müddəalarından birinə qarşıdır.
Əks halda cənab səfir cavab verməlidir: bir halda ki, bir şəxsin istədiyi qədər prezidentlik iddiasında olmasının heç bir önəmi yoxdur, önəmli olan həmin iddianın demokratik bir seçimlə gerçəkləşməsidir, o zaman niyə ABŞ və azadlıqların olduğu bütün ölkələrin Konstitusiyasında belə bir yasaq var? Önəmli olan demokratik seçkidirsə, həmin ölkələr də o demokratik seçkini ən üst səviyyədə keçirirlər. Bəs niyə bir nəfərin bir neçə dəfə namizəd olması qadağan edilib? Bu önəmsizdirsə, o yasağın anlamı nədir?
***
Ey Morninqstar!
Bu ölkənin ağlı başında insanları dönə-dönə, üstünə basa-basa vurğulamaqdadır: biz bu ölkəyə azadlıqların qaranquş kimi başqa ölkələrdən uçub gəlməsini gözləmirik.
Biz demokratiyanın bu ölkəyə xonçada ərməğan edilməsi arzusunda da deyilik.
Bizim tək bir istəyimiz var: özünü dünyanın “demokratiya mərkəzi”, “azadlıq paytaxtları” elan edən ölkələri bu despot rejimi dəstəkləməsin, yetər.
Onun kürəyini sıvamasın, yetər.
Onunla qaranlıq sövdlələşmələrdə olmasın, yetər.
Seçkinin rəsmi nəticələri açıqlanmadan telefon açıb YAP namizədini “qələbə münasibəti ilə” təbrik eləməsinlər, yetər.
Verdiyi səsin arxasında durmaq üçün küçələrə çıxan insanları işgəncə maşınından keçirməyə həvəsləndirməsinlər, yetər.
Öz ölkələrinin vətəndaşlarına layiq bilmədikləri bir rejimi bizə rəva görməsinlər, yetər.
Biz hüquqa, ədalətə, azadlıqlara dayalı bir sistemi bir əsrdə iki dəfə qurmağı bacarmış toplumuq. Üüncü dəfə də bacararıq.
Yetər ki, Qərb özünün ən vazkeçilməz dəyərlərini Azərbaycanda alver alətinə, bazarlıq predmetinə çevirməkdən vaz keçsin.
Azərbaycanı çağdan qoparan, geriyə aparan, 21-ci əsrdə feodal idarəçiliynə sığınan bir rejimin öz ömrünü daha da uzatmaq planının parçasına çevrilməsin.
***
Ey Morninqstar!
Bu ölkənin düşünən beyinləri çox yaxşı fərqindədir ki, Azərbaycanın despotizmdən qurtuluşu, demokratiyaya doğru addımlaması bizim öz əlimizdədir.
Əgər indiyədək edilən fədakarlıqlar, cəfakeşliklər bunun üçün kifayət etməyibsə, deməli, daha çox fədakarlığa, cəfakeşliyə ehtiyac var.
Daha çox çalışmağa, çarpışmağa ehtiyac var.
Amma bu heç bir xarici gücə, – həm də o xaricə gücə ki, özünü demokratiyanın beşiyi və keşikçisi adlandırır, – haqq vermir ki, bütün mahiyyəti hüquq və azadlıqlara qarşı olan…
Çağdaşlığa qarşı olan…
Milli iradəyə, hüqüuqun üstünlüyünə qarşı olan…
Gücünü talançılıqdan, oğurluqdan, korrupsiyadan alan…
Zorla, zorakılıqla, dəyənəklə, işgəncə ilə mayalanan bir rejimin öz ömrünü uzatmaq üçün qurduğu çirkin ssenarilərə tərəfdaşlıq etsin.
O ssenariləri önəmsiz adlandırsın, o ssenarilərin necə ekranlaşdırılacağını önəmli saysın.
Sizin Ilham Əliyevin üçüncü prezidentlik iddiasının deyil, bu iddianın demokratik, yoxsa qeyri-demokratik gerçəkləşəcəyini önəmli saymağınız təxminən buna oxşayır: qətl önəmli deyil, önəmli olan qətlin qanlı, yoxsa qansız yolla törədilməsidir.
Belə bir məntiq varmı? Absurdun da bu qədəri olarmı?
Demokratiyanın qətlinə şərik olmayın!

Ey Morninqstar!
•
•