qaralov-esgerov

Zakir Qaralovla Fuad Ələsgərovun başı dərddə

qaralov-esgerovRamiz Mehdiyev İlham Əliyevə Zuğulbadakı iqamətgahda nələr deyib?

Baş prokuror Zakir Qaralov və Prezident Administrasiyasının (PA) hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Gülər Əhmədova olayı”nın güdazına gedə bilər. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Mənbə bildirib ki, “Gülər Əhmədova olayı”ndan bir neçə gün sonra, daha dəqiqi sentyabrın 30-da PA rəhbəri Ramiz Mehdiyev ölkə başçısı Ilham Əliyevlə görüşüb.
Görüş ölkə başçısının Zuğulbadakı iqamətgahında baş tutub. Ramiz Mehdiyevlə Ilham Əliyev “Gülər Əhmədova olayı”nı müzakirə edib. Müzakirələr gecə saatlarına qədər çəkib və buna görə  Ramiz Mehdiyev həmin gün ölkə başçısının iqamətgahında gecələməli olub.
Mənbənin sözlərinə görə, PA rəhbəri ölkə başçısını inandırıb ki, məsələnin geniş miqyası almasına şərait yaradılması həm ona, həm də bütövlükdə hakimiyyətə qarşı ciddi təxribatdır. Ramiz Mehdiyev buna görə Zakir Qaralovla Fuad Ələsgərovu təqsirkar sayıb və onlar barədə ölçü götürülməsinin vacibliyini Ilham Əliyevin diqqətinə çatdırıb. Ölkə başçısı PA rəhbərinin arqumentlərini qəbul edib. Lakin indiki məqamda Fuad Ələsgərovla Zakir Qaralovun cəzalandırılmasının hakimiyyət üçün ciddi fəsadlar törədə biləcəyini vurğulayıb. Ramiz Mehdiyevlə Ilham Əliyev razılaşıb ki, baş prokuror və  şöbə müdiri ilə hesab “Gülər Əhmədova olayı”nın ajiotajı səngiməsindən sonraya saxlanılsın.
Mənbə iddia edir ki, məhz Ilham Əliyevlə görüşdən sonra arxayınlaşan Ramiz Mehdiyev ilk dəfə olaraq bu olayın özünə qarşı ciddi təxrit olması barədə məlum bəyanatı verib.
Artıq “Gülər Əhmədova olayı”nın ajiotajı nisbətən səngiyib. Lakin Ramiz Mehdiyev səhhətindəki problemlərlə əlaqədar Azərbaycandan kənardadır. Mənbə əminliklə deyir ki, PA rəhbəri müalicəsini başa vurub qayıtdıqdan sonra Zakir Qaralovla Fuad Ələsgərovun məsələsinə nöqtə qoyulacaq.

Namiq