“Barmaqqıran” polisin naşı vəkili

 

Polis qoçudur, yoxsa hüququn mühafizəçisi?

 

Azərbaycanda qanunlar işləmir, bu, çoxdan sirr olmaqdan çıxan hadisədir. “Qanuna görə” ifadəsi ilə başlanan cümlələr qurmaq indi bizim vətəndaşlarda ən çox təbəssüm yaradan əməldir. Bu ağır və gərgin günlərdə sizdə təbəssüm yaratmaqda pis bir cəhət görmədiyimdən yazıram: “Polis haqqında” qanuna görə, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhəli bilinən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır”.

 

Bu uzun cümləni birbaşa qanundan köçürməyə Bakı şəhər Baş Polis Idarəsinin Ictimai Təhlükəsizlik Idarəsinin rəisi Nurullah Məmmədxanlının müsahibəsini oxuyandan sonra məcbur oldum. M.Nurullah  20 yanvarda Şəhidlər Xiyabanını ziyarət edərkən Süleyman Nemətov adlı polis mayorunun Müsavat başqanı Isa Qəmbəri hədələməsinə haqq qazandırıb, hüquq-mühafizə orqanının əməkdaşından çox, YAP funksioneri kimi danışıb.

Polis məmuru hesab edir ki, Isa bəyin “bölücülük salmayın, insanları bölməyin” iradına S.Nemətovun “barmaqlarını sındıraram” deməsi adekvat cavabdır. Nurullah müəllim bu fikirlərinə əlavə edib ki, siyasi və ictimai mənşəyindən asılı olmayaraq, heç kim polisə hədə-qorxu gələ bilməz.

Sıralarında Hacı Məmmədov kimi killer yetişdirən Azərbaycan polisinin yuxarıdakı cavabı təəccüb doğurmur. Bir polis rejimində bunlar adi hallardır. Lakin bunu hər kəs bilməlidir ki, hələ də qüvvədə olan qanun polisə də heç kimi hədələməyə icazə vermir. Hətta cinayətkarı da hədələmək olmaz. Qanunun bu aşkar tələbini ayaq altına atıb tapdalayan, süleymanlar, nurullahlar “güc olan yerdə ağıla ehtiyac yoxdur” məntiqi ilə hərəkət edənlərdəndi. Gücün isə vəfasız bir xarakteri var – o, daim insanla olmur. Bir gün o, süleymanları, nurullahları tərk edəndə Hacı Məmmədov kimi zarıyaraq özlərinə ölüm diləyirlər.

N.Məmmədxanlı Isa Qəmbəri yamanlamaq üçün 1992-93-cü illərə ekskurs edib və “o zaman insanlar gecə qorxudan bayıra çıxa bilmirdi, Silahlı Qüvvələrdən siyasi məqsədlər üçün istifadə edilirdi” deyib.

Polis məmuru bu fikri işlədəndə özünün siyasi məqsədlər üçün necə istifadə olunduğunun yəqin ki, fərqində olub. Lakin o, polis kimi nə qədər qeyri-peşəkardırsa, partiya funksioneri kimi də bir o qədər naşı görünür. Ancaq utanmasan, oynamağa nə var ki…

Cəbhə hakimiyyəti vaxtı gecə bayıra çıxmaqdan qorxmaq məsələsinə gəldikdə isə… Görünür, cənab Məmmədxanlıya xüsusi olaraq xatırlatmaq gərəkdir ki, 4 deputatın (Şahmərdan Cəfərov, Əli Ansuxski, Ziya Bünyadov, Afiyəddin Cəlilov), bir neçə generalın, Elmar Hüseynov kimi jurnalistin qətli, metroda 2 dəfə terror, “AZI”dəki qətliam Əliyevlərin hakimiyyəti zamanında olub, AXC hakimiyyəti dövründə yox.

Natiq