Rəsmi Bakının yayındığı sadələşdirilmiş viza müzakirələrinə İrəvan müsbət yanaşma göstərdi
Avropa Birliyinə (AB) üzvlük müraciəti belə olmayan Ermənistan sadələşdirilmiş viza hüququnun tanınması üçün hərəkətə keçib. AB Komissiyasının daxili işlər üzrə baş direktoru Stefano Manservisi və Ermənistanın Belçika və Avropa Birliyindəki səfiri Avete Adonts tərəfindən müzakirə olunan sadələşdirilmiş viza prosesinin təsdiqlənməsinin gələn il qüvvəyə minməsi planlaşdırılır.
Tərəflər arasındakı razılaşma qüvvəyə minərsə Ermənistan vətəndaşları üçün viza müraciətlərinin ödənişləri yarıbayarı azaldılacaq. Uşaqlar, QHT nümayəndələri və onların yaxınları bu rüsumdan azad olunacaqlar. İş adamları, böyük tonnajlı yük avtomobillərinin sürücüləri, jurnalistlər kimi Avropa Birliyi ölkələrinə tez-tez səyahət etməsi lazım olan peşə qruplarına uzun müddətli və çox girişli vizaların verilməsi asanlaşdırılacaq.
Razılaşma əldə olunsa viza müraciətlərində tələb edilən sənədlərin sayı azalacaq və cavab müddəti də qısaldılacaq.
Müqavilədə son hədəf olaraq Avropa Birliyinin Ermənistana viza azadlığı verməsi göstərilir. Ermənistan yaxşı niyyət kimi 10 yanvar 2013-cu il tarixindən etibarən AB vətəndaşlarından viza tələb etməmək qərarı çıxarıb.
Qeyd edək ki, Avropa Birliyi Azərbaycan hökumətinə sadələşdirilmiş viza rejiminin tətbiqinə dair danışıqların sürətləndirilməsini dəfələrlə təklif edib. Lakin rəsmi Bakı hələki müzakirələrin başlanmasına və sadələşdirilmiş viza rejiminin tətbiqinə sıcaq baxmır. Azərbaycan tərəfi hər dəfə müxtəlif bəhanələr gətirərək müzakirələrdən yayınır.